Mövsümi ərlərin yolunu gözləyərkən
30 yaşlı Ani Manukyan artıq 10 ildir ki, ailə qurub. Ərinin yanında olmadığı zamanı çıxsan, bu müddətin ancaq yarısı qalır. Gözlərindən ərinin xiffətini çəkdiyi oxunur. Övladlarında təsəlli tapır və ailə başçısının qayıtmağını gözləyir.
“Ötən il, noyabrın 12-də övladımız dünyaya gəldi, ərimsə Rimmanı ancaq üç ay sonra gördü. O, ancaq oğlumuz dünyaya gələrkən burada olub. Uşaqların böyüdüyünü, ilk addımlarını görməyib, ilk sözlərini eşitməyib. Evdən, ailədən uzaqda. Bizə qalan ancaq skaypdır. Bütün kənd bu vəziyyətdədir”, – üç uşaq anası deyir.
Ani Sevan gölü sahilində yerləşən Qeqarkunik rayonunun Liçk kəndində yaşayır. Bu kəndin əmək miqrasiyası göstəriciləri ən yüksək səviyyədədir. Miqrantlar sosial problemlərini həll etmək məqsədilə yazın əvvəlindən Rusiyanın müxtəlif şəhərlərinə yola düşür, evlərinə ancaq payızın axırlarında qayıdırlar.
Liçkin 5300 nəfər sakinindən 1000 nəfəri 18-65 yaş arası kişilərdir ki, onlar da qazanc dalınca kənddən gedib. Liçk kəndinin sədri Qnela Qriqoryanın sözlərinə görə, onların əksəriyyəti Rusiyaya, əsasən də uzaq Sibirə, bəziləri də Ukraynaya üç tutub.
“Bizdə iş yerləri yoxdur. Orada isə buralardan artıq çoxdan köçən, özünə texnika, baza alan, indi də dostlarını, qohumlarını dəvət edən həmkəndlilərimizdən ibarət briqadalar var. Orada bizimkilər asfalt işləri ilə məşğul olurlar”.
Bununla belə, Rusiyadakı iqtisadi böhran və inflyasiya Liçkdən olan əmək miqrantlarına da təsirsiz ötüşməyib. Çoxları yazda qazanc arxasınca gedərkən, bankdan kredit götürməli olub.
Ani Manukyanın qaynanası Rimma Hayrapetyan deyir ki, hər dəfə oğlanları ilə danışanda deyir ki, ailələrini də özlərilə aparsınlar.
“Saxlamaq çətindir. Bu il qəpik-quruş gətirdilər. Yenidən gedə bilsinlər deyə qızılı lombarda qoymalı oldum. 800 min dram (təxminən 1700 dollar) kredit mənim adıma, bir milyon da (2000 dollardan bir az çox) Aninin adına götürdük. Üç il ancaq faizi ödəyə bildik – rubl o qədər düşmüşdü. Amma yenə də iş ancaq orada var. Bizi Putin dolandırır”, – Rimma köynəyindəki Putinin portretini göstərərək, deyir.
Liçkin qadınları bir tərəfdən ərlərinin yanlarında olmadığından şikayətlənsələr də, digər tərəfdən onları xeyir-dua ilə Rusiyaya yola salırlar: tək əkinçilik və maldarlıqla kənddə dolanmaq mümkün deyil.
Ot biçini zamanı sahədə işləyən kişiləri barmaqla saymaq olar. Kənd sədri deyir: kənd təsərrüfatı texnikasından istifadə edə biləcək adam da qalmayıb. Buna görə də qadınlar kərəntidən istifadə edir.
Hamiləliyinin səkkizinci ayında olan 30 yaşlı Anna Saakyan biçilmiş otu yığır.
“Məndən başqa kim bu işi görəsidir ki? Kənddə hamı işləyir. Uşaqlarım üçün çalışıram. Ərim 8 ildir ki, qazanc dalınca Moskvaya gedir. Bu il artıq üç aydır ki, işsizdir. Yaxşı pulla qayıtdığı illər də olub, indi isə qəpik də yollamır”, – alnından axan təri silərək Anna danışır.
Annaya uşaqları – 7 yaşlı Rimma və 4 yaşlı Boris kömək edir. Yarım hektarlıq sahənin biçininə görə 35 min dram (təxminən 70 dollar) ödəməli olurlar. Otu özləri yığacaqlar, tayaları yığan maşına isə hər birinə görə 150 dram (30 sent) verirlər.
