Milli Hərəkat – birliyə son
Hadisə artıq rəsmiləşdirilib. Keçmiş hakim partiya, hazırda ölkənin ən güclü müxalifət partiyası olan “Vahid Milli Hərəkat” artıq bu günə qədər gəlib çıxdığı formada mövcud deyil. Liderlərin bir hissəsi və partiyanı parlamentdə təmsil edən əksər deputatlar onu tərk edib.
Ayrılma dinc şəraitdə keçməyib. Partiyanı tərk edənlər qapını çırpıb, çıxıblar.
Yanvarın 12-də baş tutan brifinqdə keçmiş liderlər Mixail Saakaşvilinin ünvanına tənqidi fikirlər səsləndirməkdən çəkinməyiblər, onu “artıq liderlik saçmayan” siyasətçi adlandırıblar, metal tullantıları məntəqəsinə atılmalı olan maşınla müqayisə ediblər.
“Bu parçalanmaya görə məsuliyyəti bir insan daşıyır, o da bu partiyanı yaradandır”, – partiyanı tərk edən liderlərdən biri, bir vaxtlar Saakaşvilinin dostu və silahdaşı olan Qiqi Uqulava deyib.
Keçmiş silahdaşlarının bəyanatlarına sabiq prezident Saakaşvili “Facebook” vasitəsilə cavab verib. “Xalqımız öz gücünü göstərdi və İvanişvilinin [hakim “Gürcü arzusu” partiyasının qeyri-formal lideri] Vahid Milli Hərəkatı əlinə keçirmək və məni partiyadan qovmaqla bağlı planının həyata keçirilməsinə imkan vermədi… Mənim üçün bu gün Milli Hərəkatın azad edilməsi və xalqa qaytarılması günüdür!”, – deyə Mixail Saakaşvili qeyd edib.
8 oktyabr 2016-cı ildə keçirilən seçkilərdə məğlubiyyətdən sonra bir komandanın keçmiş üzvləri arasında başlayan və təxminən dörd ay sürən açıq qarşıdurma bununla da bitib.
Saakaşvilinin partiyasında nəyi bölüşdürə bilmədilər?
Partiyanın daxilində problemlər haqqında informasiya əvvəllər də yayılıb. Amma 8 oktyabr parlament seçkilərindən sonra baş verənləri bu siyasi komandadan demək olar ki, heç kim gözləmirdi.
Bu seçkilərdə Vahid Milli Hərəkat 27 faiz səs toplayaraq, ikinci yerə çıxdı. Qələbə qazanan “Gürcü arzusu” 49 faiz səs qazandı və majoritar dairələrdə qələbə çalan namizədlərin sayəsində konstitusion çoxluq əldə etdi.
“Milli Hərəkat”ın sıralarında həm məğlubiyyətin səbəbləri, həm də seçkilərin legitimliyi ilə bağlı müxtəlif fikirlər yaranmağa başladı.
Partiyanın üzvləri və tərəfdarlarının bir hissəsi onların fikrincə ədalətli olmayan seçkilərin nəticələrini tanımağı yolverilməz saydı. Onlar Vahid Milli Hərəkatdan seçilən deputatlardan qanunverici orqanı boykot etməyi və mandatlardan imtina etməyi tələb edirdilər. Onların fikrincə, mübarizəni küçədə davam etdirmək lazımıydı.
Partiyanın lideri, keçmiş prezident Mixail Saakaşvili də eyni fikirdə idi, o seçkilərin “total şəkildə saxtalaşdırıldığını” deyirdi.
8 oktyabr seçkilərinə verilən bu qiymət yerli və xarici müşahidəçilərin rəylərindən əsaslı şəkildə fərqlənir, onlar bildirib ki, ayrı-ayrı insidentlərə baxmayaraq, seçkilər seçicilərin iradəsini ifadə edib.
VMH-də heç də hamı Saakaşvilinin radikal mövqeyini bölüşmürdü. VMH-ın fəaliyyətdə olan rəhbərliyi və əksər seçilmiş deputatlardan ibarət qanadı parlament fəaliyyətini davam etdirmək qərarına gəlib, bununla da opponentlərinin qəzəbinə səbəb olub.
