Gərginlik artır: 6 erməni əsir, vəziyyətin Yerevandan və Bakıdan fərqli yozumu
Mayın 27-də səhər Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın altı hərbçisinin əsir götürüldüyü haqda xəbər verib. Ermənistan tərəfi bu informasiyanı təsdiqləyib. Amma Azərbaycan Müdafiə Nazirliyi Azərbaycanın Kəlbəcər rayonunda diversantlar əsir götürüldüyünü bildirib, Ermənistanın hərbi qurumunun məlumatına görə isə erməni hərbçilər Ermənistan ərazisində mühəndis işləri həyata keçirərkən mühasirəyə alınıb və əsir götürülüblər.
Bakıdan informasiya
Azərbaycanın Müdafiə Nazirliyinin məlumatında deyilir:
“Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.
Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.
Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb”.
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Twitter akkauntunda yazıb ki, Azərbaycan Ermənistan SQ-in Azərbaycan ərazisində diversiya əməliyyatını Yerevanın Qarabağ üzrə 2020-ci il 10 noyabr üçtərəfli bəyanatını pozması kimi dəyərləndirir.
Daha sonra Azərbaycan XİN-in rəsmi bəyanatı yayılıb və orada bildirilir ki, Ermənistan iki ölkə arasındakı dövlət sərhədində gərginliyi qəsdən artırmaq siyasəti yürüdür:
“Azərbaycan Ermənistanın illər ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri Azərbaycan hərbçilərinin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükə ola bilərdi.
Azərbaycan, Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyir.
Azərbaycanın sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir. Ermənistan iki ölkənin sərhədində gərginliyin artırılmasına yönəlmiş əməllərdən çəkinməli və qonşu dövlətin sərhədlərinə hörmətlə yanaşmalıdır”.
Yerevandan informasiya
Ermənistanın Müdafiə Nazirliyi diversiya cəhdi haqda məlumatı təkzib edir və bildirir ki, əsir götürülmüş hərbçilər Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Güqarkunik vilayətində mühəndis işləri aparırmışlar. Qurumun bəyanatında qeyd olunur ki, əsir düşmüş hərbçilərin qaytarılması üçün tədbirlər görülür.
Ermənistan XİN də bəyanat yayıb və bildirib ki, “Azərbaycanın hırbi hissələri təxribat əməlləri törətməyə davam edir” və əsir götürülmüş erməni hərbçilər dərhal qaytarılmalıdır:
“Azərbaycanın hərbi-siyasi rəhbərliyinin həyata keçirdiyi təxribat əməlləri vəziyyəti daha çox gərginləşdirmək məqsədi daşıyır ki, bu da regional sülhü və stabilliyi ciddi təhlükə altına qoya bilər”.
“Azərbaycanın məqsədi – hərbi münaqişə başlatmaq”
Baş nazir əvəzi Nikol Paşinyan sərhəddə baş verən hadisəni “Ermənistan Respublikası ərazisindən erməni əsgərlərin oğurlanması” kimi dəyərləndirib:
“Bizim hərbçilərimiz Azərbaycanla sərhədin təchizatı üzrə iş aparıb, xəbərdarlıq nişanları qoyulmaqla minalama işləri aparıb, diversiya məqsədi olmayıb. Hadisə bizim ərazimizdə baş verib”.
Paşinyanın fikrincə, bu cür hadisələr ona görə baş verir ki, “kimsə bizim Azərbaycan hərbçilərinin ərazimizdə olması ilə barışmağımızı istəyir, amma bu olmayacaq”.
O, vəziyyəti Azərbaycan tərəfinin bütün yollarla hərbi münaqişə başlatmaq cəhdi kimi qiymətləndirir. Amma onun sözlərinə görə, Ermənistan tərəfi bu təxribatlara uymaq niyyətində deyil.
“Müttəfiqlərin qeyri-operativ reaksiyasının nəticəsi”
Parlamentin “Mənim addımım” iqtidar fraksiyasının rəhbəri Lilit Makunts da hesab edir ki, Ermənistan hərbçiləri öz ölkələrinin ərazisindən oğurlanıblar.
O bildirib ki, Ermənistan hərbçilərinin əsir götürülməsi Ermənistanın müttəfiqlərinin ləngliyinin nəticəsidir. Söhbət Ermənistanın daxil olduğu və Rusiyanın liderliyi altında fəaliyyət göstərən KTMT hərbi blokundan gedir.
“Gələcək eskalasiyanın və toqquşmaların qarşısını almaq üçün Ermənistanın da bir hissəsi olduğu həmin təhlükəsizlik sistemi, Cənubi Qafqazda suveren Ermənistana qarşı bu cür yolverilməz əməllərdən narahat olan həmin beynəlxalq tərəfdaşlar dəqiq qiymət verməlidirlər”.
Ermənistan hakimiyyəti 12 may hadisələrindən sonra hərbi yardım göstərilməsi haqda məsələhətləşmələrin başlaması üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. Məsələ burasındadır ki, Azərbaycan SQ Sünik və Geqarkunik vilayətləri istiqamətində Ermənistan ərazilərinin dərinliklərinə doğru bir neçə kilometr irəliləyib.
Ermənistan tərəfinin tələbinə baxmayaraq, Azərbaycan hərbçiləri geri çəkilmir. Ermənistan və Azərbaycan hərbçiləri arasında uzun müddət danışıqlar aparılıb, amma heç bir nəticə əldə edilməyib.
Mayın 26-da Nikol Paşinyan artıq bildirib ki, əgər KTMT mexanizmi Azərbaycanla sərhəddəki problemin həllinə imkan verməyəcəksə, Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasına müraciət edəcək. O həmçinin deyib ki, KTMT-nin reaksiya sürəti Ermənistanı təmin etmir, çünki indiyə qədər təşkilat bu məsələ ilə bağlı öz dəqiq mövqeyini açıq səsləndirməyib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı SSRİ dağılandan dərhal sonra, 1992-ci ildə yaradılan regional beynəlxalq strukturdur. Gürcüstan, Azərbaycan və Özbəkistan tezliklə KTMT-ni tərk edib. İndi təşkilatın altı üzvü Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistandan ibarətdir.