Konfrontasiya naminə konfrontasiya
Dağlıq Qarabağın nəzarəti altında olan, amma ətrafda yerləşən Azərbaycan kəndlərinin böyük ehtiyacı olduğu Sərsəng su anbarı bu günlərdə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi adlı qətnaməni qəbul edəndən sonra xəbər başlıqlarına çıxarıldı.
Sərsən su anbarı sovet dövründə, 1976-cı ildə Tərtər çayı üzərində tikilib. O vaxtlar bu anbar Azərbaycanın 6 rayonunu (Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədini) su ilə təmin edirdi. Müharibədən sonra Azərbaycanın iddia etdiyinə görə, bu kəndlər susuz qaldı və ta bu günə qədər kənd təsərrüfatı torpaqlarının suvarılması məsələsi onlar üçün çox böyük problem olaraq qalır.
Situasiyanı erməni politoloq, Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan şərh edir.
Bu qətnamə tövsiyə xarakteri daşıyır və yerinə yetirilməsi mütləq deyil, çünki AŞPA Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olmur. Nizamlanma prosesi ATƏT-in Minsk qrupunun öhdəlikləri zonasına daxildir.
Beynəlxalq qurumlar bir-birlərindən öz fəaliyyət növlərinə görə fərqlənirlər. Misal üçün, Avropa İttifaqı iqtisadiyyat və siyasət, ATƏT təhlükəsizlik məsələləri, Avropa Şurası isə humanitar məsələlərlə məşğul olur.
Məhz buna görə AŞPA Sərsəng su anbarı ilə bağlı qətnaməni təqdir edib, britaniyalı deputat Robert Uolter tərəfindən hazırlanan və birinci qətnamə ilə eyni vaxtda təqdim olunan digər “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması qətnaməsini qəbul etmədi. Yalnız birinci qətnamə humanitar məsələlərə, yəni AŞPA-nın məşğul olduğu sahəyə aiddir.
Qətnamənin qəbul edilməsi ilə Dağlıq Qarabağ münaqişəsində heç nə dəyişməyəcək. Sərsəng su anbarı kimi problemlərin sayı olduqca çoxdur. Ermənistan SSRİ və Dağlıq Qarabağ da bir vaxtlar əsasən Azərbaycandan təchiz olunan qaz və elektrik enerjisindən asılı idilər, amma indi bu iddianı AŞPA-da qaldırmaq qeyri-ciddi olardı.
Foto: Marut Vanyan
Bu qətnamə Azərbaycanın qeyri-hərbi üsullarla apardığı müharibənin nəticəsidir. Bu, təbliğat müharibəsidir.
Azərbaycan münaqişənin nizamlanmasında real kompromisə can atmır və başqa meydanlarda konfrontasiyanı davam etdirməyə çalışır. Mən Azərbaycanın “kürü diplomatiyası haqqında danışmaq istəyindən uzağam, çünki əlimdə bunu sübut edəcək faktlar yoxdur, amma onlar hansısa yollarla, dilə tutma və ya digər üsullarla AŞPA-nin regiondan kifayət qədər uzaq olan bu və ya digər deputatlarını məhz bu cür səs verməyə razı sala bildilər.
Ermənistan Azərbaycanın siyasətindən xeyli fərqlənən siyasət yürüdür və bunun səbəbi aydındır: o, müharibəni udub.
Ermənistanın konfrontasiyanı davam etdirməyə ehtiyacı yoxdur. Konfrontasiya Ermənistanın nəyinə gərəkdir? Yeni ərazilər qəsb etmək üçün? Onun belə bir istəyi yoxdur.
Ermənistan hansısa meydanlarda özünün Qarabağa olan haqqını sübut etmir – o heç Qarabağı Ermənistanın tərkibində tanımadı, heç onun müstəqilliyini də tanımadı. Ermənistanda heç Qarabağ səfirliyi belə yoxdur, ancaq nümayəndəlik var.
Azərbaycandakı qisasçılıq əhval-ruhiyyəsi təbii və başa düşüləndir – Azərbaycan cəmiyyəti məyusdur.
Həmin qətnamənin təbliğat müharibəsinin nəticəsi olmasına sübut qətnaməyə səs verən deputatların müxtəlif fraksiya və müxtəlif ölkələrdən olmasıdır. ATƏT-in Minsk qrupunun bunun cavabında verdiyi və AŞPA deputatlarını onların mandatına zərər yetirə biləcək və davam edən danışıqlar prosesini çətinləşdirə bilən addımlardan qaçmağa çağıran bəyanat isə məhz bütöv təşkilatın qərarıydı. Minsk qrupu xatırlatdı ki, məhz o münaqişə və danışıqların yeganə həll formatıdır.
İstənilən halda aydındır ki, bu qətnamənin münaqişə, elə suyun özü ilə də heç bir əlaqəsi yoxdur.
Su məsələsinə gəlincə, yəqin ki, atışma dayandırıldıqdan və hansısa şeylər barədə danışmaq mümkün olandan sonra, Azərbaycan tərəfi bu məsələni Dağlıq Qarabağla həll etməyə çalışa bilər, düzdür bu çox sürrealistik səslənir.
Ümumiyyətlə, təbliğat müharibəsində addımlar problemin həlli üçün deyil, əksinə, konfrontasiyanın mövcud olması üçün atılır. Bu qətnamənin daxil və qəbul edilməsi Azərbaycanla Ermənistan arasındakı mübarizə deyil. Bu, konfrontasiya cəhdləri ilə münaqişənin nizamlanmasının müzakirəsini dəstəkləmək cəhdləri arasında mübarizədir.
Bu zaman yarım il əvvəlki Azərbaycanla indiki Azərbaycan həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən iki fərqli ölkədir. Azərbaycanın pulu faciəli şəkildə azalıb – o dərəcədə ki, səfirliklər bağlanır, hərbi büdcə və stabilləşdirmə fondu kəskin şəkildə azalır. Əgər bir il əvvəl Azərbaycanın qızıl ehtiyatı 18 milyard dollar təşkil edirdisə, indi 5 milyard dollardan da azdır.
Bu səbəbdən də Azərbaycanın müxtəlif meydanlarda gələcək mübarizəsi ciddi nəticə verməyəcək.
• Hərbi əməliyyatlar dayandırıldıqdan sonra Dağlıq Qarabağ dəfələrlə Sərsəng su anbarının suvarma sularının birgə istifadəsini təklif edib. Bu ideyanı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik dəstəkləyib.
• Avropa Şurası Parlament Assambleyası 26 yanvar 2016-cı ildə plenar iclas zamanı Qarabağ münaqişəsinə aid iki sənəd nəzərdən keçirdi. Parlamentarilər Azərbaycan tərəfindən təqdim olunan qətnaməni qəbul edib, digərini dəstəkləmədilər. 98 “lehinə səslə AŞPA bosniyalı deputat Militsa Markoviçin Sərsəng su anbarına aid “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi adlı qətnaməni qəbul etdi. 7 deputat qətnamənin əleyhinə səs verdi, 40 nəfər bitərəf qaldı.