Gürcüstan yığmasına nə olub?
Müstəqil Gürcüstanın ilk rəsmi oyunu düz 22 il əvvəl baş tutub. İstisnasız hamının böyük ümidlərlə gözlədiyi, 100 mindən çox azarkeşin iştirak etdiyi dünya çempionatının seçmə mərhələsi. Qaranlığa qərq olmuş, müharibədən keçən, donmuş və qarət olunmuş ölkənin bu ümidlərini hansısa Yepuryan qırdı. Həmin insanın soyadını bu oyundan əvvəl və sonra heç kim eşitmişdi. Üstəlik, heç kim onun kim olduğunu və hardan çıxdığını belə bilmirdi. Bilinən bu idi ki, o, heç nə ilə seçilməyən Moldova millisinin sıradan bir futbolçusudur. Bununla belə o hamının planlaşdırdığı milli bayramı alt-üst etdi. Onda moldovalılar bir və ya iki dəfə meydanın bizə aid hissəsinə keçdilər və bir qol vura bildilər.
O vaxt komandamız gəncdi, gələcəyin komandası idi. Çoxlu istedadlı və böyük perspektivli gənc. Birdən birə parlayan fərdi oyunçular və komanda döyüşçüləri nəsli. Bu gənc oğlanlar sonradan dünyanın böyük stadionlarında böyük kuboklar uğrunda oynadılar və elə oynadılar ki, bədxah tənqid qarşısında sarsılmaz qaldılar – onları bu gün də xatırlayır və sevirlər – ingilislər, almanlar, italyanlar, hollandlar, şotlandlar və başqalarından xəbər almaq olar.
Pis sözlərlə anılan həmin o günə baxmayaraq, biz stadiona gedərək, millinin hər bir oyununu ümid və nikbinliklə gözləyirdik. Az qala hər bir oyun bayrama çevrilirdi, hətta uduzanda belə. Heç bir oyun Gio Kinkladzenin fənd və fintləri olmadan ötüşmürdü, onları oyundan sonra azarkeşlər müzakirə edir, stadiondan qayıdan uşaqlar isə asfaltdan olan futbol meydançasında təkrar etməyə çalışırdılar. Mümkün deyil ki, hansısa azarkeş Temur Ketsbayanın fədakarlığını və meydanda törətdiyi müharibəni nəzərdən qaçırsın, Arveladze qardaşlarının, Sxadadze-Şeliya duetinin müdafiənin mərkəzində oyunu və başqa şeylər də unudulmazdı.
Amma onda bizə həmişə nəsə çatmırdı, həmişə nəsə mane olurdu. Bugünkü mövqedən həmin o “nəsə yəqin ki, məşqçi və onun “gürcü xasiyyəti idi – o vaxtlar futbolçulara tez-tez irad tuturdular ki, klublara görə dəridən-qabıqdan çıxırlar, bəs milli komandalarının tərkibində onlara nə olur? Məndən soruşan olsa, heç nə olmurdu, onlar eynən bizim istədiyimiz qədər qələbə arzulayırdılar.
İllər ötdü və hər şey sanki bir andaca söndü.
Bundesliqada eyni vaxtda üç gürcünün oynadığı, Kaxa Kaladzenin iki dəfə Çempionlar Kubokunu qaldırdığı və ya Gio Kikladzenin ingilis fanatlarını dəli etdiyi, Şota Arveladzenin isə bombardir olmadan mövsümü bitirmədiyi vaxtları kim xatırlayır?
Bu gün zəmanə dəyişib.
Bu gün futbolçularımız Rusiya, Ukrayna, Qırğızıstan, Ermənistan, Azərbaycan və başqa ölkələrin komandalarında oynayır və heç də həmişə əsas tərkibə düşmürlər. Onlardan nə tələb edəsən? Əsas futbolçularının əksəriyyətinin öz klublarında ehtiyat skamyasında oturduğu milli komanda necə nəticələr əldə edə bilər? Heç cür.
Halbuki hər seçmə mərhələsindən növbəti seçmə mərhələsinə qədər ümidlə yaşayırıq. Yenə də stadionlara gedirik, bir məşqçi başqası ilə əvəz olunanda da yenidən ümidimiz yaranır:
“Elə bil artıq komandaya oxşamağa başladı;
“Heç müqayisə olunası deyil, əvvəlkindən xeyli yaxşıdır;
“Görək də, ötən oyunu yaxşı keçirdilər.