Eyni zamanda VMH-ın üzvləri və tərəfdarları əvvəlcə ancaq şəxsi söhbətlərdə və sosial şəbəkələrdə, sonradan da KİV-də 9 il (2003-2012) ərzində ölkəyə rəhbərlik edən, son dörd il ərzində isə “Gürcü arzusu” hökumətinin ən güclü və parlaq opponenti olan partiyanın məğlubiyyətə uğramasının səbəbləri barədə diskussiya aparmağa başladılar.
Sosial şəbəkələrdə başlayan diskussiya əsl qarşıdurmaya çevrildi, bu zaman partiyanın müxtəlif qollarının nümayəndələri bir-birinin ünvanına şəxsi təhqirlər səsləndirməkdən də çəkinmir, opponentlərini “İvanişviliyə satılmış” və “bütpərəst” adlandırırdılar. Sosial şəbəkə istifadəçiləri canlı efirdə uzun illər ərzində Gürcüstanın siyasi məkanında ən güclü, vahid və fəaliyyəti düzgün qurulmuş partiya təsiri bağışlayan VMH-ın parçalandığını izləyirdilər.
“Bokeriyanın qolu” (Qiqa Bokeriya – keçmiş hakimiyyət dövründə Təhlükəsizlik Şurası katibi və Saakaşvilinin çoxdankı məsləkdaşı) adlanan hissənin nümayəndələri belə bir fikir irəli sürürdülər ki, Saakaşvilinin seçkiqabağı kampaniya zamanı həddən artıq aktivlik göstərməsi – onun “Facebook”dakı statusları, müsahibə və video müraciətləri, Gürcüstana gah tunel, gah da dənizlə üzərək qayıtmaqla bağlı vədləri çox güman ki, VMH-ın ziyanına işlədi və “Gürcü arzusu” hakimiyyətindən narazı olan neytral seçiciləri “hürkütdü”.
Mixail Saakaşvilinin ünvanına səsləndirilən tənqidlər VMH-ın ikinci hissəsində, yəni “radikallarda” aqressiyaya səbəb oldu. Onlar «Bokeriyanın qolu»nu hakimiyyətlə əlbir olmaqda ittiham etdilər. Bu fikri Ukraynadan skype vasitəsilə Zuqdididə toplaşan tərəfdaşlarına müraciət edən Mixail Saakaşvili də bölüşürdü: “Mən hansı sövdələşmələrin, hansı danışıqların getdiyini, kimin kimə nə vəd etdiyini bilirəm”.
Seçkilər mövzusundan başlayan qarşıdurma partiyanın fəaliyyətdə olan rəhbərliyi islahatların keçiriləcəyini elan edəndən sonra qarşısıalınmaz və daha böyük miqyaslı bir prosesə çevrildi, islahatlar eyni zamanda yeni sədrin seçilməsini də nəzərdə tuturdu.
Hazırda bu post boşdur. “Milli Hərəkat”ın yaradıcısı və 2012-ci ilə qədər lideri olan Mixail Saakaşvilini Gürcüstan hakimiyyəti təqib edir. Ona qarşı cinayət işi qaldırılıb, o vətəndaşlıqdan məhrum edilib. Deməli, partiyada hər hansı rəsmi vəzifə tuta bilməz.
“Hesab edirik ki, Bidzina İvanişviliyə [“Gürcü arzusu”nun qeyri-formal liderinə] qalib gəlmək üçün biz partiya kimi qabağa getməliyik. Bu o deməkdir ki, partiyada təzə adamlar, təzə sədrlər olmalıdır, biz cəmiyyətə yeniliklər təklif edəcək vahid komanda olmalıyıq”, – VMH-dan olan parlament deputatı Elene Xoştariya bildirib.
Yeni sədrin seçilməsi ilə bağlı qərar partiya qurultayında qəbul edilməli idi, bu qurultay VMH rəhbərliyinin fikrincə, 2 min iştirakçı toplamalı idi.
Mixail Saakaşvili və tərəfdarları “Bokeriya qolu”nun bu planını “Saaşavilini öz partiyasından uzaqlaşdırmaq” cəhdi kimi qiymətləndirdilər və ona qarşı ölüm-dirim mübarizəsi elan etdilər. Keçmiş prezident daha geniş, 7 min nümayəndədən ibarət qurultayın keçirilməsini dəstəklədi ki, burada VMH-dən daha çox sayda üzv təmsil olunsun.
