Altı yaşlarında çiyinlərində 4 kilo yük gəzdirirlər
Sentyabrda hər yerdə uşaqlar məktəbə getdilər. Kimi 1-i, kimi 15-i, kimi 20-si, amma hamısı sentyabrda. O cümlədən Cənubi Qafqazda 260 min uşaq birinci sinfə getdi.
Hamı övladları və nəvələrinin sevincini, xoşbəxtliyini bölüşür. Amma bu hadisə tam başqa emosiya da doğurur – dərslik, çanta, məktəbli forması və s. alınmasına sərf olunan yüksək xərclərlə bağlı.
Beləliklə – Cənubi Qafqazın müxtəlif regionlarının sakinlərinə birinci sinif şagirdini məktəbə hazırlamaq neçəyə başa gəlib?
Həmişə olduğu kimi, JAMnews-un icmalında şəhərlər əlifba sırası ilə düzülüb və yer adları yerli əhalinin istifadə etdiyi formada verilib ki, bunun da JAMnews-un fikri və dəyərləndirməsi ilə heç bir əlaqəsi yoxdur.
Bakı
Selsi cədvəli üzrə 30 dərəcəyə yaxın isti – bu, Bakı sentyabrı üçün normal havadır. Bu dövr “əncir istisi adlanır, əncir istini sevir və tam yetişmə dövrü də məhz sentyabr ayına düşür. Buna görə də 2014-cü ildə Azərbaycanda dərs ilinin sentyabrın biri deyil, məhz 15-i başlaması ilə bağlı qərar verilib.
Hazırda Bakı manatın məzənnəsinin növbəti dəfə düşməsini gözləyir, buna görə də birinci sinif şagirdlərinin valideynləri uşaqları məktəbə xeyli əvvəldən hazırlamağa çalışıblar. Dəftərxana malları satılan mağazaların satıcıları deyirlər ki, qələm, dəftər və qalan şeylərin qiyməti artıq avqustun əvvəlindən qalxmağa başlayıb.
Bu ilin statistikası hələ hazır deyil, amma 2016-cı ildə Azərbaycanda 156 min 877 uşaq birinci sinfə gedib.
Dərslikləri onlara məktəbdə pulsuz paylayıblar, hər halda paylamalı idilər. Bəzi məktəblər hələ də valideynlərdən kitab almağı xahiş edir, dövlət büdcəsi hesabına alınan dərsliklər hamıya çatmır.
Bundan başqa, “iş dəftərlərinin alınması da mütləqdir, bu da A4 formatında, yumşaq üzlüyü olan dərsliyə bənzər kitabçadır. Qiyməti də üç dollara yaxındır.
Bəzi müəllimlər ibtidai siniflərdə uşaqları çox yükləməmək üçün iş dəftəri almamağa icazə verir, amma bu istisna haldır.
Bundan başqa, valideynlər bütün fənlər, o cümlədən musiqi, təsviri sənət və hətta idman tərbiyəsi üzrə dərs vəsaiti almalıdırlar.
Nəticədə ən yaxşı halda (iş dəftəri olmadan keçinməyə icazə verən liberal müəlliminiz varsa) bütün növ mütləq dərs vəsaitləri sizə minimum 15, adətən isə 40 dollara başa gələcək.
Qələm, diyircəkli qələm, xətkeş, penal, rəngli qələmlər və s. sizə 15 dollardan 70 dollara qədər başa gələ bilər – əgər, misal üçün, “Qrafika mağazasına gedib, ürəkli və ya lələkli qəşəng qələmlər və bloknotlar alsaz.
Dövlət məktəblərində məktəbli formasının qiyməti ölkə üzrə eynidir, təxminən 30 dollar: göy dama-dama ətək (oğlanlar üçün şalvar), göy jilet və pencək. Ağ köynək məsələsi bir az daha mürəkkəbdir: qiyməti 10 dollardan aşağı köynəklər olmur, az-çox keyfiyyətli olanları isə 25 dollara almaq mümkündür. Əvvəlcədən tədarük görüb, Yeni il qabağı endirimlərdə iki qat aşağı qiymətə almaq da olar.
