Qafqazda qadın sünnəti
“Rusiya üzrə hüquq təşəbbüsü təşkilatı Dağıstanda qadın sünnəti ilə bağlı heyrətamiz tədqiqatın nəticələrini dərc edib. Məlum olub ki, burada bir yaşdan üç yaşa qədər olan qızların cinsiyyət orqanlarını sünnət edərək, klitoru kəsirlər, çünki yerli dini liderlərin sözlərinə görə “qadın istəyini zəiflətmək lazımdır.
Müəlliflər tədqiqatın aparılmasının çətinliyi barədə yazır. Qadın respondentlər onları şikəst edən əməliyyatlar barədə danışmaq istəmir, bunu “özəl həyat və “dini adət adlandırırdılar.
Sonda yaşları 19-70 arası olan və çox müxtəlif sosial statusa sahib (təqaüdçü, evdar xanım, tələbə, hüquqşünas, mühəndis, müəllim, ticarət işçiləri) 25 qadını sorğuda iştirak etməyə razı salmaq mümkün olub. Nəticə: onların hər biri cinsiyyət orqanlarının sünnəti əməliyyatından keçib.
Məlum olub ki, respublikada sünnəti erkən uşaqlıq dövründə, üç yaşına qədər olan qızlara edirlər. Onların ya klitorunu tamam kəsib çıxarır, ya da onu zədələyirlər. Mərkəzi məscidin imamı əməliyyatın səbəbləri ilə bağlı qısa izahat verir: “Əsas məqsəd qızda seksual meyl və hissiyyatı öldürməkdir.
BMT qərarlarına və digər beynəlxalq aktlara istinad edən tədqiqat müəllifləri qadın cinsiyyət orqanlarında edilən bu əməliyyatları aşağıdakı kimi qiymətləndirir:
“Dəhşətli, vəhşi, zərərverici, iyrənc bir təcrübə… Bu cür əməliyyatların aparılması… diskriminasiya və zorakılığın ən ifrat formasıdır. Bu, qadınların sağlamlıq, təhlükəsizlik və fiziki toxunulmazlıq hüququ, işgəncə, qəddar, rəhmsiz və ləyaqəti alçaldan münasibətdən qorunmaq hüququ, bundan başqa, bu əməliyyatların ölümlə nəticələndiyi halda yaşamaq hüququnun pozulması deməkdir.
Bu, hüquq müdafiəçilərinin verdiyi qiymətdir. Bəs qızları şikəst edən sünnət təcrübəsi barədə qadınların özləri, yerli ekspertlər və hakimiyyət nə düşünür?
Qadınlar
Demək olar ki, hamısı bu təcrübəni dəstəklədiklərini dedilər. Sorğuda iştirak edən əksər qadınlar qeyd etdilər ki, öz qızlarını da artıq sünnət elətdiriblər və ya edəcəklər.
“Bu, bütün müsəlman qızlara edilməlidir. Bunsuz müsəlman olmaq mümkün deyil.
“Məni də sünnət ediblər, mən də öz övladlarıma və nəvələrimə etmişəm.
Təxmin etmək olar ki, respondent xanımlar üçün sünnət olunmaq özünün icmaya mənsubiyyətini tanıtmaq və sübut etmək deməkdir. Qızını sünnət etdirmək ailənin cəmiyyətdəki reputasiyasını saxlamaq və bununla da nəslinin davamını təmin etmək deməkdir, tədqiqatda deyilir.
Nadir hallarda respondentlər bu adətə riayət etməmək imkanının olduğunu da bildiriblər: “Bəziləri sünnət olunmur. Amma belə fikirlər tədqiqat zamanı tək-tük səslənib, bu fikri də əsasən düzənliyə köçən və qarışıq millətli nikahda olan, yəni bu və ya digər səbəblərdən böyük ailədən ayrılan qadınlar söyləyib.
Ekspertlər
Ekspertlərin reaksiyası əsasən iki cürdür.
Bir qisim təəccüblə qadın sünnəti barədə sualı dinləyir və bu haqda eşitmədiklərini deyir. Başqa bir qisim heyrətini ifadə edirdi: “Onlar insanı sevinc hissindən məhrum edirlər. Axı bu, vəhşilikdir. Bu, təbiətə qarşı çıxmaqdır.
Həkim ekspertlər prosedurun təhlükəliliyi və qəddarlığını qeyd edirlər. Məhkəmə-tibbi ekspertiza mütəxəssisi təsdiq edir ki, bu təcrübəni “sağlamlığa zərər yetirmə kimi qiymətləndirmək olar… Yoluxma ehtimalı var. Xüsusən də sanitar şəraitin olmadığına görə. Hətta oğlanlara da sünnəti həkimlər etməyəndə ciddi və çarəsiz problemlər yaranır.
