Ermənistan: təhlükəli oyunlar
Cari ilin sonları Ermənistanda hökumətin ölkənin cənubunda mənzərəli regionlardan biri olan Sünikdə yerləşən Amulsar qızıl yatağının istismarına başlamaqla bağlı qərara qarşı yönələn növbəti etiraz dalğasının güclənməsi ilə xarakterizə olundu.
Etirazları Ümumerməni təbiəti mühafizə cəbhəsi təşkil edib. Bu QHT-nin fəalları bildirir ki, onların ətrafında yüzlərlə “narahatlıq keçirən vətəndaşlar və ekoloq mütəxəssislər” birləşib, onlar üçün təbiətin mühafizəsi və ümumilikdə “erməni xalqının yaşadığı yerin” mühafizəsi əsas prioritetdir.
Təbiətin mühafizəsi cəbhəsi hökumət və ətraf mühitin mühafizəsi nazirliyinin binaları qarşısında bir neçə piket keçirib. Fəallar həm də respublika hökumətinə, yeni baş nazir Karen Karapetyana (hazırda insanlar artıq yetişən sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ümidlərini ona bağlayırlar), Dünya Bankının və Avropa Yenidənqurma və İnkişaf Bankının regional nümayəndələrinə, həmin layihənin maliyyələşdirilməsində iştirak edən bir sıra başqa sərmayə mənbələrinə müraciət yaydılar.
Müraciətdə deyilir ki, hazırda bir tərəfdə, hakimiyyətin on il ərzində mədənin istismarından əldə etməyə ümid etdiyi çox mübahisəli dividentlər, digər tərəfdə də içməli və mineral suyun strateji ehtiyatları dayanıb, ekoloqların fikrincə, bu suların mənbələri Amulsar mədəninin fəaliyyəti nəticəsində tamamiylə məhv olacaq. Təbii və tarixi yerlər, landşaft, flora və fauna, Sünikin məşhur kurortları, o cümlədən də ölkənin hüdudlarından kənarda da məşhur olan, unikal mineral su ehtiyatları olan balneoloji Cermuk sanatoriyası da zərər çəkəcək.
Amulsar qızıl yatağı ətrafında debatlar 2006-cı ildən davam edir, hökumətin burada bahalı metalların çıxarılması ilə bağlı planları haqda bu vaxt məlum oldu. Burada aşkar olunan və ehtimal olunan ehtiyatlar 75 tondan çox qızıl və 350 tondan çox gümüşdür. Bu zaman bir ton filizin tərkibində qızılın miqdarı 40 qramdan artıq deyil, bu cür yataqlar isə dünyanın hər yerində kasıb sayılır və işlənmir.
Amma bu fakt Amulsarın istismarının tərəfdarlarını geri çəkindirmir, onlar hətta hasilatın açıq metodla həyata keçiriləcəyini də iqnor edirlər, ekoloq İnqa Zarafyan hesab edir ki, bu da hər şeydən əlavə, atmosferə radioaktiv maddələrin tullanması təhdidini yaradır.
Bununla əlaqədar olaraq da yerli media xatırladır ki, metal yataqlarının vəhşicəsinə hasilatı nə su ehtiyatları, nə bərəkətli zəmiləri, nə də meşələri ilə zəngin olmayan ölkənin kövrək ekoloji balansında qarşısıalınmaz dəyişikliklərə gətirib çıxaracaq. Ermənistanı əvvəl adlandırdıqları kimi, Qafqazın keçmiş İsveçrəsinin yerində də quru səhra əmələ gələcək.
Təbiət mühafizəçilərinin həyəcanı kifayət qədər əsaslandırılmış görünür. “Yaşıllar birliyi”nin sədri Akop Manasaryanın dediyinə görə, mədənçıxarma sənayesinin miqyaslarının genişləndiyinə görə, ölkənin meşə massivləri üçün əməlli-başlı təhlükə yaranıb. Ekspertin sözlərinə görə, erməni ekoloqları Meşə Məcəlləsinə meşələrin olduğu ərazilərdə istənilən mədənlərinin işini qadağa edən bəndin əlavə olunmasına çalışdılar. Amma bu təşəbbüsü həyata keçirə bilmədilər və indi Ermənistanın meşələri “mədənçıxarma sənayesinin nədzindədir”, halbuki ölkədə meşələr ərazinin cəmi 11%-ni tutur.
Aydın görünür ki, bu gün təbiətin mühafizəsi və respublikada iqtisadi inkişafın qarşısında duran məsələlər bir-birinə qarşı çıxır. O vaxtkı ekologiya naziri Aramais Qriqoryanın dediyinə görə, “ekoloqların narahatçılığı çox vacibdir, amma bu gün Ermənistan mədənləri istismar etməyə bilmir, çünki ölkənin gələcək inkişafı bundan asılıdır”.
Təbiəti mühafizə edənlər isə bu yanaşma ilə razı deyillər. Onlar qeyd edilər ki, dünya bazarında metallarla bağlı vəziyyət heç də qənaətbəxş deyil, mədənçıxarma müəssisələri isə ziyana işləməsələr də, güclə ayaq üstə dura bilirlər.
