“Xahiş edirəm, səsinizi kəsin!”
Rusiyanın “Facebook”unda təyyarə qəzası ilə bağlı yaşanan qalmaqal: onlar bu ölümə layiq idilərmi
Rusiyanın sosial şəbəkələrində artıq bir neçə gündür ki, etik mübarizə gedir, bu mübarizəyə də deyəsən artıq Rusiyanın bütün yazan adamları qoşulub. Mövzu yanvarın 25-də səhər saatlarında Qara dəniz üzərində Rusiyanın TU-154 təyyarəsinin qəzaya uğramasıdır.
Qəza zamanı 92 nəfər – ekipaj, hərbçilər, doqquz jurnalist – Rusiyanın Birinci kanalı, НТВ və “Zvezda” televiziya kanallarının çəkiliş qrupları və Aleksandrov adına ansamblın 68 musiqiçisi həlak olub. Onlar Suriyadakı Xmeymim aviabazasında Rusiya aviaqrupunu Yeni illə təbrik etməyə gedirdilər. Hələ ki bütün ölənlərin cəsədləri tapılmayıb. Hazırda qəzanın səbəbi kimi iki əsas versiya irəli sürülür: ya pilotlar səhv edib, ya da kifayət qədər köhnə olan təyyarə xarab olub.
Sosial şəbəkələrdə məsələ bu cür qoyulur: təyyarədə iqtidar yönlü kanalların jurnalistləri və Aleksandrov adına məşhur dövlət ansamblının musiqiçiləri uçurdu, hamısı da Putin rejimini və onun addımlarını açıq şəkildə dəstəkləyirdilər. Onların ölümünə necə reaksiya verəsən?
Kimsə jurnalistlərin ölümünə açıq-aşkar sevinir. Kimsə də sevinənlərə ölüm arzulayır.
“Snob” yazır ki, “Rusiyada yazan adamların dar dairəsi var, hamısı da Suriya və Krıma görə əməlli-başlı qırğına çıxdılar. Düşünürdük ki, ta bundan o yanası ola bilməz, amma təzə bir səbəb də tapıldı: kədər və onun olmaması”.
Biz də Tu-154 təyyarəsinin qəzasına “Snob”un topladığı ən səciyyəvi reaksiyaları dərc edirik.
Arkadi Babçenko, jurnalist:
“Onlar Suriyaya pilotların döyüş ruhunu qaldırmaq üçün qarşılarında oxumaq və rəqs etmək üçün gedirdilər, daha yaxşı bombalasınlar deyə… Faşizm, xunta, uşaqların dara çəkilməsi haqda böhtan dolu süjetlər hazırlayanlar, həm Ukrayna, həm də elə həmin Suriyaya döyüşmək üçün minlərlə insan göndərən; dostlarımın həbs olunmasına bəraət qazandıran; yoldaşıma Seqeja koloniyasında işgəncə verilmədiyi barədə yalan yayan; mənə və dostlarıma divan tutmağa çağıran; məni və yaxınlarımı təhqir edən və həyatlarını dəfələrlə təhlükə altına qoyan; mühacirlərə, gürcülərə, ukraynalılara, liberallara qarşı, pedofil və başqa kampaniyalar təşkil edən, Rusiyanın dinc şəhərlərində yüzlərlə, bəlkə də minlərlə fərqli düşünən, başqa yerlərdən olan adamların qətllərinə bais olan və ön sıralarda orruelçilik, diktatura və QULAQ quran kütləvi təbliğat agentliklərinin doqquz əməkdaşı… Məndə nə şəfqət, nə də mərhəmət hissi var”.
Bojena Rınska, jurnalist:
“2013-cü ildə ölümlə üz-üzə dayanmışdım. Fiziki olaraq НТВ-nin təqibi nəticəsində az qala ölmüşdüm. Bu kanal haqqımda yalan yayır, böhtan atır, məqsədyönlü şəkildə məni intihara sürükləyirdi. НТВ ekspertizaya məni çəkən deyil, başqa kameranı gətirməklə, birbaşa saxtakarlıq etdi. Məhkəmə də haqqımı pozaraq, ekspertizadan imtina etdi. Çünki НТВ ilə bağlı prezident administrasiyasından zəng vurub, xahiş etmişdilər. Mən də НТВ-nin hər bir işçisini dissidentlərin təqibi ilə məşğul olan cinayət qrupunun üzvü hesab edirəm. Mən də məhkəmədə cəzalandırılması mümkün olmayan cinayətkarların cəzasını göylərdə almasına sevinirəm. Hər bir təbliğatçının qəbrində bir ağcaqovaq payası çatmır. Amin”.
Arina Xolina, publisist:
“Həmkarlarımı söyməməyə çalışıram. Aydın məsələdir ki, hər dəfə də dürüst olmaq alınmır, amma çalışıram. Bax, Bojena Rınska yazıb ki, НТВ jurnalistlərinin Tu-154 təyyarəsində ölümünə sevinir. Bojena hətta allahından da bir az narazılıq edir ki, niyə bütün təyyarə НТВ işçiləri ilə dolu deyildi! Kolleqalar! “Fərqli fikir” kimi qiymətləndirilə bilən şeylər var, amma bu, fikir deyil. Bu, görünməz bir qəddarlıq, əsl sosiopatiya, əxlaq normalarının yerli-dibli olmamasıdır. Məncə, belə bir adamla işləmək ayıbdır. Bu dəhşətli faciədə yaxınlarını itirən hər kəsə acıyıram. Kimin dost, kimin düşmən, onların kimin tərəfində olması vacib deyil. Ailələrə, dostlara, iş yoldaşlarına baş sağlığı verirəm. Gəlin bundan sonra da insanların başqalarının faciəsinə sevinmədiyi bir dünyada yaşayaq”.