“Mal-qara, torpaq, kartof – bununla dolanırıq. Otumuz çox olur, bir hissəsini satırıq, amma yenə də oğlum qazanc dalınca getməsə, dolana bilmərik. Bacısının qızıl boyunbağısını lombarda qoyub, Rusiyaya getdi», Annanın 55 yaşlı qaynanası Rimma Qoroyan deyir.
Elektrik otbiçənin səsi kəndin demək olar ki, hər yerindən eşidilir. Bu, Qeqarkunik rayonunun Astxadzor kəndindən olan Aqasi Asatryan üçün ən qızğın iş mövsümüdür. O artıq 300 minlik (təxminən 630 dollar) ot biçib – nisyə.
“Payızda qayıdanda pulumu ödəyirlər. Bəzən lap bir ildən sonra verirlər. Tamam pulsuz qayıdanda neyləyəsən axı?! Kimin yoxudur, nisyə, kimin heç yoxudur, pulsuz biçirik”, – 37 yaşlı dörd uşaq atası deyir və əlavə edir ki, özü də hər il qazanc dalınca gedirmiş, amma rublun düşməyi bu dəfə onu evində qalmağa məcbur edib.
Arxasında növbəti biçilmiş ot tayasını qoyub, danışır: “Qazanc arxasınca getmədən dolanmaq mümkün deyil. Regionda gəlir mənbəyi sayılan kartofla ailə saxlamaq müşküldür”.
“Bir adam tapıb soruş ki, kartofun köməyilə nəyəsə nail ola bilib, ya yox? Kimsə kartof yetişdirməklə ev tikə bilib? Mümkün deyil. Kənddə təzə ev görsən bil ki, Rusiyadan gələn pul hesabına tikilib”, – deyə əlavə edir.
Liçk kəndində “Putinka” adlı ərazi son 20 il ərzində əmək miqrantlarının gətirdikləri vəsait hesabına tikilib.
“Rusiyaya getməsələr, yaşamayacaqlar, sürünəcəklər. Sənaye yoxdur, əvvəllər sovxozda işləyirdik, mineral su zavodumuz vardı, Martuni, Qavara zavodlarında işləyirdik. Amma qazanc dalınca getmək bizdə sovet dönəmindən qalma adətdir, onda da 50 faiz gedirdi”, – Liçk kənd sədri deyir.
O qeyd edir ki, insanlar hətta 100 min dram (təxminən 200 dollar) maaşla da ailələrini dolandıra bilmirlər:
“Ailələrimiz böyük, 5-7 nəfərdən ibarət olur, 12 nəfərlik ailələr də var. Ailəyə 1000 rubl göndərirlər, bu da heç bir kisə una da yetmir. İki il əvvəl 1000 rublu 12 min drama (25 dollara) dəyişirdilər, buna da iki kisə un almaq olurdu, indi isə həmin iki kisə üçün 2000 rubl lazımdır. Bu il vergi də yığmaq mümkün olmayacaq: payızı, kişilərin qayıtmağını gözləyirik”.
Artıq Rusiyada oturuşan Liçk sakinləri 350 min dollar xərcləyərək, kənddə kilsə tikiblər. Kənd sədrinin sözlərinə görə, kilsənin tikilməsi yaxşı haldır, amma bu vəsaiti istehsalata qoysalar, daha yaxşı olardı: kəndlilər iş yerləri ilə təmin olunardılar.
Liçkdə iki məktəb fəaliyyət göstərir. Hər il kənddə 90-100 uşaq dünyaya gəlir.
Ani Manukyan qazanc arxasınca gedən kişilərə bəraət qazandırmağa çalışır: “Onlara da çətindir: evə gəlirlər, uşaqlar onları tanımır. Burada qalsalar da övladlarını dolandıra bilməyəcəklər. Çıxılmaz vəziyyətdəyik. Yəqin ki, bu ənənəvi erməni ailəsinin yeni modelidir”.
Demoqraf Ruben Yeqanyan qeyd edir ki, əmək miqrasiyası (30-40 min mövsümi miqrant) Ermənistanda sovet dövründə, fəal regional inkişaf siyasəti aparıldığı illərdə də olub. Özü də bu, məhz dağ rayonlarının sakinlərinə xas imiş:
“O vaxtlar miqrasiya tərəqqi, indi isə sağ qalmaq strategiyasıdır. Bu, insanların öz ailələrini təmin edə bildiyi yeganə rasional yoldur. Bu gün mövsümi miqrantların sayı 80-100 mindir.
Bunların təxminən 85 faizi kişilər, qalanları da qadınlardır. Özü də əksəriyyəti əməkqabiliyyətli yaşda olan kişilər, əsasən gənclərdir. Əsas miqrasiya tərəfdaşı Rusiyadır, bura miqrantların 95 faizi gedir”.