Yeni yataqlar isə Ermənistanın məhz zəngin və rəngarəng təbiəti, unikal mineral mənbələri, təkrarolunmaz flora və faunası, çoxlu sayda tarixi abidələri ilə məşhur olan regionlarında yerləşir. Bütün bunlar indi yüksək risk zonasına düşüb. Dünyanın ekoloji effektivlik reytinqində isə Ermənistan 132 dövlətdən ibarət siyahıda 93-cü yeri tutur.
Nəzərə alsaq ki, qlobal istiləşmə ilə bağlı olan proseslər üzündən son 100 il ərzində yağıntıların miqdarı 6% azalıb, mütəxəssislərin Ermənistanın bəzi rayonlarının, o cümlədən də paytaxtın artıq əsl ekoloji fəlakətlə üzləşdiyi barədə fikirləri şişirdilmiş görünmür.
Bu fonda da yaxın perspektivdə ölkədə şist neft yataqlarının işlənməsinə başlamaqla bağlı xəbərlər daha da böyük narahatlıq doğurur. Bu haqda söhbətlər artıq iki ildir ki, gedir, hakimiyyət isə bunu inkar edirdi.
Amma bu yaxınlarda Yaxın Şərqdə və Afrikada Geniş Enerji Tədqiqatları və Texnologiyaları Korporasiyasının (AERTC) direktoru Sem M. Said yerli informasiya agentliklərindən birinə bildirib ki, bu ilin sonlarına qədər Ermənistanda şistin emalı zavodunun tikintisi ilə bağlı danışıqların yekunlaşdırılması planlaşdırılır, sonra da 2 il ərzində şist sənayesinin inkişafı layihəsinin reallaşdırılmasına başlanılacaq.
Onun sözlərinə görə, Ermənistan əhəmiyyətli şist ehtiyatlarına malikdir, hasil edilən enerji daşıyıcıları isə “ölkənin daxili ehtiyaclarını ödəməkdən əlavə, ixrac oluna da bilər”. O cümlədən, şist nefti və qazının aşkar olunması ilə bağlı işlərdə Ermənistan hakimiyyətinin tərəfdaşı olan ABŞ Geologiya Xidmətinin məlumatlarına görə, ölkənin təkcə Kotayk vilayətində 44 milyon tona yaxın şist neft ehtiyatları var.
Şist enerji daşıyıcılarının daha böyük ehtiyatlarının populyar dağ kurortu olan Dilijanda tapılması haqda xəbərlər (ilkin məlumata görə, 128 milyon ton) təbiət mühafizəçilərini xüsusiylə narahat etdi, axtarış işlərinə həm də Sevan gölü hovuzunda başlamaqla bağlı xəbərlər də var, halbuki qanun bu rayonda istənilən geoloji işləri aparmağa qadağa edir.
Həm də məlum olub ki, “şist layihəsi” ilə rusiyalı iş adamı, Ermənilər Birliyinin sədri Ara Abramyan böyük maraq göstərməyə başlayıb, AERTC də onunla tək Ermənistanda deyil, həm də ümumilikdə Avrasiya İqtisadi Birliyinin ölkələrində “mümkün qədər tez yeni enerji texnologiyalarının tətbiqi proqramlarına başlamaq üçün dialoq aparır”.
Ekoloq Levon Qalstyanın sözlərinə görə isə müvafiq tədqiqatlar hələ sovet dövründə aparılıb, amma o vaxt mütəxəssislər belə bir nəticəyə gəldilər ki, “bu mədənlər istismar üçün təhlükəlidir və bununla da hər şey bitdi”.
Təbiəti mühafizə edənlər hesab edir ki, Ermənistan hökuməti mədənçıxarma sahəsinin gələcək inkişafından imtina etməli və neft-qaz sahəsində axtarışları dayandırmalıdır. Amma ilk növbədə də xarici sərmayədarlar filiz-mədən sahəsinə vəsait qoymağı üstün tutur və tez bir zamanda gəlir almağa ümid edirlər, bunu misal üçün, turizm sahəsi təmin edə bilməz, onun inkişaf vacibliyi barədə ölkədə çox danışılsa da, az iş görülür.
Məlumdur ki, əsasən də vəhşi üsulla çıxarılan istənilən faydalı qazıntı ehtiyatları gec-tez tükənir, hasilat yerində isə səhra əmələ gəlir. Yeraltı sərvətlər tükənəndən sonra isə məlum ola bilər ki, ölkə artıq turizm və kənd təsərrüfatını ciddi şəkildə inkişaf etdirmək imkanını itirib, çünki ətraf mühitə ciddi ziyan yetirilib.
Belə çıxır ki, tələsik maraqlarla davamlı inkişafın uzunmüddətli trendi arasında seçim əsl strateji seçimə çevrilir. Bunu anlayan insanların sayı da getdikcə artır. Ekologiyanı mühafizə edənlərin indiki etirazları da simptomatik görünür. Axı 1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşməsi tələbi ilə başlayan, nəticədə də onun SSRİ-nin tərkibindən çıxmasına gətirib çıxaran güclü siyasi hərəkat da ekoloji çıxışlardan başlamışdı.
Dərc olunub: 28.12.2016