Özəl məktəblərə – liseylərə gedən birinci sinif şagirdləri üçün formanı atelyedə tikdirməli olurlar ki, bu da azı iki dəfə baha başa gəlir.
İdman formasının qiyməti isə konkret məktəb və müəllimdən asılıdır. Şəkilsiz sadə ağ mayka və qara şort tələb edə bilərlər. Hamısının da qiyməti 10 dollardan aşağı olmayacaq.
Eyni şey ağ köynəklərə də aiddir – məktəb tələb edə bilər ki, qız köynəklərinin üzərində krujeva və ya başqa bəzəklər olmasın, bu cür sadə köynəyi almaq isə həm çətin olacaq, həm də baha başa gələcək.
Portfellərin qiyməti 20 dollardan 125 dollara qədərdir – ikinci qiymətə sizə onurğaya düşən ağırlığı azaldan erqonomik portfel vəd edirlər.
Beləliklə, Azərbaycanda birinci sinif şagirdini məktəbə hazırlayarkən minimal xərclər:
- Kitablar — $15;
- Dəftərxana ləvazimatları — $15;
- Forma — $40;
- İdman forması – $10;
- Portfel — $20.
Yekun: $100.
Bu məbləğ məhz minimumdur, çünki onu heç cür azaltmaq mümkün deyil. Amma əgər valideynlər uşaqlarının keyfiyyətli əşyalardan istifadə etməsini və rahat paltar geyinməsini istəyirsə, təkcə təmiz pambıqdan olan üç köynək və bir cüt keyfiyyətli ayaqqabı, bundan başqa, qəşəng flomasterlər, penal, başqa əlavə əşyalar və rahat portfel almaq təxminən 500 dollara başa gələcək.
Həm də birinci sinif şagirdinin portfelinin çəkisi 3-5 kilo (!) olacaq. Yuxarı sinif şagirdləri isə çəkisi 7 kiloya qədər olan portfellə məktəbə getməli olurlar.
Yerevan
Ermənistanda dərs ili sentyabrın 1-də başlayıb, birinci sinfə 40 minə yaxın uşaq gedib.
İlk gün şagirdin məktəbə aparmalı olduğu hər şeyi çantaya yığıb, tərəzidə çəksək, məlum olar ki, 6 yaşlı uşaq çiynində və ya kürəyində dörd kilodan ağır yük daşımalıdır. Buna görə də valideynlər əsasən təkərli çanta seçməli olur ki, onun da qiyməti dram ekvivalentində 30 dollara yaxındır.
Ermənistanda I-IV sinif şagirdlərinə dərsliklər məktəbdə pulsuz verilir. Amma birinci sinif şagirdi özü ilə əlavə olaraq bunları gətirməlidir:
- 10 nazik dəftər – hamısı təxminən 1 dollar;
- 10 ümumi dəftər – hamısı təxminən 10 dollar;
- qələmlər – təxminən 4 dollar;
- pozan, xətkeş, gündəlik, diyircəkli qələm – hamısı birlikdə 5 dollar.
Standart ağ köynəyin qiyməti təxminən 10,000 dramdır (21 dollara yaxın). Şalvar və ayaqqabı isə təxminən 60 dollara başa gələcək, idman forması 25, idman ayaqqabısı 27 dollara başa gəlib.
Ümumilikfə 74 min drama yaxın eləyir [təxminən $150].
Bu, Ermənistanda uşağı birinci sinfə göndərmək üçün lazım olan orta məbləğdir. Maddi imkandan asılı olaraq bir qədər daha az və eyni zamanda xeyli daha çox xərcləmək olar.
Suxum
Bu təhsil ilində Abxaziyada 156 məktəb fəaliyyət göstərir, onlardan 46-ı rus, 59-u abxaz, 11-i gürcü, 25-i erməni məktəbidir.
