Futbolçular və fanatlar
2010-cu ildən etibarən birlikdə ilin ən yaxşı futbolçusunu müəyyən edən FİFA ilə Fransanın “France Football jurnalı arasında yaranan soyuqluğun səbəbini bilmirəm, amma mənə elə gəlir ki, bu “ayrılıq əvvəlcədən bu əməkdaşlığın səbəbi ilə müəyyən olunmuşdu.
FİFA-nın “Qızıl topunun sahibinin müəyyən olunması ilə bağlı olan altı illik əməkdaşlıq dövründə bu mükafat cəmi iki futbolçuya verilib – Lionel Messiyə və Kriştianu Ronaldoya.
Nəzərə alsaq ki, əsas fərdi mükafat uğrunda bu iki futbol dahisi arasındakı rəqabət 2008-ci ildən, yəni “France Football hələ təkbaşına ilin oyunçusunu müəyyən etdiyi vaxt başlayıb, demək olar ki, bu dövr ərzində böyük bir futbol azarkeşləri nəsli böyüyüb ki, onlar üçün də bu mübarizədə üçüncü həmişə artıq olacaq.
FİFA ilə Fransanın jurnalı (bu sorğunun yaradıcıları) arasındakı razılaşmaya əsasən, Yer kürəsinin ən güclü oyunçularını FİFA-ya daxil olan bütün yığmaların kapitanları və əsas məşqçilər, həm də KİV-in seçilmiş nümayəndələri səsvermə yolu ilə müəyyən edirdi.
Belə bir proseduranı tətbiq etməklə sorğu təşkilatçıları əslində obyektivliyə maksimal yaxın nəticəyə nail olmaq istəyirdilər, sonda isə əvvəldən nəzərdə tutulduğu kimi alınmadı.
Bu iki futbol ulduzunun dahiliyini zərrə qədər də şübhə altına qoymuram, bununla belə mənə elə gəlir ki (həm də tək mənə yox), bəzi hallarda son nəticəyə adın sehri də öz təsirini göstərib.
Yəni məhz Messi və Ronaldunun hər səkkiz ildən bir ən yaxşı futbolçu olması ilə bağlı fikirlər çox mübahisəlidir. Hər halda iki son dünya çempionatının keçdiyi mövsümlərdə ilk baxışdan belə görünürdü ki, həmin oyunların qəhrəmanları olan İnyesta, Robben, Noyer və Müller məhz Messi və Ronaldunun həddən artıq böyük populyarlığı səbəbindən mükafatsız qaldılar.
FİFA-ya daxil olan və hazırda artıq sayı 211 olan bütün yığmaların kapitanları və məşqçiləri əksərən öz şəxsi simpatiyalarından çıxış edərək, səs veriblər və səs verəcəklər. Bu simpatiyalar isə artıq çoxdan iki meqa-ulduz arasında bölünüb.
Bəzən belə bir hiss yaranır ki, Messi və Ronaldu butslarını mıxdan asıb, öz parlaq karyeralarını sona çatdırandan sonra belə bəzi səs hüququ olan futbolçular və məşqçilər qeyri-ixtiyari olaraq təkidlə öz anketlərində onlara birinci yer verməkdə davam edəcəklər.
Hazırda “France Football keçmişə dönüb, təkbaşına, tərəfdaşsız ən yaxşı futbolçunun müəyyən edilməsi ilə bağlı sorğu keçirmək qərarına gəlib. Bunu da köhnə, on illərlə işlətdiyi düstur üzrə edəcək – “Qızıl top sahibini illərin sınağından keçən nüfuzlu futbol nəşrlərinin jurnalistləri müəyyən edir.
FİFA da öz növbəsində, Yer kürəsinin ən yaxşı futbolçusunu müəyyən etməkdə davam edəcək, amma istənilən halda intriqanın olacağı (çünki hər bir nəşrin reputasiyası sual altına qoyulacaq) fransız jurnalının sorğusundan fərqli olaraq, onun nəticələri hələ qarşıdan gələn uzun illər boyu, yəni Messi və Ronaldu öz futbol karyeralarını sona çatdırana qədər, əvvəlcədən məlumdur.
Eyni zamanda da FİFA özünün mürəkkəb və çoxpilləli səsvermə prosedurasının “popsa elementini bir az da artırır – bu il ən yaxşı futbolçunun müəyyən edilməsində KİV nümayəndələri və dünyanın bütün yığmalarının kapitanları və məşqçilərindən başqa, adi azarkeşlər də iştirak edə bilər.
Noyabrın 22-nə qədər hər kəs fifa.com saytında qeydiyyatdan keçib, öz üçlüyünü qeyd edə bilər. Futbol azarkeşləri və jurnalistlərin səsləri xal şəklində ümumilikdə 50 faiz təşkil edəcək. İkinci yarısı da milli komandaların kapitanları və məşqçilərinin fikirləri olacaq.
Yəni indi FİFA-nın sorğusu obyektivlikdən uzaq olmağa məhkumdur, çünki argentinalı və portuqaliyalının fan-klublarının adi yarışına çevrilir. Ümid ancaq təkbaşına sorğu keçirən “France Footballa qalır.
Bununla belə, Messi və Ronaldunun hələ də əla formada olduğunu nəzərə alsaq, o da müəyyən müddət ərzində qeyri-ixtiyari təfəkkürdən uzaq qala bilməyəcək.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 11.11.2016