Hüquqşünas ekspertlər qeyd edirlər ki, sünnət “sağlamlığa qarşı cinayət olsa da, lokal problemdir, qanunla tənzimlənmir. Bu da daha bir ekspert xanımın fikri: “Rəfiqələrimdən… bu prosedur haqqında eşitmişəm. O, istəyin itirilməsinə gətirib çıxarır.
Dövlət məmurları
Qəyyumluq və himayəçilik orqanlarının əməkdaşları olan ekspertlər bu cür məsələlərlə işləmədiklərini deyirlər: “Onsuz da problemlərimiz başımızdan aşır.
Qadın təşkilatlarından birində qeyd etdilər ki, “Quranda yazılanları… dinimizdə olanları müzakirə etmirik, onlara kim necə bacarır əməl edir; bu, mütləq olmasa da, arzu olunandır, çox arzu olunandır.
Dağıstanda uşaq hüquqları üzrə müvəkkil İntizar Mamutayeva problemi aşağıdakı kimi şərh edir: “Biz sorğunu Təhsil Nazirliyi və hüquq-mühafizə orqanlarına yollayırıq. Biz bunun… uşaq hüquqlarının pozuntusu və … yetkinlik yaşına çatmayanlar üzərində zorakılıq… olduğunu bildiririk.
Dini qurumlar
Həm respondentlər, həm də ekspertlər qızların sünnət olunmasının vacibliyini əsasən islamın tələbi ilə izah edirlər. Dini ekspertlərin fikri isə birmənalı deyil.
Belə ki, sələfi məscidinin imamı bildirir k, “bu, mütləq deyil və ziddiyyətlidir.
Kumık məscidinin imamı sağlamlığa zərər yetirmək və insan orqanlarını zədələmək qadağasını əsas gətirərək, qadın sünnətinin mütləq olmadığını və hətta arzuolunmaz olduğunu vurğulayır.
Eyni zamanda Maxaçkala məscidinin imamı bildirir ki: “Onu [sünnəti] yerinə yetirməmək günaha batmaq deməkdir.
Tədqiqat müəllifləri ümumilikdə belə nəticəyə gəliblər ki, qadınları şikəst edən bu əməliyyatların keçirilməsi mövzusuna sərt qadağa qoyulsa da, rəsmi və nüfuzlu ruhanilik bu təcrübəni dəstəkləyir və qadın sünnətini bir öhdəlik kimi təbliğ edir.
Moskvalı məmurla yerli görkəmli din xadiminin dialoqu
“Kavkazski uzelin yazdığına görə, qadın sünnəti mövzusunda Rusiya prezidenti yanında İnsan hüquqları Şurasının üzvü Anita Soboleva ilə Şimali Qafqaz Müsəlmanları Mərkəzinin baş koordinatoru İsmail Berdiyev arasında qiyabi mübahisə olub.
Anita Soboleva:
“Bu mövzu həmin prosedurun populyarlığının artmasına gətirib çıxarmasın deyə, dar ekspertlər dairəsində müzakirə olunmalıdır… Bu, gizli, icmaların hüdudlarından kənara çıxmayan bir problemdir, qorxuram ki, radikal icmalardakı kişilər bunları oxuyub, qadınları incitmək üçün daha bir səbəb tapacaqlar. Bu adət də heç vaxt olmayan yerlərdə də yayılacaq.
O bildirir ki, qanunvericilik qadağası ilə bu ənənənin kökünü kəsmək mümkün deyil, çünki uşaqlara sünnəti valideynlərin razılığı ilə edirlər.
İsmail Berdiyev onunla razılaşmır və deyir ki, “bu, qadın istəyini bir qədər zəiflətmək üçün edilir. Sağlamlığa da heç bir ziyanı qoxdur.
Sosial şəbəkələr (“Kavkazski uzelin məlumatı əsasında)
Dağıstan ictimaiyyətində tədqiqatın dərcinə reaksiya bir mənalı olmayıb.
“Bu problemi haradan çıxarıblar – bilmirəm, 37 ildir Dağıstanda yaşayıram və bu haqda eşitməmişəm.
“İslamla heç bir əlaqəsi olmayan adətlər və ayinlər… İslamın qəbulu ilə gələn adətlər kimi təqdim olunur.
“Bu, cəhalətin nadir hallarda rast gəlinən nümunələridir.
“XXI əsrdə orta əsrlərdən qalma vəhşilik. Dəhşətdir.
“Əlbəttə ki, sağlamlığa ziyanı yoxdur. Hərdən ölümlər olur, sağlamlığa isə heç cür təsir etmir.
Dərc olunub 22.08.2016