Cavaxetidə Milad bayramı
“Kavkazski uzel”
Keşişlər az olduğundan, katoliklərin Milad liturgiyası dekabrın 25-də Cavaxetinin 10 kəndindən cəmi ikisində keçiriləcək. Liturgiyaların səhəri günü hər iki keşiş bayram ibadətlərinin keçirilməsi üçün qalan səkkiz katolik kəndinə yollanacaqlar. O da regionda yenidən qar yağmasa və yüksək dağ kəndlərinə aparan yollar bağlanmasa.
Cavaxeti Gürcüstanın Samtsxe-Cavaxeti vilayətinin, Ninotsminda və Axalkalaki bələdiyyələrinin müvafiq ərazilərinini bir hissəsinin tarixi adıdır. Bu, qısa yayı və uzun sərt qışı olan yüksək dağ regionudur, Cavaxetinin bir çox kəndlərinə çətin getmək olur.
Sonuncu dəfə 2014-cü ildə keçirilən Gürcüstan əhalisinin siyahıya alınmasının məlumatlarına görə, Samtsxe-Cavaxetinin əhalisi 160 504 nəfərdir, onlardan 81 089 nəfəri (50,52%) etnik ermənilərdir.
Vilayətin sakinləri arasında 15 024 nəfər (9,36%) özlərini katoliklərə aid edirlər.
Bilavasitə Cavaxeti vilayətinin – müvafiq olaraq 24 491 nəfər və 45 070 nəfərin yaşadığı Ninotsminda və Axalkalaki bələdiyyələrinin əhalisinin etnik və dini tərkibi barədə siyahıya alma materiallarında məlumat yoxdur.
Əksər kəndlərdə Milad bayramı ibadətləri təhlükə altındadır
Erməni katolikləri Cavaxetinin 10 kəndində kompakt yaşayır. Bu kəndlərdən dördü – Ucmana, Toriya, Jdanovka və Xeştiya – Ninotsminda bələdiyyəsində, daha altısı – Alastan, Varevan, Tursx, Kartikam, Bavra, Xulqumo – Axalkalaki bələdiyyəsində yerləşir.
Cavaxetinin erməni katolik kilsəsinin nümayəndələri “Kavkazski uzel”ə xəbər verdilər ki, Gürcüstanda cəmi beş katolik keşiş var, onlardan ikisi Cavaxetidə yaşayır və işləyir.
Anton Antonyan Eştiya kəndində yaşayır və işləyir, Andrey Yanitski Tursx kəndində daimi keşişdir. Onların başqa kəndlərdə ibadət keçirməsində müəyyən dövrilik yoxdur. Keşiş kəndlərə ehtiyac olduqda, ona zəng vurub, kimisə xaç suyuna çəkməyə və ya evləndirməyi xahiş edəndə gəlirlər.
“Keşişlər azdır, onlar fiziki olaraq hər kilsədə ola bilmir”, – Xulqumo kənd kilsəsinə gələn dindan Avtandil Dulxanyan deyir.
Cavaxeti sakinləri öz vilayətlərini Gürcüstanın Sibiri adlandırırlar. Evlər burada mayın ortalarına qədər qızdırılır. Regionun əksər kəndlərinə aparan yollar pis vəziyyətdə olduğu üçün hətta yayda da bura gəlmək olmur, qışdan heç danışmağa da dəyməz. Misal üçün, dekabrın 21-də Axalkalaki rayonunun Alastan və Varevan kəndlərinə, yerli sakinlərin sözlərinə görə, minik avtomobilləri girə bilmirdi. Elə olur ki, çovğun vaxtı yola çıxan sürücülər yolda donur və günlərlə orada qalırlar.
Aralarında Cavaxetidəki kilsələrin bölündüyü iki keşiş vaxtlarının böyük hissəsini öz kəndlərində keçirir, görünür məhz buna görə də məhz bu kəndlərin sakinləri yerli əhali arasında daha dindar sayılır və katolik kilsəsinin qanunlarından daha yaxşı baş çıxarırlar. Ümumilikdə isə regionun sakinləri və katolik ruhanilərinin dediyinə görə, Cavaxetinin katolik kəndlərinin gəncləri kilsəyə nadir hallarda gedir, dini ayinlərin necə yerinə yetirildiyini bilmir, heç də hamısı moizələrə getmir.
Yerli sakinlər deyir ki, Milad bayramı onlar üçün “sırf dini, kilsə” bayramıdır. Dua etmək və kilsəyə getmək günüdür, bəzək-düzəyə də ehtiyac yoxdur. Daha az dindar olanlar axşam bayram süfrəsi açacaq və bayramı ailəlicə qeyd edəcəklər, Milad bayramında bir-birinə hədiyyə etmək adətləri isə yoxdur.
