Lavrova naqolay sual: jurnalist niyə işdən azad edilib?
Hər şey Rusiya xarici işlər naziri Sergey Lavrovun 2016-ci ilin yekunlarına dair mətbuat konfransıyla başladı. Konfransda Azərbaycanın “Lider” kanalının Moskva müxbiri Anar Həsənov Rusiya xarici işlər nazirinə “Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlayacağı və işğal olunmuş əraziləri işğalçılardan təmizləyəcəyi təqdirdə Moskva necə hərəkət edəcək: buna göz yumacaq, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaq?” sualını verdi. Nazirin “Dağlıq Qarabağ ərazisində güc əməliyyatlarının və döyüş hərəkətlərinin keçirilməsi Azərbaycanın daxili işi deyil” cavabı və sonrakı hadisələr isə son günlər medianın əsas müzakirə mövzusu oldu.
Lavrovun açıqlamasına ilk rəsmi reaksiya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovdan gəldi:
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bütün beynəlxalq ictimaiyyət tanıyır və dəstəkləyir. O ki qaldı sülh prosesinə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üçün beynəlxalq platformadır. Münaqişənin həlli ilə əlaqədar beynəlxalq təşkilatların beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan çoxsaylı qərar və qətnamələri var”.
Məmmədyarov bu açıqlamanı versə də, növbəti günlərdə mətbuat Lavrova sual verən jurnalist Anar Həsənovun Rusiyanın Azərbaycandakı səfiri Polad Bülbüloğlunun sifarişi ilə işdən çıxarıldığını yazdı: “Səfir hesab edib ki, jurnalistin xarici işlər nazirinə verdiyi bu sual və nazirin suala açıq cavab verməsi iki ölkənin dostluq münasibətlərinə xələl gətirib. Səfir jurnalistin sualını “təxribatçı sual” kimi dəyərləndirib və bu cür sual verdiyinə görə onun ünvanına ağır sözlər işlədib, hətta jurnalisti təhqir etməkdən də çəkinməyib”.
Son 4 gündə mətbuatın gündəmindən düşməyən Anar Həsənov məsələ ilə bağlı zəngimizə cavab verib, işi olduğunu, bir azdan danışa biləcəyini dedi. Lakin sonradan zəngləri cavabsız qoydu. Mətbuata daha əvvəlki açıqlamasında isə o, işdən çıxarıldığını təsdiqləyib: “Məni “Lider TV”-dən işdən çıxarıblar. Artıq bu televiziya kanalında işləmirəm. Bu barədə yayılan xəbərlər doğrudur. Ancaq hələ ki, əlavə şərh vermək istəmirəm”.
Azərbaycanın Rusiyadakı Səfirliyindən yazılanlarla bağlı “Ölkə.Az”-a bildiriblər: “Səfirlik öz işi ilə, diplomatik fəaliyyətilə məşğuldur. “Lider TV” isə müstəqil telekanaldır, özləri bilir, kimi işdən çıxarır, kimi işə götürürlər”.
“Lider” Tv-nin xəbər departamentinin rəisi Anar Şükürov isə “JAMnews”a Anar Həsənovun işdən çıxarılmasının məlum sualla bağlı olmadığını deyib:
“Anar Həsənovun işdən çıxarılması “Lider”in daxili işidir. “Lider”dən bir neçə gün əvvəl də başqa bir işçi ayrılıb. Hər bir müəssisədən zaman-zaman işdən çıxarılan və işə götrülən adamlar olur. Bu, sadəcə təsadüfdür. Polad Bülbüloğlunun sifarişinə gəlincə, mən departament rəisi olaraq, bizim televiziyanın işinə onun müdaxilə etdiyini eşitməmişəm”.
Anar Şükürov həmkarının işdən çıxarılma səbəbini açıqlamasa da, jurnalistin verdiyi sualın telekanalın mövqeyini əks etdirmədiyini qeyd edib.
Doğrudanmı, Azərbaycanda hökumətyönlü media hesab olunan “Lider” Tv-nin müxbiri Lavrova bu sualı redaksiya ilə məsləhətləşmədən verib?
Siyasi şərhçi Azər Rəşidoğlu: “Hesab etmirəm ki, “Lider” Tv-nin jurnalisti Lavrova bu sualı kanal rəhbərliyi ilə razılaşdırılmadan verə bilərdi. Onun işdən çıxarılmasını isə birbaşa Rusiya tələb etməyib. Sadəcə hansısa məmur “molodes sobaka” ənənəsinə sadiq qalaraq, jurnalisti cəzalandırmaq istəyib. Lakin bunun hansı nəticələrə səbəb olacağını hesablaya bilməyib”.
Azər Rəşidoğlu başqa dövlətlərin Azərbaycanın daxili işlərinə müdaxiləsinin varlığını və bunun biabırçı hal olduğunu söyləyir:
“Rusiyanın və ya Türkiyənin təzyiqindən ehtiyat edərək, Azərbaycanda jurnalistin həbsi (məsələn, Rauf Mirqədirov), telekanalın (ANS) və ali məktəbin (Qafqaz Universiteti) bağlanması, jurnalistin işdən çıxarılması birbaşa ölkənin daxili işlərinə kənar müdaxilənin olduğunu göstərir. Bu isə rüsvayçı haldır. Yuxarının və ya xarici ölkənin tapşırığı ilə jurnalisitini işdən çıxaran media rəhbərinin siması və əxlaqı yoxdur. “Zerkalo”da işlədiyim zamanlar ardıcıl surətdə mənim işdən çıxarılmağımla bağlı Elçin Şıxlıya təzyiq edilirdi. Lakin o, bütün bu təzyiqlərə qısa və lakonik cavab verirdi”.
