Abxaziya: 2016-cı ilin beş əsas siyasi hadisəsi
Abxaziyada 2016-cı ildə siyasi mövsüm iqtidarla müxalifətin permanent qarşıdurması altında keçdi.
Bütün il boyu müxalifət qüvvələri bloku prezident Raul Xadjimbaya darıxmağa qoymurdu və inadla könüllü şəkildə istefa verməyini tələb edirdi.
Abxaziya rəhbəri isə bunu etməyə hazırlaşmır və opponentləri il razılığa gəlməyə çalışırdı. İlin axırına yaxın kompromis tapıldı.
Bu çəkişmələrin qısa icmalı:
Epizod 1. Daxili İşlər Nazirliyinə hücum
Hər şey iyulun 7-də Suxum filarmoniyasının binasının yaxınlığında yerləşən bağda baş tutan “Amtsxara” müxalifət partiyasının növbədənkənar qurultayından başladı.
Daha çox mitinqə oxşayan qurultay hakimiyyətdən müxalifətin özünün təşəbbüskarı olduğu Abxaziya prezidenti Raul Xadjimbaya etimad referendumunun payıza keçirilməsini tələb etdi.
Müxalifət həm də DİN-nin iclaslarından birində işçilərinə prezidentə etimad səsverməsində iştirak etməyi qadağan edən daxili işlər naziri Leonid Dzapşbanın istefasını tələb edirdi.
Müxalifət nümayəndələri dövlət başçısı ilə görüşüb, ona öz tələblərini çatdırdıqları vaxt mitinq iştirakçıları filarmoniyadan DİN-in binasına tərəf gəldilər.
Maşın və trosun vasitəsiylə darvaza dağıdıldı və kütlə binaya hücum çəkdi. Milis işçiləri onun qarşısını almağa çalışdı, amma nümayişçilər artıq daş və əllərinə keçən hər şeyi atmağa başlayanda, onlar geri çəkilməli oldular. Bununla belə, mitinq iştirakçıları binanın içinə girə bilmədilər.
Axşam saat 11-də nazirlik binasının yanına vitse-prezident Vitali Qabniya gələrək, Leonid Dzyapşbanın daxili işlər naziri vəzifəsindən müvəqqəti uzaqlaşdırılması haqda prezidentin fərmanını oxudu. İnsanlar yavaş-yavaş dağılışmağa başladı. Düzdür, prezident Raul Xadjimba müxalifətin referendumun payıza keçirilməsi barədə tələbini yerinə yetirmədi.
https://youtu.be/zlvAWbpWyeY
Epizod 2. Referendum
Müxalifətin Abxaziya prezidentinin referendum vaistəsiylə hakimiyyətdən getməsi ideyası əvvəlcədən utopiyanı xatırladırdı. Ən azı ona görə ki, mövcud qanunvericiliyə görə, dövlət başçısını istefaya ancaq iki halda göndərmək olar – impiçment prosedurası vasitəsiylə və ya prezidentin şəxsən yazdığı istefa ərizəsini təmin etməklə.
Referendum vasitəsiylə ən yaxşı halda tövsiyə etmək olar. Amma bu cür “məsləhətçi” olmaq üçün də seçicilərin sayı siyahı tərkibindən 50 faiz üstə gəl bir səs təşkil etməlidir. Ən böyük problem də məhz burada idi, cəmiyyətin siyasi proseslərə və siyasətçilərə olan tam biganə münasibəti fonunda bu həddi aşmaq mümkün deyildi.
Əslində lazımi sayda seçicilərin səsvermə qutularına qədər gəlib-gəlməyəcəyi məsələsi artıq referendum ərəfəsində öz aktuallığını itirdi. Səsverməyə bir gün qalmış müxalifət qüvvələri blokunun özü referendumu boykot etdiyini bildirdi. Əvvəl hakimiyyət referendumda maraqlı deyildi, indi isə o müxalifətə də artıq lazım olmadı. Bununla belə, referendumu nə ləğv etdilər, nə də təxirə saldılar, çünki Abxaziya Konstitusiyasında belə bir prosedura nəzərdə tutulmayıb.
Nəticədə aksiyaya 9 milyon rubl xərcləndi [təxminən $140,000], Ginnesin rekordlar kitabında “Ən uğursuz referendum” fəslində bir sətir (1% seçici iştirak edib) yazıldı və mənim absurd teatrının banisi Semuel Bekketin bu, abxazların hamılıqla öz referendumlarını boykot etdikləri, bütün mənalarda qəribə günə qədər yaşamaması haqda dərin təəssüflərim qaldı.
