“Zəngəzur” dəhlizi uğrunda qiyabi döyüş: Azərbaycan və Ermənistanda nə danışırlar?
Azərbaycanın dövlət televiziyasına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev ölkənin əsas hissəsini evksklavı Naxçvanla birləşdirməli olan “Zəngəzur dəhlizi” məsələsinə toxunub. Əliyevin sərt bəyanatı Ermənistanda kəskin reaksiya doğurub.
- Rusiya sülhməramlıları Qarabağda parada hazırlaşır – rəsmi Bakı susur
- Yeni köhnə sərhəd: Ermənistan kəndləri niyə Azərbaycan ərazisində qalıb?
- Azərbaycanla Türkiyə arasında ittifaq müqaviləsi nə qədər inandırıcıdır? – Bakıdan şərh
Əliyev nə deyib?
AzTV-ə müsahibəsində prezident İlham Əliyev deyib:
“Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq.
Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Üçtərəfli razılaşmada nə deyilir?
Azərbaycan və Rusiya prezidentləri, o cümlədən də Ermənistanın baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya əsasən Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək nəqliyyat xətti Ermənistan ərazisindən keçəcək.
Razılaşmanın doqquzuncu maddəsində deyilir:
“Regionda bütün iqtisadi və nəqliyyat əlaqələri açılacaq. Ermənistan Respublikası hər iki istiqamətdə vətəndaşların və yüklərin maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX Sərhəd Xidməti həyata keçirir.
Tərəflərin razılaşdırmasına əsasən, Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Ermənistandan reaksiya
XİN-in cavabı
Azərbaycan prezidentinin bəyanatını Ermənistan XİN mtbuat katibi şərh edib. Amma Naqdalyanın sözlərinə görə, Ermənistan öz suverenliyini və ərazi bütövlüyünün müdafiəsi üçün lazım olan bütün tədbirləri görəcək:
“Bu cür bəyanatlar regional sülhə və stabilliyə ciddi xələl yetirir. Onlar Azərbaycanın az əvvəlki sülh və barışıq haqda bəyanatlarının yalan xarakterini açır. Qeyd etmək lazımdır ki, bu cür təhdidlər erməni soyqırımının ildönümü ərəfəsində səslənir və erməni xalqı ilə güc mövqeyindən danışmaq məqsədi güdür. Biz Cənubi Qafqazda süldə maraqlı olan strateji müttəfiqimizlə, o cümlədən də bütün tərəfdaşlarımızla mütəmadi təmasdayıq”.
Ombudsmenin cavabı
Ermənistanın insan haqları müdafiəçisi Arman Tatoyan bildirib ki, Azərbaycan prezidentinin “Zəngəzur dəhlizi” haqda bəyanatı soyqırım siyasətinin sübutudur:
“Bu, bütün Ermənistan əhalisinin qorxudulmasıdır ki, bu da beynəlxalq hüquqla qəti qadağan edilib. Bütün bunlar tarixi faktların açıq təhrifi, Zəngəzurun guya Azərbaycan ərazisi kimi təqdim olunması yolu ilə edilir”.
Ermənistanın insan haqları müdafiəçisi hesab edir ki, Azərbaycan prezidenti xüsusən 2020-ci il sentyabr-noyabr müharibəsindən sonra faşist siyasətindən xəbər verən bəyanatlar edir:
“Ermənistanın insan haqları müdafiəçisi aparatının peşəkar tədqiqatları təsdiqləyir ki, Azərbaycanın məhz bu dövlət siyasəti müharibə zamanı və sonra Azərbaycan silahlı qüvvələrinin Ermənistan tərəfinin dinc sakinlərinə və hərbçilərinə qarşı həyata keçirdiyi vəhşiliklərin, diri-diri baş kəsmələrinin, işgəncələrin və digər hərbi cinayətlərin əsasında durur”.
Ombudsmen növbəti dəfə beynəlxalq strukturları “bu soyqırım və faşizm” bəyanatlarına diqqət yetirməyə çağırıb. O hesab edir ki, məhz beynəlxaq ictimaiyyətin susması Azərbaycan tərəfindən erməni xalqına qarşı yeni qəddarlıq hallarına və çoxsaylı insan haqları pozuntularına gətirib çıxarıb.
