Birinci informasiya
Qarabağ ətrafındakı qarşıdurma özünün ilk günlərindən həm də informasiya tərkibliydi. Hər iki tərəfdən müxtəlif təbliğat metodları istifadə olunurdu. Öncə hər şey öz-özünə, emosiyalar səviyyəsində baş verirdi. Müharibədən sonra internetin inkişafı dövründə, bütün bunlar forumlarda şanlı müharibələr aparan kiber-aktiv partizan birləşmələrinin inkişafı ilə nəticələndi.
Texnologiyanın inkişafı, münaqişədə hökumətin rolunun artması, hər iki tərəfin informasiya təhlükəsizliyi təbliğat və əks-təbliğatla bağlı qurumların inkişafına gətirib çıxardı, son iki-üç il ərzində informasiya müharibələrinə müxtəlif yanaşmalar üzə çıxır.
Azərbaycan hakimiyyət vertikalının qurulması yolunu seçdi, yavaş-yavaş partizan qrupları meydanı tərk etdi, ölkədəki media kanalları demək olar ki, tamamilə nəzarət altına düşdü. Bunun nəticəsində də dəqiq nəzarət olunan və daha çox sovet qurumunu xatırladan, operativ işləyən model formalaşdı. Ermənistanda isə dövlət və müstəqil qrupların şaxələnən vahid şəbəkəyə inteqrasiyasını nəzərdə tutan hibrid model qurmağı üstün tutdular.
Hərbi əməliyyatların başlanması hər iki modelin necə işlədiyini göstərdi. Azərbaycanın vertikal idarəçiliyi artıq əvvəldən ilk uğursuzluğunu yaşadı. Azərbaycan qüvvələrinin aprelin 1-dən 2-nə keçən gecə qısa müddətdə Qarabağ müdafiəsinin daxilinə qəflətən soxulmağı nəzərdə tutan əməliyyatı baş tutmadı. Artıq səhərə yaxın Qarabağ rəsmilərinin bildirdiyinə görə, bir sıra istiqamətdə erməni hərbçiləri əks hücuma keçdi və düşmənin həm canlı qüvvəsi, həm də texnikasına ciddi zərər yetirdi. İnformasiya sahəsində kəskin tormozlanma baş verdi – Azərbaycan mətbuatı günortaya qədər ümumiyyətlə heç bir məlumat vermədi.
Bu, artıq bütün dünyada hərbi əməliyyatların başlaması haqqında reportajların getdiyi vaxt idi. Görünür ki, məhz vertikal dəqiq münasibətlər mətbuata hansısa şəkildə hadisələri işıqlandırmağa imkan vermirdi, hərbçilər isə ilkin plan üzrə getməyən hadisələri necə təsvir edəcəklərini bilmirdilər.
Amma artıq günün sonuna yaxın hər iki tərəf öz məcrasına girdi və bütün istiqamətlərdə əsl informasiya müharibəsi başladı. Faktiki olaraq, hər iki tərəf bütün mümkün informasiya vasitələrindən istifadə edir. Hər iki tərəfdən kiber-hücumlar gedir. Erməni və Azərbaycan xəbər və rəsmi saytlar DDoS hücumları səbəbindən yüklənirlər (Azərbaycan tərəfinə bu işdə həm də bir türk haker qruplaşması kömək edirdi). Mətbuat vasitəsilə təbliğat materialları verilir. Güya ki, kəşfiyyatın ələ keçirdiyi DQR müdafiə nazirinin Ermənistandakı həmkarına göndərdiyi məktubun dərc edilməsi nəyə desən dəyər. Məktub dəhşətli səhvlərlə yazılıb. Amma daxili istifadə üçün yarayar.
Yəqin ki, ən fəal müharibəsi sosial şəbəkələrdə gedir, çünki bu işə hər kəs cəlb edilib. Burada hər kəs öz bacarığı və boş vaxtı üçün meydan tapa bilir. Ən hiyləgərləri (və hətta ola bilsin xüsusi xidmət orqanlarına işləyənlər) erməni adları altında istifadəçilərin etibarını qazanıb, cəbhədə, Yerevanda, Stepanakertdə vəziyyətlə bağlı məlumat almağa çalışırlar: panika yoxdurmu, qoşunlar hara gedir və s. Ya da özlərinin cəbhədəki hər şeyi öz gözləri iə görən tanışlarına istinad edərək, panika yaradırlar ki, hər şey pisdir.
Digərləri məqalələrin altında şərhlərdə mübahisə edir. Başqaları özləri məqalə yazıb, xarici ölkələrdəki dostlarına göndərir. Amma ən geniş yayılan kütlə söyüş söyənlərdir. Bacardıqları kimi, bildikləri dildə söyürlər, bilməyəndə də Google vasitəsilə tərcümə edib, yenə də söyürlər.
Bütün istiqamətlər üzrə mübarizənin informasiya metodlarından istifadə son illərdə Qarabağ münaqişəsini daimi müşayiət edən komponent olub. Amma son hərbi əməliyyatlar qarşıdurmanı yeni səviyyəyə keçirdi və onun cəbhədə baş verən hadisələrə də böyük təsiri var. Hər iki cəmiyyətin informasiya qarşıdurmasına bu səviyyədə cəlb edilməsi həqiqətən yeni bir şeydir. Və o gələcəkdə də öz təsirini göstərəcək.
Gələcəkdə siyasətçilər cəmiyyətlərini fəal informasiya qarşıdurmasına çəkdikləri ilə hesablaşmalı olacaqlar. Sıravi vətəndaşları isə döyüşdən sonra əsgərləri kazarmaya göndərən kimi geri göndərmək asan olmayacaq.
Samvel Martirosyan, informasiya təhlükəsizliyi üzrə ekspert
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 05.04.2016