Epizod 3. Hökumətin istefası
Müxalifətin referendumla bağlı təşəbbüsü uğursuzluqla nəticələnsə də, prezident Raul Xadjimba öz zəifliyini hiss edirdi. Opponentləri ilə ümumi dil tapmaqla bağlı növbəti cəhdi ona daha geniş siyasi tərkibi olan yeni hökumətin formalaşdırılmasının vacibliyini anlatdı.
Nəticədə baş nazir Artur Mikvabiya istefaya göndərildi, onu əvəz edən Beslal Bartsis dövlət başçısından kart-blanş alaraq, Abxaziyanın müxtəlif siyasi təşkilatları, o cümlədən də müxalifət qüvvələrin bloku ilə kuluar danışıqlarına başladı.
İki həftədən çox sürən məsləhətləşmələr bir nəticə vermədi. Müxalifət sonda təklif olunan portfellərdən imtina etdi.
Epizod 4. Müxalifətin xalq yığıncağı
Prezident Raul Xadjimba ilə dil tapa bilməyən “Amtsxara” müxalifət partiyası özünün növbədənkənar iclasında prezidentin vaxtından əvvəl istefasını tələb etdi. Prezidentin bu ultimatumla razılaşmadığı halda müxalifət ümumxalq toplantısı keçirəcəyini dedi. Xadjimba postunu tərk etməyə razılıq verməyəndən sonra isə tədbirin vaxtı da təyin edildi – 15 dekabr.
Müxalifət öz tərəfdarlarını prezident sarayından bir məhəllə aralıda yığdı. Prezidentin tərəfdarları da öz növbəsində, Abxaziya üçün çox soyuq olan qış havasında dövlət başçısının iqamətgahının qarşısında toplaşdılar. İki mitinqin arasında milis dayanmışdı, daxili işlər naziri Aslan Kobaxiya əvvəlcədən ona asayişi silahsız qorumaq əmri vermişdi.
Mitinqlərlə eyni vaxtda əvvəl parlamentin, sonra da müdafiə naziri Merab Kişmariyanın vasitəçiliyi ilə müxalifət nümayəndələri ilə prezident arasında danışıqlar başlandı.
Danışıqlar bitəndən sonra müxalifətçilər tərəfdarlarının yanına yollandılar. Müxalifət lideri Aslan Bjaniya bildirdi ki, dövlət başçısı müxalifət nümayəndələrinə baş nazirinin birinci müavini, Baş prokuror, Konstitusiya məhkəməsinə iki, MSK-nın yeni tərkibinə dörd namizəd vəzifələrini tutmağı təklif edib.
Gecə saat üçdə kompromisə gələn və hakimiyyətin təklifi ilə razılaşan dram teatrının yaxınlığındakı insanlar dağılışmağa başladılar.
Epizod 5. Kompromis?
Hadisələrdən bir neçə gün sonra prezident Raul Xadjimba ilə müxalifət arasındakı razılaşmalar kağızda da öz əksini tapdı.
Razılaşmaya əsasən, parlament artıq MSK-ya müxalifətin dörd nümayəndəsini və müxalifət qüvvələri bloku tərəfindən məsləhət görülən iki hüquqşünası Konstitusiya Məhkəməsinin hakimləri postuna seçdi.
Yaxın zamanlarda müxalifətin məsləhəti ilə prezident parlamentə baş prokuror vəzifəsinə yeni namizəd təklif edəcək, həm də müxalifət nümayəndələri arasından yeni baş nazir təyin edəcək. Bu güzəştlərin əvəzində də müxalifət öz üzərinə prezidentin konstitusion səlahiyyətləri bitənə qədər onun istefasını tələb etməmək öhdəçiliyini götürür.
Düzdür, heç də bütün müxalifət təşkilatları bu kompromisi dəstəkləmədi. “Aytayra” və “Qadınlar siyasətdə” təşkilatlarının liderləri Leonid Lakerbaya və İrina Aqrba kompromis razılaşmanı dəstəkləməkdən imtina etdilər və deməli bundan sonra da prezidentin vaxtından əvvəl istefasını tələb edəcəklər.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər
Dərc olunub 30.12.2016