Giriş qadağandır
Foto: Qevorq Kazaryan
Qarabağ münaqişəsi cəmiyyətlərin demək olar ki, tam seqreqasiyasına gətirib çıxaran az sayda münaqişələrdən biridir. Münaqişə nəticəsində Qarabağ və Ermənistandan demək olar ki, bütün azərbaycanlılar köçdü, Azərbaycanı isə ermənilərin hamısı tərk etdi. Təbii ki, istisnalar var, xüsusən də bu, qarışıq ailələrə aiddir, amma istisnalar da qaydanı təsdiqləmək üçün mövcuddur.
Gürcüstan-Abxaziya, Gürcüstan-Osetiya, Dnestr yanı münaqişələrdə və hətta Balkanlarda və Yaxın Şərqdə olan digər münaqişələrdə qanlı müharibələrə və diplomatik həllərin olmamasına baxmayaraq, bu cür sərt seqreqasiya müşahidə olunmayıb.
“Düşmən” ərazisində yaşayan insanları həm Ermənistanda, həm də Azərbaycanda kimsə girov, kimisə hərbi əməliyyatların başlamamasına zəmanət, kimsə də etibarlı dialoqun qurulması üçün körpü kimi qəbul edir.
Qarabağ münaqişəsində bu körpü əvvəlcədən dağılıb. Müxtəlif məlumatlara görə, 1990-91-ci illərdə Ermənistan və Qarabağı 700 minə yaxın azərbaycanlı tərk edib, Azərbaycandan da öz növbəsində, 400 minə yaxın erməni köçüb.
Bu cür seqreqasiya elə bir vəziyyətə gətirib çıxarıb ki, iki xalqın nümayəndələri arasında adi ünsiyyət belə həmyerlilərin gözündə xəyanət kimi qəbul edilir. Bir ölkənin nümayəndəsinin “düşmən” ölkəyə gəlməsi isə həyati təhlükəyə bərabər tutulur.
Ermənistanda bu məsələ bu qədər kəskin durmur – azərbaycanlılara ölkəyə giriş qadağan deyil, müəyyən vaxt azərbaycanlılar rahat Ermənistan və hətta Qarabağa gedə bilirdilər və pis münasibətdən şikayətləri yoxuydu.
Azərbaycanda vəziyyət bir qədər fərqliydi – ermənilərin ölkəyə girişi dövlət səviyyəsində qadağandır. Düzdür, bu rəsmi şəkildə etiraf edilməsə də sərhəd xidmətlərində məmurlar gizlətmir ki, erməni soyadı olanlara ölkəyə giriş qadağandır.
Başqa ölkə vətəndaşlarının erməni soyadı daşıdığına görə Azərbaycana buraxılmaması ilə bağlı çoxsaylı faktlar var. Son hadisə anası və atalığı rus olan erməni soyadlı 8 yaşlı oğlanla bağlıdır.
Bundan başqa, Bakıda bu yaxınlarda Azərbaycanda bir neçə il ərzində işləyən Rusiya vətəndaşı, Avstriyanın “Do&Co” şirkətinin əməkdaşı olan və Bakıya ezamiyyətə gələn M.V.Uyeldanov həbs edilib. Onun ikinci soyadının Qalustyan olduğu üzə çıxandan sonra həbs etdilər.
Bu cür “tolerantlığın” fonunda sərhədin hər iki tayında əsirlərin, girovların və əks tərəfdə sığınacaq axtaranların taleyi lap acınacaqlı görünür. Sərhədin o tayında olmağın özü çoxları tərəfindən ölüm hökmünə bərabər, “düşmən” ölkəyə köçmə isə mürtədlik və dövlətə xəyanət kimi qəbul edilir.
Azərbaycan və Qarabağın hakimiyyətləri və qurumları arasında əlaqələrin olmaması təkcə bir çox situativ problemlərin həllində çətinlik törətmir, həm də iki xalq arasında uçurumu daha da dərinləşdirir. Bakı inadla Qarabağ hakimiyyətinin “səviyyəsinə enmək istəmir”, çünki istənilən əlaqənin Qarabağın müstəqilliyinin tanınmasına bərabər tutulacağını düşünür. Halbuki Gürcüstan və başqa ölkələrin təcrübəsi bunun tam əksini göstərir.
Son dövrlərdə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar daha çox “humanitar” məsələlərin ətrafında aparılır, daha doğrusu əsir və girovların qaytarılması ilə bağlı olur. O cümlədən Azərbaycan Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin vasitəsiylə 2014-cü ilin iyul ayında Qarabağda həbs edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılmasına nail olmağa çalışır. Xatırladaq ki, onlar Qarabağ ərazisində saxlanılıb, sərhədi qanunsuz keçməkdə, iki nəfərin qətlində ittiham edilib və uzun müddətli həbs cəzasına məhkum edilib. Stepanakert həbsxanasında saxlanılırlar. Vaxtaşırı onlara BQXK-nın nümayəndələri baş çəkir.
