Xankəndidə rus dili “rəsmi dil” elan olunub: Bakıdan reaksiya
Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “parlamenti” rus dilinin erməni dili ilə yanaşı bu qondarma qurumda rəsmi dil statusuna malik olması barədə qərar verib. Həmin qərar Azərbaycanda birmənalı qarşılanmayıb, lakin ölkənin Xarici İşlər Nazirliyi məsələ ilə bağlı mövqeyini bildirməyib.
- Azərbaycanda ictimai nəqliyyat problemi: metro nə vaxt açılacaq?
- Gürcüstanda əhalinin əksəriyyəti koronavirusa qarşı peyvənd vurdurmaq istəmir – NDI-ın sorğusu
- Türkiyədə qadınları məişət zorakılığından qoruyan konvensiya ləğv edilib. Niyə və bu nə deməkdir?
Azərbaycanın əsas xarici siyasət qurumunun bu məsələyə münasibətdə səssiz qalmasını şərh etmək üçün JAMnews ölkənin keçmiş xarici işlər naziri Tofiq Zülfüqarova müraciət edib.
“Beynəlxalq münasibətlərin subyekti deyil”
Diplomatın fikrincə, Azərbaycan XİN bu məsələyə münasibət bildirməməli idi: “Çünki bu nazirlik Azərbaycanın xarici siyasətinin müəyyənləşdirilməsində rol oynayır və beynəlxalq siyasətin subyektləri ilə münasibətləri tənzimləyir. Azərbaycanın bütün dünya tərəfindən tanınmış sərhədləri daxilində özünü “respublika” adlandıran qondarma qurum isə beynəlxalq münasibətlərin subyekti deyil”.
Tofiq Zülfüqarov müxbirimizlə söhbətində qeyd edib ki, “rus dili məsələsi”ni hazırda Ermənistanda baş verən proseslərin məntiqi davamı hesab etmək olar. “Paşinyan özü Qərbə meyilli siyasətçidir. Lakin onun opponentləri, ölkədə hakimiyyəti ələ almağa iddialı siyasətçilər özlərini Rusiyapərəst mövqedə göstərməyə çalışırlar. Bu da həmin oyunun bir hissəsidir”, – keçmiş nazir bildirib.
“Hesab edirəm ki, qondarma qurumun fəaliyyətinə diqqət yetirilməməlidir. Çünki biz buna çox diqqət yetirdikcə, sanki onları bir növ “legitimləşdiririk”. Buna görə də, diqqətdən kınarda saxlanılmaları daha məqsədəuyğundur”, – T.Zülfqarov əlavə edib.
Keçmiş nazir Ermənistan hökumətinin qərarı haqqında
Yayılan digər məlumata görə, Ermənistan hökuməti Dağlıq Qarabağda evlərin tikintisi və infrastruktur layihələri üçün 200 milyon dollardan çox vəsait ayırıb.
Tofiq Zülfüqarovun fikrincə, bu məlumatı diqqətsiz qoymaq olmaz: “Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan hökumətinin Dağlıq Qarabağda infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün vəsait ayırması məsələsinə reaksiya verməlidir. Çünki bu, xarici dövlətin birbaşa Azərbaycan ərazisinə müdaxiləsidir və beynəlxalq qanunların pozulmasıdır. Buna müvafiq cavab verilməlidir”.
Moskvaya xoş gəlmək üçün jest?
“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə belə qənaətdədir ki, Azərbaycan XİN rus dilinin Xankəndidə “rəsmi dil” elan edilməsinə münasibət bildirməlidir.
“Erməni separatçıları Xankəndidə “parlamentlərinin” iclasında rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul ediblər. Aydındır ki, separatçılar bu qərarı Moskvaya xoş gəlmək və Rusiyanın nökərçiliyini davam etdirmək üçün veriblər.
Azəbaycan Xarici İşlər Nazirlyinin bəyanatını gözləyirik. Bəyanatın mətnini hazırlamaqda çətinlik çəkirsinizsə, prezident İlham Əliyevin fevralın 26-dakı bu mövzuyla bağlı açıqlamasına istinad edin”, – E.Şahinoğlu özünün “Facebook” səhifəsində yazıb.
İlham Əliyev nə deyib?
Fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev rus dilinin Xankəndidə “rəsmi status” ala bilib-bilməməsinə münasibət bildirib.
“Qarabağda rəsmi dil məsələsi barədə sualınıza dair qeyd edə bilərəm ki, bu, bir manipulyasiyadır. Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz.
Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər. Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz”, – İ.Əliyev deyib.