Cənubi Osetiyada göbələk yığmağa görə 12 il – Tbilisi Gürcüstan vətəndaşının azad olunmasını tələb edir
Fevralın 8-də Rusiyanın Tbilisidəki keçmiş səfirliyi, daha sonra isə parlament binası qarşısında növbəti etiraz aksiyası keçirilib – vətəndaşlar və fəalar Sxinvalidə saxlanılan Gürcüstan vətəndaşı Zaza Qaxeladzenin azad olunmasını tələb edirlər.
Qaxeladze 2020-ci ilin iyul ayından Sxinvalidə həbsxanada saxlanılır. Ötən həftə o, 12,5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İttihamda deyilir: “Sərhədi qanunsuz keçdiyinə və hərbçilərə müqavimət göstərdiyinə görə”.
Tbilisili fəalların aksiyaları ancaq Rusiya yox, həm də Gürcüstan hakimiyyətinə qarşı yönəlib. Etiraz iştirakçıları bildiriblər ki, Tbilisi “Rusiyanı qıcıqlandırmamaq” siyasəti güddüyü üçün heç nə eləmir və buna son qoymaq lazımdır. İnsanlar hakimiyyəti Rusiyaya qarşı effektiv rıçaqlardan istifadə etməyə və Gürcüstan vətəndaşının azad edilməsinə nail olmağa çağırıblar.
“Gürcüstan hökuməti Putinin quludur”, – bannerlərdən birinin üzərində yazılıb.
Etiraz zamanı Sxinvalidə qanunsuz saxlanılan daha dörd Gürcüstan vətəndaşının adı çəkilib. Bunlar Gennadi Bastayev, Laşa Xetereli, İrakli Bebua və Ranaz Beqeluridir.
Bir neçə gün öncə Gürcüstanın Xarivci İşlər Nazirliyi qarşısında Qaxeladzenin azad olunması tələbi ilə böyük mitinq keçirilib.
Zaza Qaxeladzenin işi
Gürcüstanın Kasp rayonunun Kvemo Çala kənd sakini 34 yaşlı Zaza Qaxeladze 2020-ci il iyulun 11-də Cənubi Osetiyanın inzibati sərhədi yaxınlığında yerləşən Sxvilo qalasının yanında Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.
Saxlanıldığı zaman Qaxeladze ayağından yaralanıb. Osetiya tərəfi bildirir ki, o, sərhədi keçməyə çalışıb, güc strukturlarına müqavimət göstərib, azı beş dəfə odlu silahdan atəş açıb və cavab atəşilə yaralanıb.
Saxlanılan şəxsin həyat yoldaşı İrma Butxuzi deyir ki, həbs olunduğu gün əri digər kənd sakinləri ilə birlikdə sadəcə meşədə göbələk toplayırmış.
2021-ci il fevralın 5-də Cənubi Osetiya məhkəməsi Qaxeladzeni iki maddə üzrə – hərbçinin həyatına qəsddə və dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib və onu 12 il, 6 ay müddətinə azadlıqdan məhrum edib.
Gürcüstan tərəfi 2020-ci ilin oktyabrında Cenevrə danışıqlarının son raundunda Zaza Qaxeladzenin azad olnmasını tələb edib, amma buna nail ola bilməyib.
Tbilisidə reaksiya
Tbilisidə Sxinvali məhkəməsinin hökmünü Rusiyanın Gürcüstanda vəziyyətin stabilliyini pozmağa yönəlik növbəti təxribatı adlandırırlar.
Gürcüstan XİN-i beynəlxalq ictimaiyyətə “Rusiyanın işğal rejiminin növbəti təxribatını dəyərləndirmək və qanunsuz saxlanılan Gürcüstan vətəndaşının azadlığa buralmasına nail olmaq üçün effektiv addımlar atmaq” tələbi ilə müraciət edib.
XİN-in müraciətində deyilir ki, Abxaziya və Sxinvalinin inzibati sərhədində Gürcüstan vətəndaşlarının qanunsuz saxlanılması ilə bağlı məsələ “bütün müvafiq beynəlxalq formatlarda ən yüksək səviyyədə” qaldırılacaq.