Baş nazirin cavabı
Nikol Paşinyan hesab edir ki, Azərbaycam prezidenti öz ritorikası ilə regional kommunikasiyaların açılması prosesini pozmaq istəyir:
“Azərbaycan rəhbərliyinin təxribatçı və yövdəmsiz bəyanatları fonunda vəziyyət daha da kəskinləşir. Bu bəyanatlar bir-biri ilə ziddiyyətlidir. Bir tərəfdən Azərbaycan prezidenti bildirir ki, Ermənistana qarşı ərazi iddiası yoxdur, digər tərəfdən güclə “Zəngəzur dəhlizinin” açılmasından danışır”.
Ermənistanın baş naziri həmçinin hesab edir ki, beynəlxalq strukturlar bu cer təxribatçı çıxışlara ciddi reaksiya verməli və qarşısını almalıdır.
O, yenidən vurğulayıb ki, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatında “Zəngəzur”, yəni Ermənistanın Sünik vilayəti qeyd olunmayıb və söhbət sadəcə regional kommunikasiyaların açılmasından gedir:
“11 yanvar [2021-ci il] Moskva bəyanatında biz nə baş verməli olduğunu dəqiq qeyd etmişik. Əgər Azərbaycan “Zəngəzur dəhlizi” haqda danışırsa, o zaman Ermənistan rəhbırliyi Naxçıvan dəhlizi, Şimali Azərbaycan dəhlizi haqda danışa bilər. Ermənistanın Azərbaycan ərazisində əldə etdiyi “dəhlizin” eynisini Azərbaycan da ala bilər”.
Azərbaycandan reaksiya
XİN-in cavabı
Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın xarici siyasət qurumunun bəyanatını şərh edib.
AR XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib ki, dövlət başçısı “hər zaman olduğu kimi, fikirlərini kifayət qədər aydın və konkret şəkildə ifadə edib”.
“Əgər Ermənistan XİN-i eşitdiklərini istədiyi şəkildə yozaraq təqdim etmək istəyirsə, bu artıq onların mənfur niyyətinin göstəricisidir.
Dövlət başçımızın fikirlərini təfsir etmək istəyənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan Prezidenti 20 aprel tarixli müsahibəsində Azərbaycana qarşı Ermənistanda baş qaldıra biləcək revanşizmdən və ərazi bütövlüyümüzə ola biləcək təhdidlərdən bəhs edib və “əgər mümkün təhdidi təsbit etsək, onu məhv edəcəyik… çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir” – deyə vurğulayıb.
Bu isə Ermənistan XİN-in iddia etdiyi kimi, Ermənistanın ərazi bütövlüyünə təhdid deyil, əksinə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə ola biləcək hər hansı təhdidi cavablandırmaq qətiyyətimizin göstəricisidir.
Xatırlatmaq istərdim ki, dövlət başçısı müsahibəsində, eyni zamanda Azərbaycanın əməkdaşlığa hazır olduğunu söyləyib, Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində törətdiyi soyqırımı və tarixi, mədəni, dini abidələrimizin dağıdılmasına rəğmən bizim gələcəyə baxmalı olduğumuzu vurğulayıb.
Dəfələrlə və ən yüksək səviyyədə bəyan edildiyi kimi, Azərbaycan beynəlxalq hüququn prinsipləri, xüsusilə də dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasına hazırdır.
10 noyabr 2020 və 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli bəyanatların icrası da elə məhz buna xidmət edir. Ermənistan isə təəssüf ki, üçtərəfli bəyanatın icrası əvəzinə, yalan və iftira dolu fikirləri ilə həm öz əhalisini zəhərləyir, həm də beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır” – o deyib.
“Dəhlizin” inşası başlayıb?
Bəzi Azərbaycan KİV-də Türkiyə dövlətinin “Zəngəzur dəhlizinin” inşasına başlanıldığını elan etdiyi haqda xəbər yayılıb.
Rəsmən bu məlumat təsdiqlənməyib.