Dərslər sentyabrın 1-i başlayıb, birinci sinifə 2,938 uşaq gəlib.
Abxaziyada təhsil pulsuz olsa da, uşağı məktəbə hazırlamaq valideynlərə heç də ucuz başa gəlmir.
Hər məktəbdə mütləq olan formadan başlayaq. Oğlan üçün dəst (şalvar, pencək, iki köynək və pulover) orta hesabla 5, 000 rubla [80 dollara yaxın] başa gəlir. Qızlar üçün 15-20 dollar baha olur.
Birinci sinif şagirdi üçün portfelin qiyməti 60 dollara yaxındır. Dəftərxana ləvazimatları (dəftər, diyircəkli qələm, penal, albom, boya, xətkeş, flomaster və s.) orta hesabla 45 dollara başa gəlir.
Əksər dərsliklər məktəblilərə pulsuz verilir. Amma onlar hamıya çatmır, buna görə də valideynlər çatmayan dərslikləri almalı olur. Orta hesabla bir kitabın qiyməti 5-7 dollardır.
Bundan başqa, müxtəlif əlavə vəsaitlər də lazım olur ki, bunlara da təxminən 45 dollar xərclənir.
Valideynlər həm də sinfin təmir xərclərini ödəməli olur. Sinifdə divarların, tavanın, döşəmənin boyanması, bundan əlavə də müasir pəncərələrin quraşdırılması 1,500 – 2,000 dollara başa gəlir. Bu məbləğ adətən şagirdlərin sayına bölünür.
Bu yaxınlarda təhsil naziri Adqur Kakoba jurnalistlərə bildirib ki, Abxaziyadakı əksər məktəblərdə əsaslı təmir tələb olunur.
Amma təmir tələb olunmayan yerlərdə də valideynlər xərcə düşür, misal üçün, kondisionerin quraşdırılmasına görə. Düzdür, bəzən sponsorların xərcləri öz üzərinə götürdüyü hallar da olur.
Orta hesabla birinci sinif şagirdinin məktəbə hazırlığı valideynlərə 10-15 min rubla [təxminən $150] başa gəlir.
Tbilisi
Matenin 6 yaşı var, bu sentyabr ayında o birinci sinfə gedib. Təzə şalvar, mavi köynək, ayaqqabı və corab – hər şey artıq avqustun axırında, dərs ilinə iki həftə qalmış dolabda, ən görünən yerdən asılmışdı.
Spaydermenin şəkli olan göy portfel də elə orada idi.
Oğlunu məktəbə hazırlayarkən Nino Kemularia 106 dollara yaxın xərcləyib.
Kitab, dəftər, diyircəkli qələm, sadə qələm, plastilin, boya, penal və başqa dəftərxana ləvazimatları təxminən 33, portfel 20, forma 65 dollara başa gəlib.
Gürcüstanda məktəbə gedərkən bütün birinci sinif şagirdlərini partalara düzülmüş Maarif Nazirliyi tərəfindən bağışlanan “Buk – balaca kompüterləri gözləyir, həmin kompüterlərə artıq məktəb materialları da yazılıb.
Nazirlik dərslikləri də pulsuz paylayır. Amma Nino oğluna təzələrini almaq qərarına gəlib.
“Məktəbdə artıq istifadə olunan kitabları paylayırlar, həm də bərk-bərk tapşırırlar ki, uşaqlar onları xarab eləməsin, səhifələrini yazmasın, əzməsin. Məncə uşaq kitabla ünsiyyətdən gərilməməlidir, həzz almalıdır, – Nino deyir.
İbtidai siniflər üçün bir dərsliyin qiyməti 8 laridən 15 lariyə qədərdir [təxminən $3-7].