Vitali Milonov, Dövlət Dumasının deputatı:
“Babçenko və Kuritsına (Bojena) Rusiya vətəndaşlığından məhrum olunmalı, ölkədən sürgün edilməlidir, onların mülkiyyəti isə auksionda satılmalı, alınan pul da Doktor Lizanın DXR uşaqları üçün Fonduna getməlidir”.
Andrey Loşak, jurnalist:
“Putin öz fərmanı ilə qoşunlarımızı Suriyadakı müharibəyə göndərməsəydi Aleksandrov adına ansambl, Doktor Liza, Ankaradakı səfir, bundan başqa da hardasa bir il əvvəl Misirdən Sankt-Peterburqa uçan 217 nəfər sağ qalardı. Hələbdə Rusiya bombaları altında neçə uşaq və neçə qadın ölüb, hesablamaq mümkün deyil, amma burada bu, heç kimin vecinə də deyil… Qəribədir ki, ötən il ərzində Putindən heç kim xəbər almadı ki, həmin o Misirdən uçan və İŞİD tərəfindən partladılan təyyarədə 25 rus uşaq hansı ali ideya uğrunda öldü? Moskvadakı çeçen terror aktlarına hələ birtəhər “Rusiyanın ərazi bütövlüyü” uğrunda müharibə ilə bəraət qazandırmaq olardı. Ukraynanın şərqindəki “hibrid” müharibəyə yaxın qonşuluq və “rus dünyası” ilə haqq qazandırırlar (bu da Rusiya raketi ilə parladılan Malayziya “Bouing”nin sərnişinlərinin yaxınlarını çətin ovundursun). Amma ordumuzun Yaxın Şərqdəki növbəti davaya niyə qoşulduğunu ölkədə heç kim doğru-dürüst anlamır. Küçədə qarşınıza çıxan istənilən adamdan xəbər alın – cavab verməyəcək, sınamışam. İŞİD-lə müharibə haqqında nağıla heç kim inanmır… Daha çox Amerika ilə taktiki müharibəyə inanırlar: yəni biz də onlara nəyə qadir olduğumuzu göstərdik. Bunu mənə Muçurinskdə bir dayı başa saldı. Bu zaman da səsində zərrə qədər də hiddət hiss olunmurdu. Ölkənin kim bilir harada və kim bilir nə üçün apardığı müharibədə artıq yüzlərlə rusiyalı həlak olub. Gərək zərrə qədər də ağlın olmasın ki, Əfqanıstan haqqında bütün danışılanlardan və göstərilənlərdən sonra eyni zibilə qoşulasan”.
Zoya Svetova, jurnalist, hüquq müdafiəçisi
“Anlamayanlar üçün deyirəm: hesab edirəm ki, putinizm artıq qanımıza işləyib… Putinizm… mənəvi deqradasiya, tənəzzüldür. Göydə köməksiz insanların, onların kim olmasından asılı olmayaraq – ölümünə təəssüflənmək normal şeydir. Bəzilərində alınmır… Həmin adamların niyə getdiyindən asılı olmayaraq, onlar silahsız gedirdi. Babçenko onları rusiyalı hərbçilərin əlbirləri adlandırır. Məncə, bu, dəhşətdir. Göydə insanların ölümünə necə təəssüf etməmək olar, bunu anlamıram. Milad bayramı günü amansız taleyin apardığı köməksiz insanların. НТВ kanalının jurnalistlərinin bir vaxtlar onu təqib etdikləri üçün jurnalistlərin ölümü haqqında bu qədər qəddarlıqla yazan Bojena Rınska da. Lap uşaq bağçasına bənzəyir”.
Viktor Şenderoviç, yazıçı:
“Müdafiə Nazirliyinin təyyarəsinin qəzaya uğraması ilə bağlı sevinən və ya ölənlərin Putinin cinayətlərinə görə cavabdehliyi, allahın işi və başqa cəfəngiyatla bağlı fikir yürütmək istəyən hər kəsə dostluğumdan çıxmağı xahiş edirəm”.
Yevgeni Levkoviç, jurnalist:
“Heç nə yazmaq istəmirdim, amma xəbər lentimdə həddən artıq çox bədxahlıq, bəzən də açıq-aşkar sevinc gördüm, pafosuma görə üzr istəyirəm, amma ölənlərin yaxınları, dostları və tanışlarına dərin hüznlə başsağlığı verirəm. Bizim mənəvi faciəmizin fəsadları sizin aviaqəzanızdan daha az dəhşətli deyil”.
Aleksandr Tverskoy, jurnalist:
“Stalinə heykəl və QULAQ işçilərinə memorial abidələr qoyan ölkənin vətəndaşlarının insanlıq barədə danışmağa ixtiyarı yoxdur. İnsanların statuslara, “like”lara və küçədəki plakatlara görə həbs olunduğu ölkənin vətəndaşlarının başqalarını kiməsə qarşı qeyri-humanist münasibətə görə qınamağa haqqı yoxdur.
Suriyanın şəhərlərini bombalayan, sonra da bunu “məşq” adlandıran ölkənin vətəndaşlarının başqalarından mərhəmət tələb etmək haqqı yoxdur”.
Sergey Ponomaryov, fotoqraf:
“Cəmiyyətimiz xəstədir. Bilinmir də, onu nə müalicə edə bilər. Həmyerlinin nədən – yemişandan, kürəyə vurulan zərbədən və ya təyyarənin qəzaya uğraması nəticəsində ölməsindən asılı olmayaraq, ölümünə necə sevinmək olar?”
Dərc olunub 29.12.2016