Noyabrın 29-da partiyanın 50 nəfərdən ibarət Siyasi Şurası bir səs üstünlüyü ilə Saakaşvilinin tərəfdarlarının 7 min nümayəndə ilə qurultayının keçirilməsi barədə planının lehinə səs verdi. Qurultay yanvarın 20-nə təyin edildi.
Prosedur müharibəsi
Saakaşvili tərəfdarlarının düşərgəsi Siyasi Şuranın qərarını öz qələbəsi elan etdi və qurultayın keçirilməsi üçün hazırlığa başladı.
Parlamentdəki azlığın lideri, keçmiş parlament spikeri David Bakradze barışıq istiqamətində addım atdı və bildirdi ki, Saakaşvilinin qovulması planlaşdırılmayıb, özü də partiya sədri vəzifəsinə namizədliyini irəli sürməyə hazırlaşmır, bunu başqaları da etməyəcək, deməli, post boş qalacaq.
Bununla belə vəziyyət getdikcə daha da kəskinləşdi.
Saakaşvilinin tərəfdarlarının qolu Siyasi Şuradan kənarda qurultay təşkil etməyə başladı və bunun üçün altı nəfərdən ibarət komissiya yaratmağa, regionlarda nümayəndə və tərəfdarlarını səfərbər etməyə başladı. “Bokeriyanın qolu” “radikallar”ın bu addımını partiya daxilində çevriliş cəhdi kimi qiymətləndirdı.
Bu yaxınlarda məsləkdaş olan qarşı tərəflər bir masa arxasına otura bilmədilər. Siyasi Şuranın dekabrın 27-nə təyin olunan iclasında bu və ya digər mübahisəli məsələlər müzakirə olunmalı idi, bununla belə iclas baş tutmadı, çünki Saakaşvilinin tərəfdarları bu iclasa gəlmədi.
“Radikallar”ın addımlarına cavab olaraq, partiyanın icra katibi, “Bokeriya qolu”nun nümayəndəsi Serqo Ratiani MSK-ya müraciət edərək, parlament siyahısından bir neçə namizədi, Saakaşvilinin tərəfdarlarının adlarını çıxarmağı tələb etdi, bu da “radikallar” düşərgəsində böyük hiddətə səbəb oldu və qarşıdurmanı bir az da kəskinləşdirdi.
Yanvarın 6-da apelyasiya məhkəməsi Tbilisinin keçmiş meri, “Milli Hərəkat”ın siyasi məhbus adlandırdığı Qiqi Uqulavanın həbs müddətini azaltdı. O, büdcə vəsaitinin israf edilməsi ittihamı ilə həbs edilib.
Həbsxanadan çıxandan sonra Uqulava bildirib ki, “1 faizlik də olsa şansdan” istifadə edib, birliyi qorumağa çalışacaq, həm də hər iki qrupun liderləri ilə danışmaq istəyir. Amma eyni zamanda o, Saakaşvilinin tərəfdarlarını “kitabxanadan təmayülçü” adlandırıb (bu qolun nümayəndələri öz müvəqqəti qərargahı kimi Saakaşvili adına kitabxananı seçiblər), bu da onların hiddətinə səbəb olub. Sonradan Saakaşvili tərəfdarlarının “Bokeriya qrupunun üzvü” adlandırdıqları Tbilisinin keçmiş meri bildirib ki, birliyin saxlanılmasına şans qalmayıb.
Prosedur mübarizəsi nəticəsində tərəflərin mövqeləri kəskin şəkildə ayrıldı, aqressiya və qarşılıqlı ittihamlar isə barışığı tamamilə mümkünsüz etdi.
Yanvarın 12-də partiya artıq rəsmi şəkildə parçalandı və bir vaxtlar silahdaş olan insanlar bir-birinə qarşı olan siyasi opponentlərə çevrildilər.
Saakaşvili qruplaşmasının üzvləri 20 yanvarda keçiriləcək və 7 min nümayəndənin dəvət aldığı qurultaya hazırlaşır. Liderləri isə Ukraynadan “skype” vasitəsilə qoşulacaq.
Saakaşvilinin cinahında əmindirlər ki, keçmiş məsləkdaşların ayrılmasından “Milli Hərəkat”a zərər gəlməyəcək.
