Armen və Stepanakertdəki “Su aləmi”
Armen Hakopyanın həyatı artıq beş ildir ki, tamamən xəyallarının biznesi ilə bağlıdır – o, tanınmamış Dağlıq Qarabağ Respublikasında (DQR) “Su aləmi. Stepanakert” mağazasını inkişaf etdirir, orada balıq və akvarium aksessuarları satır.
Yerevanda “Üçüncü sahə” rayonunda yerləşən bazar günü bazarında onu “artsaxlı Armen” kimi tanıyırlar.
Burada o, Stepanakertdəki [Azərbaycanda bu şəhər Xankəndi adlandırılır] mağazası üçün əsas topdan alış-verişi edir.
“Danio”, “qurami”, “neon”, “ternetsiya”, “skalyariya” kimi əsrarəngiz sözlərin onun üçün xüsusi anlamı var.
“Mən akvarium balıqları haqda hər şeyi bilirəm. Demək olar ki, elmi səviyyədə”, – Armen deyir.
Armen hər dəfə yeni mal üçün Yerevana tez-tez gəlməli olur, orta hesabla ayda üç dəfə. Adətən o, səfər üçün şənbə gününü seçir ki, səhər tezdən artıq bazarda olsun.
Alış-veriş işini günortaya qədər bitirməlidir ki, axşama qədər Stepanakertə çatsın. Mağazasının yeni sakinlərini dərhal yerlərinə çatdırmaq, növlərə ayırmaq və yerləşdirmək lazımdır.
Səhəri gün isə onun artıq başqa işləri olur. İnəkləri örüşə göndərmək üçün Malıbəylidə (Stepanakertin hazırda Açapnyak adlanan rayonu) olmalıdır. Mağaza Armenin yeganə biznesi deyil.
Onun 27 yaşı var və 18 yaşında, atası vəfat edəndən sonra ailəsinin qayğısını öz üzərinə götürməli olub. Amma heyvanlarla bağlı biznesə daha əvvəl başlayıb.
“16 yaşında mən evdəkilərdən gizlin yığdığım pulla cücə aldım və onları gizli yerdə saxladım. Evdə kimsə bilsəydi, danlayardılar ki, mən nə ilə məşğulam, çünki mənim üçün başqa gələcək görürdülər”.
Pulu öz zəhməti ilə toplayıb. Əvvəlcə çörək sexində işləyib, sonra evlərə sifarişləri çatdırmağa və gecə qarovulçusu kimi də qazanmağa başlayıb.
Məktəbi bitirəndən sonra inəklərlə və toyuq-cücə ilə bağlı biznesini davam etdirib, paralel olaraq Ermənistan Aqrar Universitetinin Stepanakert filialında təhsil alıb.
“Akvarium balıqları ilə işləmək məni maraqlarımla birləşdirdi: təbiətə və heyvanlara sevgi, eyni zamanda onları öyrənmək və tədqiq etmək arzusu. Daha bunun mənim çoxdankı öz işimi açmaqla bağlı qərarımın reallaşdırılması olmasından danışmıram”, – Armen deyir.
Onun avkvarium balıqları, ev heyvanları və onlar üçün müxtəlif aksessuarlar mağazası artıq beş ildir ki işləyir.
“İkinci Qarabağ müharibəsinin [27 sentybr-10 noyabr, 2020] ilk günlərindən qardaşım, kuzenlərim, hamısı cəbhəyə getdilər. Mən isə Stepanakertdə qaldım ki, ehtiyacı olanları sığınacaqlarda yerlərlə təmin etməkdə kömək edim, onların qida problemlərini həll edim. Müharibə zamanı burada çox çətin idi, amma mən məhz burada lazım idim”, – Armen deyir.
O, hər gün mağazaya gəlib, balıqları yemləməyə də imkan tapırdı. Akvariumların olduğu bina bombalanıb, amma balıqlar salamat qalıb.
Müharibəyə qədər Armen Kəlbəcərdə inək sürüsü də saxlayırmış. O, bir neçə malı xilas edə bilib, onları piyada Stepanakertə qədər qovub. İndi Malıbəylidə onun ondan çox inəyi var.
Armenə bu işlərdə sevgilisi kömək edir, onun adı Lusindir. Armen inəklərlə məşğul olanda, ya da Yerevana gedəndə Lusin onu mağazada əvəz edir.
“Mən heç getməzdim. Ora (Yerevan) xoşuma gəlmir, şəhərin səs-küyündə və gərginliyində mən sadəcə boğuluram”, – Armen deyir. Bundan sonra necə olacaq sualına belə cavab verir: “Nikbin olmaq və çox işləmək lazımdır”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.