“Biz Milad bayramını başqa ölkələrdəki katoliklər kimi qeyd etmirik. Bu gün biz kilsəyə gedirik, dua edirik, şam yandırırıq, sonra da evimizə qayıdırıq, vəssalam”, – Xulqumo sakini Nina öz bayramlarını təsvir edir.
Ermənilər xristianlığı dövlət dini kimi 301-ci ildə qəbul ediblər, din Ermənistanda artıq eramızın birinci əsrindən fəal şəkildə yayılır. Yola salmaqda olduğumuz 2016-cı ildə erməni dilində ilk İncilin nəşrinin 350 illiyi qeyd olunub, onu 1666-cı ildə Amsterdamda çap etdiriblər.
Xristianlıq bütün dünya ermənilərini birləşdirən amillərdən biridir. Əksər vaxtlarda məhz kilsə və keşişlər o cümlədən də diasporadan olan ermənilərə həmvətənləri ilə əlaqə qurmağa kömək edirlər.
Cavaxetidə katolikləri “franq” adlandırırlar. Bu sözün etimologiyası ermənilər arasında katolik dinini yayan moizəçilərin milliyyəti (əsasən fransızlar və italyanlar) ilə bağlı olub, amma fərqli mənaları var: “əhl-səlib”, “avropalı”, “yadelli”.
“Əvvəllər bizi kobud şəkildə franq adlandırırdılar. Amma o vaxtlar bu söz məni incidirdisə, indi əksinə, sevindirir. Bu, sadəcə mənim dinimə işarə edir, vəssalam”, – adını açıqlamaq istəməyən Eştiya kənd kilsəsinə gələn dindar xanımlardan biri deyir.
“Franqlar” yeganə termin deyil. Belə ki, Ninotsmindanın kənarında yaşayan katolikləri “mşetsi” adlandırırlar, Axalkalaki katolikləri isə iki qrupa bölünüb – yaşadıqları yerlərdən asılı olaraq, onları ya “xas”, ya da “qbo” adlandırırlar.
Katolik keşişlərinin azlığı təkcə bayramlarda hiss olunmur. Çox vaxt bəylə gəlini evləndirməyə keşiş tapılmır. Bəzən katolik kilsələrindən olan yeni evlənənlər Erməni apostol kilsəsinin keşişlərinə müraciət edirlər.
Surb Xaç kilsəsinin keşişinin sözlərinə görə, hər iki erməni kilsəsi – həm katolik, həm də apostol – bir-birinə qarşı loyaldır, həm Erməni apostol kilsəsi yaxın xristian kilsəsinin dindarlarını öz tərəfinə çəkmək istəmir, buna görə də onlar üçün nigah mərasimi keçirməyə razılıq verirlər, amma seçim də qoyurlar – nigahdan sonra katolik olaraq qalmaq yoxsa onlara qoşulmaq istəyirlər.
Eştiya kəndindən olan keşiş Anton Antonyanın sözlərinə görə, erməni katolik kilsəsi Vatikanın rəsmi icazəsi ilə dünyanın digər katolik kilsələrindən daha böyük azadlığa malikdir.
“Vatikan bizə Müqəddəs Milad bayramını həm dekabrın 25-də, həm də yanvarın 6-da (Erməni apostol kilsəsində Milad bayramı günü – “Kavkazski uzel”in qeydi)” qeyd etməyə icazə verir, – Anton Antonyan misal gətirir və izah edir ki, Ermənistan və Cavaxetinin katolik kilsələrində liturgiyalar həm dekabrın 25-də, həm də yanvarın 6-da keçirilir.
Bunu Vatikan istisna kimi icazə verib, Avropadakı katoliklər üçün isə bu, nəzərdə tutulmur.
Anton ata “Kavkazski uzel”ə bildirdi ki, Erməni apostol kilsəsi ilə katolik keşişləri arasında qarşılıqlı münasibətlər yaxşıdır, iki kilsə arasında oxşarlıq da çoxdur.
“Əslində fərq ancaq ondadır ki, mən Vatikana, Erməni apostol kilsəsinin keşişi isə Eçmiadzinə aiddir. Nə biz, nə də onlar dindarları öz tərəfimizə çəkməyə çalışmırıq. İcma hansı məzhəbə aid olduğunu özü bilir. Bir ərazidə işləyirik, amma aramızda fikir ayrılığı və münaqişə yoxdur”, – Anton Antonyan deyir.