“Əsas müştərilərimiz özəl məktəb şagirdlərinin valideynləridir, düzdür, dövlət məktəblərindən müraciət edənlər də var, çünki məktəblərdə paylanan kitabları aldığın vəziyyətdə təhvil verməlisən. Və uşaqlar kitablarla nə qədər ehtiyatlı davransalar da onlar köhnəlir. Belə olan halda cərimələr yazılır, cərimə xallarından asılı olaraq gələcəkdə bu cür şagirdə daha da köhnə dərslik verirlər”, – mağaza satıcılarından biri deyir.
Hər bir dərslik üçün mütləq olan xüsusi əlavə dəftərlər də var ki, onların hər birinin qiyməti təxminən 3 dollardır.
Portfelin minimal qiyməti 20 dollardır. Mağazalarda deyirlər ki, bu il qiyməti 10-20 dollar və daha artıq olan təkərli portfellərə xüsusi tələbat vardı.
Təkərli portfel hər gün evdən məktəbə və məktəbdən evə çəkisi azı 5 kilo olan portfel daşımalı olan məktəbliyə həqiqətən də böyük köməkdir.
Bəzi valideynlər çıxış yolu olaraq, uşaqlarına hər dərslikdən ikisini alırlar: biri evdə saxlanılır, biri də məktəbdə. Onda portfelin çəkisi xeyli yüngül olur. Amma bu heç də hər ailənin imkanı daxilində deyil.
Maarif naziri Aleksandr Cecelava da deyir ki, məktəb portfellərinin çəkisinin azaldılması qurumun qarşısında duran əsas məsələlərdən biridir. Bu məsələ də dərsliklərin çəkisi daha yüngül olan kağızın üzərində çap olunması və təhsil prosesində elektron kitabların tətbiq edilməsi hesabına həll olunacaq.
“Biz “Microsoft və başqa korporasiyalarla işləyirik, elektron kitabların konsepsiyasını yoxlayırıq. Əlbəttə ki, bu könüllü şəkildə olacaq, hər bir ailə də uşağın elektron kitablardan istifadə etməsi məsələsini özü həll edəcək. Düşünürəm ki, XXI əsrdə şagirdin mütləq alternativi olmalıdır, – nazir deyir.
Gürcüstanda təhsil ili sentyabrın 15-də başlayır və hələlik yeni statistika yoxdur. 2016-cı ildə Gürcüstanda birinci sinfə 61 min uşaq gedib (onlardan 53 min nəfəri dövlət, 8 mini özəl məktəblərin şagirdi olub).
Sxinval
Bu il sentyabrın 1-də Cənubi Osetiyada 798 uşaq ilk dəfə məktəb partası arxasına oturub. Ümumilikdə respublikada 53 məktəb fəaliyyət göstərir.
Birinci sinif şagirdi olacaq oğlan uşağını məktəbə hazırlamaq valideynlərə 18 mindən 20 min rubla qədər [təxminən $300] başa gəlir.
Bura daxildir: kostyum, iki köynək, ayaqqabı, idman kostyumu, portfel, boya, rəngli qələmlər, dəftərlər, əmək dərsi üçün ləvazimat və digər xırda əşyalar. Düzdür, bu zaman paltarın keyfiyyəti aşağı olacaq.
Keyfiyyətli, sintetikasız və ya təbii dəridən olan əşyalar almaq üçün təxminən 450 dollar lazım olacaq. Əksər valideynlər ortopedik əsaslı portfel almağa çalışır ki, onun da minimal qiyməti 40 dollardır.
Birinci sinfə gedəcək qızlara daha az pul xərclənir – don, önlük və bant kostyuma xərclənən pulla müqayisədə 50 dollar ucuz başa gəlir.
Hər birinci sinif şagirdinin valideyni kitab və iş dəftərləri üçün 80 dollara yaxın pul xərcləməli olur.
Əvəzində isə Cənubi Osetiyada bütün şagirdlərə pulsuz səhər yeməyi – kompot və ya kisellə birlikdə bulka verilir. Uzadılmış gün qrupunda məktəbdə axşama qədər qalan şagirdlər isə pulsuz nahar yeməyi də alır.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır