Diqqerlər: yeraltı dünyanın tədqiqatçıları
Balaca fonarım zil qaranlıqda zəif işıq saçır. Vaxoya yol verərək, gözlərimi geniş açıb, onun arxasınca gedirəm.
Ətrafda tam sakitlikdir. Sərindir. Rütubət və kifin ağır qoxusu gəlir. Dəyirmi kərpicdən olan divarda görünən kölgəmdən belə hürkürəm. Bir azdan məndə belə bir hiss yaranır ki, kimsə bizi təqib edir. Bədənim gərilir.
“Qorxma, bu adi haldır – çoxdan heç kimin ayaq basmadığı kimsəsiz yerlərdə adamların çox vaxt qarabasmaları olur, – Vaxo məni sakitləşdirir.
Mən, Vaxo və onun iki dostunun qaranlıqda irəlilədiyi bu “kimsəsiz yer Tbilisinin mərkəzində, ən qələbəlik yerdə – “Rustaveli metro stansiyasının yanında yerləşir.
Nə iyulun günorta bürküsü, nə də şəhərin səs-küyü bizə gəlib çatmır. Yerin altında, tuneldəyik. Yol yoldaşlarım peşəkar diqqerlər, yəni paralel yeraltı dünya – tunel, sığınacaq, bunker, kollektorlarda gəzən adamlardır.
“Şlem götürmüşük? Ayaqqabın möhkəmdir? Fonar var? Nəzərə al ki, mobil telefon orada tutmur. Təkbaşına düşməyə cəhd göstərmə, qorxuludur. Gecikəcəyin halda Xilasetmə Xidmətindən kimisə çağıra bilməsi üçün yuxarıda bir adam olmalıdır, – Vaxo qısa təlimat verərək, Tbilisinin mərkəzindəki italyan həyətlərində köhnə qapılardan birini açır.
Qapı 10-15 metr hündürlüyündə olan qayanın içindədir və uzunluğu təxminən 1 kilometr olan labirint şəkilli tunelə açılır.
Qapıdan girib, yavaş-yavaş irəliyə gedirik.
Uzun dəhlizin bir vaxtlar yaşıla boyanmış divarları, pas atmış borular. Su çanağı, tualet və duş otaqlarının qalıqlarını görürəm. Nəm qaranlıqda aşkar olunan bu kommunal nöqtələr ətrafdakı müəmmanı bir az da artırır.
Yol yoldaşlarım “Zemelyada bunker adı ilə tanınan bu sığınacağın tarixçəsini danışır:
“Kommunistlərin vaxtında tikilib, İkinci dünya müharibəsi illərində. 1500 nəfər üçün nəzərdə tutulmuşdu. Bomba atılan zaman adamlar burada gizlənməli idi.
“Bu, havalandırma və kommunal sistemlərdir. Görünür, sığınacaq kimyəvi bombalara da davam gətirməli idi.
Diqqerlər deyirlər ki, “Zemelya tuneli Tbilisinin altında yerləşən nəhəng yeraltı dünyanın kiçik və çox “bəsit hissəsidir.
Sovet hakimiyyəti yeraltı arxitekturaya böyük diqqət yetirirdi, bunu ancaq köhnə Tbilisi ərazisində 400-dən çox bunker və sığınacağın olması faktı sübut edir.
Gürcü diqqerləri çox sayda sığınacağı “fəth ediblər, halbuki Tbilisinin yeraltı dünyasıa aid obyektlərin xəritəsini soraqlayanda çox dumanlı cavab alıram – dəqiq xəritə mövcud deyil, olsaydı da onun “yayılmasının marağında deyillər.
Kommunistlərin dövründə yeraltı obyektlər əsasən məktəblərin, yaşayış evlərinin, zavod və xəstəxanaların yanında tikilirdi. Onlar ictimai təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulurdu. Bununla belə birbaşa təyinatı üzrə elə də istifadə olunmadılar, çünki İkinci Dünya Müharibəsi Gürcüstandan yan keçdi.
Tunellərin böyük hissəsi 1990-cı illərdə qarət olundu – əhali mis və başqa “dəmir-dümürü metal qırıntıları məntəqələrinə təhvil verirdi. Bəzi bunkerləri zibilxanaya döndərdilər. Digərlərində limonadın istehsalı üzrə sexlər açıldı və ya şəxsi məqsədlər üçün istifadə olunmağa başladı. Bəzilərində əyləncə obyektləri yaradılıb, fəaliyyət göstərdi. Misal üçün, Tabidze küçəsində yerləşən məşhur “Divani klubu, Filarmoniyanın yanındakı bilyardxana kimi məkanlar əvvəllər bunker olub.
Əvvəllər sığınacaqlar haqqında camaat yüzlərlə əfsanə uydururdu. Misal üçün, bu əfsanələrdən birinə görə, Tbilisinin bütün tunelləri Parlamentin binası ilə birləşir. Bundan başqa deyirdilər ki, kommunistlərin dövründə burada heyvanların və hətta insanların üstündə eksperimentlərin aparıldığı yeraltı məxfi laboratoriyalar fəaliyyət göstərirmiş.
“Təbii ki, çox şey yalandır, amma yeraltı Tbilisinin zəngin unikal tarixçəsinin və sirlərinin olması faktdır, onlar da diqqətin olmaması səbəbindən yoxa çıxır və itir, – Vaxo deyir. Onun sözlərinə görə, bu cür yerlərdə xaricdə minlərlə turisti cəlb edən muzeylər düzəldirlər. “Bu baxımdam Gürcüstanın böyük potensialı var, – özlərini yeraltı dünyanın tədqiqatçıları adlandıran diqqerlər deyir.
“Diqqer ingilis sözü olsa da, bu populyar urbanistik mədəniyyətin vətəni Rusiya sayılır. 1990-cı illərin əvvəllərində Rusiyada yeraltı sovet mədəniyyətinin tədqiqatı aktual oldu. Bu dalğa Gürcüstana qədər gəlib çatdı.
Əsl diqqerlərin öz yazılmamış qanunları var – birinci və əsas qanun: hər şeyi toxunulmamış saxlamaq. Onlar heç vaxt aşkar olunan əşya və sənədlərə toxunmurlar; heç nəyi məhv etmirlər, korlamırlar.
“Biz vandal deyilik. Aşkar olunan əşyaları ancaq uçota alır, foto və videolarını çəkirik, – Vaxo Nozadze deyir və komandasının üç üzvü – Vaxo Kaşmadze, Mari Mqebrişvili və Luka Caparidze onunla razılaşır.
Bu gənclər dörd il əvvəl internet-forumda tanış olublar və məlum olub ki, onları ekstremal romantikaya və adrenalinlə dolu macəralara sevgi birləşdirir.
“Gürcüstanda bu cür hobbisi olan adamlar əvvəllər də olub, amma belə həmrəy və mütəşəkkil komanda heç vaxt olmayıb, – Vaxo deyir.
Komandasının qızıl qaydası yeraltı ərazini zibilləməmək, ocaq qalamamaq, siqaret çəkməməkdir, çünki hardasa partlayış təhlükəsi olan qaz yığılmış ola bilər.
Yazılmamış qanun – diqqerlər heç vaxt dövlət nəzarəti altında olan yeraltı obyektlərə düşmürlər. Misal üçün, metroya.
“Biz hara düşməli olduğumuzu bilirik, buna görə də polislə heç bir problemimiz olmayıb. Qanuna zidd heç nə etmirik – oğurlamırıq, xarab etmirik. Tədqiq etdiyimiz obyektlərdən apardığımız yeganə şey foto və videomateriallar, unudulmaz təəssüratlar və xatirələrdir, – Vaxo Kaşmadze deyir.