Səfir Polad Bülbüloğlunun adından yayılan xəbərdə diqqətçəkən məqam jurnalistin iki ölkənin arasındakı dostluq münasibətlərinə xələl gətirdiyi və sualın “təxribatçı sual” olduğunun vurğulanmasıdır. Ümumiyyətlə, jurnalistin iki ölkənin dövlət maraqları naminə hər hansı sualı verməmək kimi bir öhdəliyi varmı? Və jurnalist bu kimi konfranslarda verdiyi sualları redaksiya ilə məsləhətləşmədən verə bilməzmi?
Media eksperti, “Median.cafe”nin redaktoru Rövşən Əliyev bildirir ki, belə tədbirlərdə sualların redaksiya ilə razılaşdırılması prinsipial məsələ deyil: “Belə bir müqayisə edək. Sürücü maşına əyləşib, sürürsə, mənzil başına çatana qədər dəqiqəbaşı dayanıb, zəng edib, müdirdən soruşmamalıdır ki, burda dayanımmı, burda sürəti artırıb-azaldımmı, burda filan maşına yol verimmi? Yəni plan ayrı şeydir, qaydalar ayrı. Redaksiya mövzunu planlaşdırır. Jurnalist mövzunu aydınlaşdırmağa kömək edən suallar qoymalıdır. Bu sual Lavrovamı veriləcək, yerli ekspertəmi nə fərqi? Jurnalist üçün yüksəkçinli məmur da, aşağıçinli məmur da, adi hadisə iştirakçısı da, hər dəqiqə telefon açıb, söz soruşacağı ekspert də eynidir”.
Verilən sualın dövlətlərarası dostluq münasibətinə xələl gətirməsinə gəlincə, “Jurnalistlərin dövlətlərarası münasibətləri düzəltməsinə, yaxud korlamasına aid bir iddia varsa, buna ciddi şübhə etmək lazımdır. Ya dövlət anlayışı təhrif olunub, ya da jurnalistka anlayışı. Kimsə siyasi uğursuzluğu üçün günah keçisi axtarır və ya kimsə öz işi ilə məşğul olmur. Konkret bu halda, jurnalist öz işi ilə məşğul olub. Sual verib. Siyasi bəyanat versəydi, onun cəzalandırılmasını anlamaq olardı”- deyir ekspert.
O, demokratik ənənələri olan ölkələrlə avtoritar ölkələrin jurnalistikaya münasibətinin fərqli örnəyindən də söz açır:
“Təsəvvür edin, 2003-cü ildir. Amerika Birləşmiş Ştatları İraqa qoşun yeritmək istəyir. Belə bir vaxtda İraq TV-sinin bir əməkdaşı “ABŞ-ın mövqeyini səsləndirək” desə, onun başına nə oyun gətirərdilər? 2003-cü ilin yazında Birləşmiş Ştatlar və Böyük Britaniya İraqa qoşun yeridən ərəfədə CBS telekanalının aparıcısı Dən Rəder (Dan Rather) və prodüseri Cim Mörfi (Jim Murphy) Səddam Hüseyndən müsahibə götürmüşdülər. Müsahibəni Səddam Hüseyn ağır şərtlərlə vermişdi. Yalnız onun kameramanları çəkməli idi, yalnız onun tərcüməçisi dediklərini çevirməli idi və sair. Müsahibə həm İraqda, həm Birləşmiş Ştatlarda yayımlandı. Beləliklə, dünya ictimaiyyəti Səddam Hüseynin də mövqeyindən xəbər tuta bildi. Buşun və Blerin mövqeyi aydın idi. Bununla belə, Buş hökuməti müsahibənin əvəzini çıxmaq üçün CBS telekanalından vaxt istədi. Ancaq hökumət yüksək vəzifəlilərin yox, mətbuat katibinin efirə çıxmasını təklif elədiyinə görə, telekanalla razılıq əldə olunmadı. Gördüyünüz kimi, nə jurnalisti milli maraqları satmaqda günahlandıran oldu, nə TV-ni satqın sayıb üstünə gedən. Xəbər almaq, mövqe soruşmaq – bunlar niyə dövlətlər arasında münasibətlərə xələl gətirməlidir ki?”
Ekspert “təxribatçı sual” anlayışını isə belə şərh edir:
““Təxribatçı sual” sözünü təfəkkürcə serjant ranqından yuxarı yüksələ bilməyən məmurlar işlədirlər. Peşəkar mühitdə belə anlayış yoxdur. Əgər “provakativ sual” mənasında işlənirsə, istənilən sual provakasiyadır. İnsanı cavab vermək üçün provakasiyaya çəkir. Əgər sual reaksiya doğurmayacaqsa, o, nə sualdır?”
Jurnalistin işdən çıxarılması məsələsinə Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov da münasibət bildirib:
“Azərbaycan-Rusiya münasibətlərinin hazırkı mərhələsində Azərbaycan jurnalistinin, “Lider TV”-nin müxbiri Anar Həsənovun Rusiyanın xarici işlər naziri Sergey Lavrova ünvanladığı sual ola bilsin ki, uğurlu deyildi. Hər bir halda işçisini işdə saxlayıb, yaxud uzaqlaşdırmaq, bir daha deyim, “Lider TV” rəhbərliyinin səlahiyyətində olan məsələdir”.
Dərc edilib: 24.01.2017