Gah ikinci hissədə normal oynadıqlarına, gah 60-cı dəqiqədən sonra meydanda heç kimin əldən düşmədiyinə heyrətlənirik, gah da məşqçinin tapşırıqlarının futbolçular tərəfindən dəqiq və keyfiyyətli yerinə yetirilməsinə sevinirik – bu cür kiçik ümidlərlə də hər bir seçmə mərhələ başlayıb sona çatır. Sonu eyni olur –cədvəlin axırından ya ikinciyik, ya da üçüncü, bir dəfə də bütün rekordları vurduq – o vaxt milli komandanın məşqçisi Ektor Raul Kuper idi. Məntiqcə məşqçidə də problem olmalıdır, amma problemlər haqqında uzun-uzadı danışmaq mümkündür – bu, geniş mövzudur.
Bu il, cari seçmə mərhələsində də belə oldu. Son iki oyunu milli komanda yaxşı keçirdi. İrlandiya ilə oyunda məğlub oldu, bir vaxtlar 5:0 hesabı ilə udduğu çox güclü Uels millisi ilə isə heç-heçə oynadı. Bundan da bir qədər əvvəl, yayda, Avropa çempionatı ərəfəsində yoldaşlıq oyununda Tornike Okriaşvilinin qolu sayəsində İspaniya üzərində qələbə çaldı. Milli komandaya yeni futbolçular da gəldi – Qvilia, Kverkvelia, Kakabadze və başqaları.
Azarkeşlərdə yenidən ümid yarandı. Noyabrın 12-də hamı həvəslə Moldova ilə oyunu izləmək üçün stadiona yollandı. Son dəfə stadionda bu qədər çox insanı nə vaxt gördüyümü xatırlamıram. Hərçənd yox, xatırlayıram – İspaniya, Almaniya, Fransa ilə oynayanda. Amma o vaxtlar stadion İnyesta, Qetse, Poqba və digər xarici ulduzları canlı görməyə gələnlərlə dolurdu.
Noyabrın 12-də isə stadion Gürcüstan milli yığmasının son oyunlarından ümidlənən azarkeşlərlə dolu idi. Dəqiq xatırlamıram, amma deyəsən, Gürcüstan millisi heç vaxt qələbənin hava-su kimi lazım olduğu oyunlarda udmayıb. Başqalarına isə bəli, bağışlayıb, məsələn, Şotlandiyaya. İndi də qələbə qazana bilmədilər. Kimi yenə bilmədilər? Bu gün dünyanın yəqin ki, ən zəif olan komandasını. Bu heç-heçə bəlkə də 22 il əvvəl baş tutan ilk rəsmi oyun zamanı yaşanan məğlubiyyətdən daha pis idi.
O vaxtlar ümid vardı. Ümid və aviabiletləri öz hesabına alıb, Gürcüstana ölkənin milli komandasında oynamaq üçün gələn nəsil. O gənclər buz kimi soyuq soyunma otaqlarından istifadə edir, məşqlərini dağıdılmış bazada keçirirdilər, bununla belə Xristo Stoiçkovun Bolqariya millisinə qalib gəlirdilər.
Bu gün sanki bütün ümidlər birdəfəlik söndü. Noyabrın 12-də Moldova ilə heç-heçə oyundan sonra azarkeşlər tam sükut şəraitində stadionu tərk etdilər. İnsanların stadionu belə qəm içində boşaltdığını heç vaxt görməmişdim – insanlar sanki dalaşmağa və qışqırmağa ərinirdi, ancaq oradan-buradan bir neçə kədərli ah səsləri eşidilirdi. Futbolçuların özləri də meydandan soyunma otağına başlarını aşağı dikərək getdi.
Neçə nəsil, neçə adamın stadiona gəlib, oyundan oyuna pis əhvala düşəcəyini bilmirəm, amma “Facebookda dostum Aleksandr Baqration-Davidovun statusu ilə də razılaşmaya bilmirəm: “Gürcüstan millisi David Kldiaşvili ilə Murakaminin hekayələrinin qarışığıdır. Yalançı fəallıq və dəhşətli ümidsizliklə doludur.
Dərc olunub: 18.11.2016