Diqqerlərin xatirələri boldur. Bu xatirələrin arasında xoş olmayanları da var. Onlar özlərinə təhlükəli hobbi seçiblər və bunu yaxşı başa düşürlər. Misal üçün, Luka ölümdən necə qurtulduğunu danışır: “Obyektlərdən birində pilləkəndə ayağım büdrədi və Vaxo olmasaydı, 75 metr hündürlükdən yıxıla bilərdim.
Qrup yeraltı ekspedisiyalara əsaslı şəkildə hazırlaşır – təchizat, kəndirlər, fonarlar üçün ehtiyat batareyaları. Məhz bu cür təchizatla onlar ilk unudulmaz səyahətdən sonra ikinci obyektə keçiblər.
Qarşısında zibil yığını olan pilləkənin yanındakı başqa bir pas atmış qapını açırıq – bu dəfə Tbilisinin mərkəzi xəstəxanalarından birinin həyətində.
Xəstəxana sığınacağının iki girişi var. Tavandan sallanan dar borudan səmanın balaca parçası görünür.
Pas atmış dəmir çarpayı, balaca soyuducu və tibb alətləri üçün balaca arabanı görəndə özümü filmdəki kimi hiss edirəm. Balaca otaqlardan birinin küncündə onlarla əleyhqaz var. Bu gün belə şeylər buraxılmır, bu artıq irsdir. Yol yoldaşlarım diqqətlə bütün əşyaları nəzərdən keçirib, şəkillərini çəkirlər.
1980-ci ildə tikilən bu sığınacaq 200 pasient üçün nəzərdə tutulmuşdu. Hərbi əməliyyatlar zamanı onları bu bunkerə düşürməli idilər. Burada 7 qoruyucu mexanizm, germetik qapı, ventilyasiya sistemi və su təchizatı sisteminin izləri qalıb. Böyük dizel generatoru, kompressoru və sovet dövrünün digər texniki qurğularının hissələri ecazkar aura yaradır.
Özümü zaman səyahətinə çıxmış kimi hiss edirəm.
Həm də sığınacağın hələ tam qarət edilmədiyi və onu bərpa etməyin mümkün olduğu haqda düşünürəm.
“Hələ ki, hər şeyi oğurlamayıblar, qoruyub saxlamaq lazımdır, burada muzey açmaq əla olardı, – Vaxo Nozadze sanki mənim fikirlərimi oxuyur və ideyasını danışmağa davam edir:
“Gürcüstanda mövcud olan əksər muzeylər dövlət dotasiyasındadır, bizim ideyanın realizəsi üçünsə çox pul lazım deyil. Muzey rekvizitləri orada-burada atılıb qalıb, biz onları pulsuz toplaya bilərik. Dövlət bizə heç olmasa bir, dağılmaq təhlükəsi qarşısında olan obyekt versəydi, biz onu maraqlı muzeyə çevirə bilərdik.
Hələ ki, gürcü diqqerlərin ideyası layihə şəkli almaqdadır, onlar özlərinin çex, holland, polyak və ukraynalı həmkarları ilə dostlaşır. Onların arzusu bu ölkələrin yeraltı dünyasına səyahət etməkdir.
Rusiyaya getməyi xüsusilə arzulayırlar – axı oradakı zirzəmilər imkan müxtəlifliyi baxımından xeyli daha zəngin və bütün başqa yerlərdən daha qaranlıqdır.
“Məndən bəzən bu və ya digər obyekti necə axtarıb tapdığımı xəbər alırlar, – Luka deyir, – mənsə cavab verirəm, – siz hər gün onların yanından keçib gedirsiz. Onlar hər yerdədir – məktəbdə, universitetdə, küçədə… Sadəcə siz onları görmürsüz, bizsə həmin qapıları çox yaxşı görürük.
Dərc olunub 26.07.2016