Oliqarxın cənnəti
Bütün fikir ayrılıqlarına baxmayaraq, VMH-da hər iki tərəf bir şeyi etiraf edir ki, “Milli Hərəkat”dakı proseslər hakim “Gürcü arzusu” partiyası və onun qeyri-formal lideri olan milyarder Bidzina İvanişvilinin maraqlarına cavab verir.
Oktyabrda keçirilən seçkilərdən sonra İvanişvilinin əllərində indiyə qədər olmayan hakimiyyət cəmləşib.
Seçkilərdən sonra Gürcüstanın bütün siyasi spektri dramatik dəyişikliklərə məruz qalıb. Məğlubiyyətə uğrayan partiyalar – “Respublika”, “Azad demokratlar”, “Xalq üçün dövlət” öz liderləri tərəfindən tərk edilib. Bu partiyaların bu gün heç bir gücü qalmayıb, liderlərinin bir hissəsi isə təkcə partiyadakı fəaliyyətlərini deyil, ümumiyyətlə siyasəti tərk edib.
VMH dövləti idarə etmək təcrübəsi, parlament resursu və beynəlxalq əlaqələri olan yeganə güclü qərbyönlü müxalifət qüvvəsi idi. 2012-ci ildə hakimiyyəti əldən verəndən sonra partiya liderlərinin bir hissəsinin müxtəlif ittihamlarla həbsxanaya düşməsinə və ya ölkəni tərk etməsinə baxmayaraq, VMH əvvəlki hakim partiyalardan fərqli olaraq, dağılmadı. Əksinə, son 4 il ərzində kəskin və effektiv şəkildə hakimiyyətə qarşı çıxdı.
Amma deyəsən, birlik resursu tükəndi. Parlament seçkilərində daha bir məğlubiyyət VMH-nin birliyi üçün böyük sınaq oldu. Hər iki tərəf az və ya çox dərəcədə etiraf edir ki, yeganə güclü müxalif partiyanın parçalanması ölkənin və demokratiyanın maraqlarına güclü zərər yetirəcək. Amma buna baxmayaraq, bu ssenaridən qaçmaq mümkün olmadı.
JAMnews-la söhbət zamanı Siyasət İnstitutunun direktoru Korneli Kakaçiya bildirib ki, VMH-nın parçalanması “ölkədə siyasi stabillik və siyasi sistemin dayanıqlığı baxımından böyük problem yaradacaq”.
O hesab edir ki, belə olan halda müxalifətdə cəmiyyətin konkret təbəqə və qruplarının maraqlarını ifadə edəcək ənənəvi partiyalar qalmayacaq, hakim partiyaya qarşı isə nüfuzlu partiya qismində çıxış edəcək güclü müxalifət olmayacaq.
“Bu yükü öz üzərinə vətəndaş sektoru və ya biznes dairələri götürə bilər, amma onların nə dərəcədə bunun öhdəsindən gələcəyini hələ bilmirik”.
Kakaçiyanın sözlərinə görə, vəziyyəti çətinləşdirən odur ki, liberal xarakterli siyasi partiya böhran yaşayır, bu səbəbdən də müəyyən siyasi vakuum yaranır. Bu da ölkənin demokratik inkişafı üçün ciddi problemdir.
Çox güman ki, gələcək seçkilərə qədər VMH-dəki “Saakaşvilinin qolu” keçmiş prezidentin şəxsi tərəfdaşlarından ibarət və əhəmiyyətli, amma bununla belə məhdud elektoral resursu olan partiya kimi formalaşacaq. VMH-dən ayrılan qruplaşmanın tərkibində isə David Bakradze, Qiqa Bokeriya və Qivi Uqulava kimi təcrübəli liderlər olacaq, amma onlar sıfırdan seçicilərin simpatiyasını qazanmalı və partiya qurumlarını yaratmalı olacaqlar.
Korneli Kakaçiyanın fikrincə, parçalanmanın ziyanı hər iki tərəfə dəyəcək. Amma onlardan hansının öz nüfuzunu saxlaması kimn daha çox maliyyə ehtiyatlarının olmasından və KİV-ə təsir gücündən asılı olacaq.
Keçmiş hakim partiyanın hər iki hissəsi üçün ilk sınaq bu ilin payızında yerli özünüidarə orqanlarına keçiriləcək seçkilər olacaq.