Putin Dağlıq Qarabağ haqda: “Status-kvo saxlanılmalıdır”
Dağlıq Qarabağ ərazisi beynəlxalq hüquq nəzərindən Azərbaycanın bir hissəsidir – Rusiya prezidenti Vladimir Putin hər il keçirilən mətbuat konfransında bildirib. “Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımayıb”, – o qeyd edib.
- Şərh: Qarabağda hadisələrin üç ssenari üzrə inkişafı – Bakıdan baxış
- Qarabağda dəyişən xəritələr, mühasirələr, yeni əsirlər: nə baş verir? – Bakıdan şərh
- Daha əsir yoxdur? Azərbaycan və Ermənistan “hamını hamıya” dəyişdiklərini bildiriblər
Putinin sözlərinə görə, Dağlıq Qarabağ ətrafında münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində Rusiyanın mövqeyi belə olub: “Rusiya, ABŞ və Fransanın həmsədr olduğu Minsk qrupunda da bizim mövqeyimiz belə qurulmuşdu. Biz uzun illər boyunca həmişə Dağlıq Qarabağ ətrafında saxlanılan yeddi rayonun Azərbaycana qaytarılmalı olduğundan çıxış etmişik”.
Dağlıq Qarabağın statusu haqda
Putin qeyd edib ki, Qarabağın statusu indi dəyişməz qalmalıdır, onun müəyyən edilməsi məsələsini isə gələcəkdə həll etmək lazımdır.
“Dağlıq Qarabağda status-kvo saxlanılmalıdır, amma Dağlıq Qarabağ və Ermənistan arasında ünsiyyət imkanının mütləq yaradılması şərtilə, bunun üçün də Laçın dəhlizinin yaradılması nəzərdə tutulurdu – yəni Ermənistan və Dağlıq Qarabağ arasında dəhliz”, – RF prezidenti bəyan edib.
Türkiyənin mövqeyi haqda
Türkiyənin Dağlıq Qarabağ ətrafındakı mövqeyinə toxunaraq Putin rəsmi Ankara tərəfindən 1990-cı illərdə Azərbaycanın itirdiyi ərazilərin qaytarılması məsələsində Bakıya dəstəyini qeyd edib.
“Türkiyənin mövqeyi buna əsaslanıb və bu, açıq bəyan edilib ki, Türkiyə onların hesab etdikləri kimi Azərbaycanın haqq işini – məhz 1990-cı illərdə hərbi toqquşma nəticəsində işğal olunan ərazilərin qaytarılması haqqını müdafiə edib”, – Putin deyib.
Münaqişənin səbəbləri haqda
Putin hesab etmir ki, Dağlıq Qarabağ ətrafında münaqişə xarici qüvvələrin müdaxiləsinə görə bu il yenidən alovlanıb.
“Vəziyyət nəzarətdən çıxdı, bu gərginlik uzun illər davam edib”, – o qeyd edib. – “Düşünmürəm ki, bu, xaricdən hər hansı müdaxilə ilə əlaqədar olaraq baş verib. Dəfələrlə sürtüşmələr, atışmalar və xırda toqquşmalar olub. Nəticədə münaqişəyə çevrildi”.
Putinin sözlərinə görə, Dağlıq Qarabağ ətrafında yaranan vəziyyət “sadə normativ postulatlardan, o cümlədən də beynəlxalq hüquq müddəalarından daha mürəkkəbdir”.
“Kökündə hələ İstanbulda başlayan, daha sonra Dağlıq Qarabağa keçən etnik münaqişə dayanır. Burada hər tərəfin öz həqiqəti var. Dağlıq Qarabağ erməniləri zamanında həyatlarını və ləyaqətlərini müdafiə etmək üçün əllərinə silah götürüblər”, – o əlavə edib.
Üçtərəfli bəyanat imzalanandan sonrakı olaylar haqda
Rusiya prezidenti bildirib ki, regionda hərbi əməliyyatların tam dayandırılması haqda 10 noyabrda imzalanan birgə bəyanat qüvvəyə minəndən sonra Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması halı bir dəfə olub. Putin ümid edir ki, belə hallar daha olmayacaq.
“Həmin atəşkəsin pozulması qığılcımları – bu, ancaq bir dəfə olub. Ümid edirəm ki, yeganə hadisə elə yeganə də qalacaq, hər şeyə rəğmən bütün danışıq tərəfləri, bizim vasitəçiliyimizlə, [ya da][ATƏT-in] Minsk qrupunun vasitəçiliyilə danışıqlar masasına otura biləcəklər – bu önəmli deyil, əsas odur ki, proses başlasın və müsbət başa çatsın”, – illik mətbuat konfransında o deyib.
“Biz üçtərəfli bəyanat çərçivəsində hərbi əməliyyatların dayandırılması haqda razılığa gəldik və (burada çox vacib şey var) tərəflərin bizim üçtərəfli bəyanatımız məqamında olduqları mövqelərdə qalması haqda razılaşdıq. Bax elə orda hamı dayanmalıdır”.
Regionda infrastruktur haqda
Putinin sözlərinə görə, infrastrukturla bağlı çox sayda sual yaranır. Amma Rusiya prezidentinin fikrincə, bunları sakit şəraitdə, danışıqlar prosesi gedişatında aydınlaşdırmaq lazımdır. Üçtərəfli bəyanat isə bunun üçün bütün imkanları verir, çünki orada deyilir ki, atəşkəsdən sonra növbəti mərhələ regionda vəziyyətin tam normallaşdırılması, iqtisadi və infrastruktur potensialının, o cümlədən də avtomobil və dəmiryolunun açılması olmalıdır.
“Bu, Naxçıvana da, Ermənistanın cənubu və şimalı arasındakı əlaqələrə də aiddir”, – Putin deyib.
Qarabağda Rysiya sülhməramlıları haqda
Putin Qarabağda Rusiya sülhməramılarının sayının artırılması imkanını istisna etməyib, amma vurğulayıb ki, bunun üçün Azərbaycan və Ermənistanın razılığı olmalıdır.
“Bizim sülhməramlıların sayının artırılmasına gəlincə”, – o deyib, – “bu mümkündür, amma bütün tərəflərlə, o cümlədən də Azərbaycan tərəfi ilə razılaşdırmaqla. Çünki biz ən başından bizim sülhməramlıların sayını müzakirə etmişik – bu say razılaşdırılıb”.