Azərbaycan Qarabağ hakimiyyəti ilə birbaşa əməkdaşlıq etməyə razılıq vermir və ona təzyiq üçün beynəlxalq əlaqələrindən istifadə edir. Misal üçün, Azərbaycan Rusiya rəhbərliyinə özünün Ermənistana təsirindən istifadə edib, yuxarıda qeyd olunan şəxsləri azad etməyi tələb etmək çağırışı ilə müraciət edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq şəkildə Ermənistan rəhbərliyindən Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırıb, Yerevan isə Stepanakerti göstərərək, birbaşa Qarabağ hakimiyyətinə müraciət etməyə çağırıb.
Humanitar məsələlərin həlli Qarabağ münaqişəsinin nizamlanmasında Rusiya təşəbbüsünün əsasını təşkil etdi. Xatırladaq ki, nizamlama ilə bağlı əsas danışıqlar ABŞ, Rusiya və Fransanın ATƏT-in Minsk qrupunda həmsədrliyi formatında baş verir. Amma Rusiya vaxtaşırı olaraq Moskva, Bakı və Yerevanın iştirakı ilə üçtərəfli format formalaşdırmağa cəhd göstərir.
Beləliklə, Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın təşəbbüsü əvvəldən daha çox siyasi deyil, humanitar məsələlərin həllini nəzərdə tuturdu. Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan prezidentləri əsirləri və ölənlərin cəsədlərini dəyişməyə razılıq verdilər. Məhz bu da 2011-ci ildə baş tutan Kazan görüşünün əsas nailiyyəti kimi qəbul edildi. Bu istiqamətdə müəyyən bir iş görüldü və hansısa bir anda tərəflər əsir və girovların ümumiyyətlə olmadığını bəyan etdilər.
Hazırda Azərbaycanda rəsmi məlumatlara görə, ancaq bir hərbi əsir var. Azərbaycan hakimiyyəti Dağlıq Qarabağ Respublikasının əsir vətəndaşı Arsen Baqdasaryanı 15 il həbs cəzasına məhkum etdi. Baqdasaryan təxribat törətməkdə ittiham olunur. Arsen Baqdasaryan 26 dekabr 2014-cü ildə həbs edilib.
2014-cü ildən sonrakı dövr ərzində Ermənistan və Azərbaycan tərəfində mütəmadi olaraq hərbi və mülki şəxslər olub. Hamısı da vətəninə qaytarılıb.
Bu yaxınlarda Qarabağda daha bir azərbaycanlı hərbiçi, 1995-ci il təvəllüdlü Elnur Hüseynov əsir düşüb. Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, o nizam-intizam qaydalarını pozduğuna görə ordudan tərxis edilib və ölkənin silahlı qüvvələrində xidmət etmir. Qarabağın Milli Təhlükəsizlik Xidməti isə bildirir ki, 1 fevral 2017-ci ildə azərbaycanlı hərbiçiləri qrupu Taliş kəndi istiqamətində təxribat cəhdi həyata keçirib. Qarabağ birləşmələri tərəfindən cəhdin qarşısı alınıb, elə həmin gün də Azərbaycan SQ-nin 157-ci motoatıcı briqadasının kəşfiyyat alayının hərbiçisi aşkar edilib və saxlanılıb.
Bu yaxınlarda Azərbaycanın Respublika talış mədəniyyət mərkəzinin üzvü, “Tolışi sədo” qəzetinin keçmiş işçisi Şahin Mirzəyev Ermənistan hakimiyyətindən sığınacaq istəyib. Yerevan sığınacaq verib.
Bundan öncə, 2016-cı ildə Bakı hakimiyyətinə eyni sığınacaq verilməsi xahişiylə Ermənistan vətəndaşı Vaan Martirosyan müraciət edib. Onun da xahişi təmin edilib.
Vaan Martirosyan bir neçə azərbaycanlı həmkarı ilə birlikdə guya məqsədi ermənilərlə azərbaycanlılar arasında körpülərin qurulması olan Sülh Platformasının yaradıldığını bildirdilər. Ermənistan tərəfindən bu platformaya qoşulmağa tələsmirlər. Bunu da onunla izah edirlər ki, Azərbaycanda ksenofobiya yüksək səviyyədədir – eyni vaxtda həm sülh haqqında danışmaq, həm də ancaq erməni soyadını daşıdığına görə insanlara ölkəyə girişi qadağan etmək olmaz.
Bununla belə, humanitar məsələlərin siyasi məsələlərdən ayrılması iki cəmiyyət arasında real körpülərin qurulması üçün yaxşı platforma ola bilərdi.