Tbilisi həmçinin Rusiya Federasiyasını Gürcüstanın mərkəzi hökumətinin nəzarətində olmayan rayonlarda insan haqlarınıpozmağı dayandırmağa çağırıb.
Beynəlxalq reaksiya
Gürcüstanda ABŞ səfirliyi də Gürcüstan vətəndaşının həbsdə saxlanılmasını Rusiyanın təxribatı kimi dəyərləndirir:
“Bu hökm Rusiyanın Gürcüstanın regionlarını: Abxaziya və Cənubi Osetiyanı qanunsuz olaraq nəzarətdə saxlamaq və istismar etmək üçün növbəti cəhdidir”, – səfirliyin bəyanatında deyilir.
Səfirlik Rusiyanı regionda insanların həyatını təhdid altına qoyan “təhlükəli əməllərdə” günahlandırıb və Moskvanın “2008-ci il atəşkəs haqda razılaşma üzrə öhdəliklərini yerinə yetirməsini” tələb edib. Öhdəliklərə bütün qoşunların münaqişədən əvvəlki mövqelərə çəkilməsi də daxildir.
Səfirliyin bəyanatında deyilir ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanımasını geri çəkməli və bu regionlara humanitar yardımın maneəsiz daxil olmasını təmin etməlidir.
“Biz Zaza Qaxeladze və onun ailəsinə, o cümlədən də Rusiyanın sərt işğalını yaşamış bütün ailələrə başsağlığı ifadə edirik”, – ABŞ-ın Gürcüstandadkı səfirliyinin bəyanatında deyilir.
Avropa İttifaqının Gürcüstandakı səfiri Karl Xartsel də Zaza Qaxeladzenin dərhal azad olunmasını tələb edib. O, bunun üçün gürcü-osetin münaqişə zonasında fəaliyyət göstərən “qaynar xəttin” çoxtərəfli mexanizmlərindən, o cümlədən də IPRM-dən istifadə etməyi, həmçinin məsələni Cenevrə danışıqlarında qaldırmağı təklif edib.
Xartsel Rusiya Federasiyasına bu və digər belə olaylara görə məsuliyyət daşıdığını xatırladıb.
Gürcü-osetin münaqişə zonasından mütəmadi olaraq Rusiya hərbçilərinin Gürcüstan vətəndaşlarını “dövlət sərhədini qanunsuz keçmək” ittihamı ilə saxladığı haqda məlumatlar daxil olur. Adətən bunlar ya mal-qara otaran, ya da yaxınlıqdakı meşədə yeməli concoli otu toplayan yyerli sakinlər olur.
Həbs olunanları cərimələyirlər və tezliklə buraxırlar. Amma bu dəfə belə olmayıb, çünki Cənubi Osetiyada Qaxeladze hərbçiləri yaralamaqda günahlandırılır.
2008-ci il avqust müharibəsindən sonra Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Gürcüstan və beynəlxalq ictimaiyyətin böyük hissəsi bu əraziləri hələ də Gürcüstanın tərkib hissəsi hesab edir.
Rusiya müstəqilliklərini tanıdıqdan sonra Cənubi Osetiya və Abxaziya ilə razılaşma imzalayıb və bu razılaşmaya əsasən, ayrılma xətti (osetin və abxaz tərəflərinin, o cümlədən də Rusiyanın terminologiyasında dövlət sərhədi) boyunca hərəkətə Rusiya sərhədçiləri nəzarət edir. Nə Gürcüstan, nə də beynəlxalq aləm bu razılaşmanı qanuni hesab etmir.
Gürcüstan tərəfi bildirir ki, insanları tikanlı məftillərin və “sərhəd” işarısinin olmadığı yerlərdə də saxlayırlar.
2008-ci ilin sentyabrından Rusiya hərbçilərindən başqa münaqişə zonasında Avropa İttifaqının müşahidə missiyaları da yerləşdirilib, amma onlar ancaq Tbilisinin nəzarətində olan hissədə patrul xidməti aparırlar.