Qalda mal hardandır
Qal rayonundakı bazar Suxum bazarına oxşayır. Böyük, gediş-gəlişli, fakturalı. Aralarındakı yeganə fərq qiymətlərdədir – Qalda qiymətlər xeyli aşağıdı. İnsanlar da burada xeyli daha sakitdirlər.
Tarix
Qal bazarının uzun tarixi var. Direktoru David Beradzenin danışdığına görə, bazar yerli sakin, xırda alverçi Çonçor Marqaniyanın (Maanın) 1920-ci ildə açdığı kiçik piştaxtasından başlayır.
Bu piştaxta hazırda rayonun Mədəniyyət Evinin yerləşdiyi ərazidə idi.
Marqaniya əsasən qarğıdalı, yarma, əldəqayırma taxta qaşıq, dəmir mismar və çuqun qazanlar satırdı.
Tezliklə başqaları da ondan nümunə götürdü. Yavaş-yavaş yeni alverçi piştaxtaları peyda oldu, bazar böyüməyə başladı.
1925-ci ildən sonra Qalda yerli sakin Yerime Miloravanın başçılığı altında Ticarət İşçiləri Birliyi təşkil olundu. Elə həmin vaxt da Qal şəhər və rayon mərkəzi statusu aldı, Mədəniyyət Evinin tikintisinə başladılar. Buna görə də 1930-cu ildə şəhər bazarını başqa yerə köçürmək qərarı verildi.
Yeni bazar daha böyük idi, daha yaxşı planlaşdırılmışdı və “Qal rayonunun mərkəzi bazarı adını aldı. Elə həmin vaxtdan da bazar orada yerləşir.
Qal reketi və Eynşteyn
Un anbarı. Yanında duran kişilər uca səslə söhbət edir. Biri məni görüb, diqqətimi özünə çəkmək üçün əllərini yelləməyə başlayır.
– Bizim şəklimizi çəkin, – o mənə müraciətlə deyir, – Mən Qalın un reketiyəm: mən abxazam, o da meqrel.
Kameraya poz verəndən sonra onlar məni sual atəşinə tutur, bu arada alıcılara da göz qoymağı unutmurlar.
Biznesləri unla bağlıdır. Deyirlər ki, əvvəllər mal almaq üçün Zuqdidiyə gedirdilər, amma son zamanlar xeyir eləmir, çünki dollar və lari bahalaşır. Buna görə də unu Rusiyadan gətirirlər.
– Əvvəllər yüz rubla beş lari verirdilər, indi üç yarım, – özünü abxaz kimi təqdim edən deyir. – Sifarişi düz bura gətirirlər. Gürcüstana isə özüm getməliyəm, nəqliyyat sifariş etməliyəm, əlavə əziyyət və xərc.
– Bəs bizim Eynşteyni görmüsən? – “meqrel onun sözünü kəsir.
Anbardan ağ saçlı kişi çıxır. O həqiqətən də dahi fizikə oxşayır. Arabanı itələyir, içində iki kisə un var.
– Bəli, bu bizim qallı Eynşteynimizdir, – satıcı gülümsəyərək, sözünə davam edir: – Zuqdidi Qal camaatının hesabına dolanır. Orada satılan hər şeyi biz alırıq, amma işlər belə getsə, malı Rusiyadan gətirməli olacağıq.
Bazar, hinduşkalar və “qalskviçlər
Qaldakı bazar həyatı ancaq həftənin üç günü mövcuddur: çərşənbə axşamı, şənbə və bazar. İş günü səhər saat altıda başlayır, gündür saat üçdə, bəzən də daha tez bitir, çünki bəzi ərzaqları, misal üçün, əti bir saat-saat yarım ərzində alıb qurtarırlar.
Yerli sakinlərdən birinin danışdığına görə, bir dəfə ət dükanına səhər saat səkkizə on beş dəqiqə qalmış gəldi və ancaq iki kilo yaxşı donuz əti ala bildi.
Digər ərzaqları daha rahat almaq olur, bununla belə bilən adamlar bazara daha tez gəlməyi üstün tutur.
Maraqlıdır ki, Qal bazarında paytaxtdakından daha az səs-küy var. Səbəblərdən biri buradakı piştaxtalardan qulaqbatıran musiqi sadalarının eşidilməməsi ilə bağlıdır. Həm də satıcıların uca səslə öz malına diqqəti cəlb etmək kimi bir adəti yoxdur. Hətta belə bir təəssürat yaranır ki, araba sürən fəhlələr belə ətrafdakıları mümkün qədər az narahat etməyə çalışır.
Qaldakı bazar həm də daha təmizdir, baxmayaraq ki, burada insanlar Suxumdakından daha çoxdur. Bununla belə, yerli sakinlər təzə adamlara ehtiyat və şübhə ilə baxırlar. Bir az fərqli adam görən kimi, yaxınlaşıb, kim olduğunu, haradan gəldiyini və burada nə iş gördüyünü də xəbər ala bilərlər.
Yerli sakinlərdən biri danışır ki, 15 il əvvəl bazarda naməlum bir maşın görünən kimi, insanların hərəsi bir tərəfə səpələnirdi. Atəş açılacağından qorxurdular. İndi hər şey fərqlidir, heç kim qorxmur. Amma təzə adamlar yenə də burada diqqəti cəlb edir.
Qal satıcılarının sözlərinə görə, alıcılar bura Abxaziyanın hər yerindən – Psoudan İnqura qədər – gəlirlər. Əsasən, toyuq, hinduşka, çoşqa, keçi və quzu alırlar.
Toy, ad günü, istənilən başqa bayram olan kimi camaat Qala üz tutur. Burada mal daha ucuzdur. Misal üçün, hinduşkanın qiyməti 1,500 rubldur [təxminən $25]. Həyətində yetişdirmək üçün hinduşka balasını almaq isə cəmi 450 rubla [təxminən $7] başa gəlir.
Çoşqaları yerli sakinlər “qalskviç adlandırır və çəkisindən asılı olaraq 2-3 minə [təxminən $35] satırlar. Bunların hamısı yerli maldır. Quzuları isə bura Gürcüstandan gətirirlər. Qiyməti də 6-8,000 rubldur [təxminən $10].
Amerika hərbi paltarı və Zuqdidi quzuları
Bazarda gəzişərkən anlayırsan ki, malın gətirilmə coğrafiyası kifayət qədər genişdir.
Misal üçün:
• Batumidən amerikan və alman hərbi forması;
• Primorskdan qarpız və yemiş;
• Ədviyyat və acika Svanetidən;
• Xiyar-pomidor Oçamçiradan.
Ümumilikdə Qala malı əsasən, Zuqdidi, Kutaisi və Batumidən gətirirlər.
Qiymətlər də bəzən ağlasığmaz olur. Ovçu üçün qış kostyumunu burada 2,500 rubla [təxminən $40], almaq olar, hardasa Soçidə isə onun qiyməti 10,000-dən az olmayacaq.
Amma Qal bazarında heç də hər şey aşağı qiymətə deyil. Bəzi mallar öz qiymətinə görə paytaxt bazarında satılanlarla rəqabət apara bilər.