Əriklər Ermənistanda orta yaşlı qadınların qazanc yeri kimi
Nazik Akopyan barmaqlarının məharətli hərəkətilə, qablaşdırmanın bütün qaydalarına riayət edərək, qızılı ərikləri taxta yeşiklərə düzür ki, onlar bir həftə sonra Moskvadakı satıcılara qədər yaxşı vəziyyətdə çatsın.
“Birinci sırada ərikləri şaquli vəziyyətdə düzürəm. Üçüncü və dördüncü sırada onları artıq böyrü üstə qoyuram. Elə eləmək lazımdır ki, meyvələr arasında məsafə qalsın, əriklər “nəfəs ala bilsin. Bir yeşiyə necə düzməyindən asılı olmayaraq, 11kilo ərik yerləşir”, – artıq neçənci ildir ki, ərik yığımında iştirak edən 60 yaşlı qadın deyir.
Nazikin yanında Eçmiadzindən, Metsamordan, Armavirdən olan müxtəlif yaşlı qadınlar ustalıqla meyvələri yeşiklərə yığırlar. Onların briqadiri Naira Arakelyan deyir ki, bu yeni “peşə son illərdə yaranıb, işsiz qalan və hələ pensiya almayan qadınlar məmnuniyyətlə bu işin qulpundan yapışırlar.
“Məhsul yetişən kimi onu ağaclardan yığandan sonra bizim işimiz başlayır. İl ərik və gilasın yığımı ilə başlayır, sonra da gavalı, şaftalı, üzüm, alma və armudun sırası gəlir. Briqadamda 20-25 nəfər işləyir. Ararat rayonunun Kaxtsraşen kəndində indi gilas və ərik yığırlar. Biz Djraşen kəndinin ərik bağlarında işləyirik.
Burada iş qurtaran kimi Kotayk rayonunda məhsul yığımı başlayacaq, orada meyvə daha gec yetişir – biz Voxşaberd və Qarni kəndləri istiqamətində hərəkət edəcəyik. Sonra da Vayots Dzora, Qndevaz kəndinə gedəcəyik. Ermənistanın iqlimi bu baxımdan maraqlıdır – rayonlar müxtəlif yüksəkliklərdə yerləşir, buna görə də meyvələr müxtəlif vaxtlarda yetişir, – Naira izah edir.
Metsamordan olan 52 yaşlı Gülnara Avetisyan deyir: Ermənistanın istənilən vilayətindən, elə şəhərindən də əksər kişilər qazanc dalınca Rusiyaya gedir, qadınlar isə bu cür mövsümi işlərin qulpundan yapışırlar.
“Biz səhər tezdən evdən çıxırıq, gecə düşəndən sonra qayıdırıq, amma bu, iş olmamaqdan daha yaxşıdır. İndi işə düzəlmək üçün hara gedirsən, qəşəng görünüşü olan və ingilis dilini bilən gənc qızlar axtarırlar. Bəs biz nə edək? Bu iş bizim hamımızın dadına çatdı. Bizimlə birlikdə uzaq Şirak rayonundan – Gümri və Maralikdən gələn qadınlar işləyir”, – növbəti qırmızı yanaq əriyi yeşiyə qoyan keçmiş mühasibatçı deyir.
Artıq üçüncü ildir ki, bu işlə məşğul olan Knarik Sarqsyan deyir ki, iş çətin olsa da, evə pul, üstəlik də bir neçə kilo meyvə apara bilirsən.
“Bəzən yaxşı işlədiyinə görə adətindən çox pul verirlər. Bəzən qışda da işə çağırırlar – onda alma və nanəni yeşiklərə düzürük. Ən çətini gilası düzməkdir – ayaqlarını bağlayıb gilası yeşiyə elə qoyuruq ki, meyvə yuxarıda qalsın”, – Eçmiadzinli Knarik deyir.
Qadınlar gündəlik 6 min dram (12 dollar) qazanırlar. Onlara pulu bağ sahibləri və ixracatçı şirkətlər ödəyir.
Ararat rayonunun Djaşren kəndinin özəlləşdirilmiş bağlarında 120-yə yaxın qadın işləyir.
57 yaşlı Sergey Mxitaryana məxsus 7 hektarlıq sahəsi olan ərik bağı ərik yığan kişilər və onu yeşiklərə düzən qadınlar üçün müvəqqəti iş yerinə çevrilib.
“Hazırda 60 işçim var. Düzü, bunun xeyri azdır. Məhsul bol olsaydı, qazana bilərdik, amma xərcləri hesablasaq, gəlir demək olar ki, qalmır. İxracatçılar olmasaydı, axırımız harda qalardı? Onlarsız nə edərdik? Yerevana aparmaq mənasızdır, orada havayı da götürməyəcəklər. Qaysı qurusu düzəldən, mürəbbə bişirən alır malı – çoxu 100 kilo sata bilərdik”, – Sergey Mxitaryan deyir.
Djraşendən olan Zaven Vardanyan 20 il əvvəl sahəsində öz əllərilə ağac əkib. 5000 metri əriyə, 3000 metri üzümə ayırıb. Ağaclara bütün ailəsi – həyat yoldaşı, iki oğlu və gəlinləri qulluq edir.
“Ərik 2005-ci ildən bar verir. Kənd əhalisinin 90%-i əriyin hesabına dolanır. Bəziləri ərik hələ ağacda olanda artıq aldıqları pulu xərcləyirlər. Kreditin faizini ödəmək, onu bağlamaq, borcu qaytarmaq üçün pulu əvvəlcədən götürürlər.
Bir il ixracatçılar yazın əvvəlində camaata pul payladılar, sonra da şaxta oldu, iki il dalbadal məhsulumuz olmadı. Bu iki ili kəndliləri incitmədilər, dedilər: “Narahat olmayın, məhsul olanda verərsiz. Məhsul ancaq üçüncü il oldu, biz də borcumuzu verə bildik”, – Vardanyan danışır.
Onun bağında əriyi yeşiklərə xanımı və gəlini yığır, o da pulu ailəsinə ödəyir.
“Torpaqlarımız daşlı, süxurludur. Burada tərəvəz bitmir – ancaq ərik, üzüm, yemiş və qarpız olur. Qonşu kəndlərlə müqayisədə bizim üzüm daha şirindir. Biz il boyu ərik və üzümün satışından qazandığımız pulla dolanırıq. Əlbəttə, bu çatmır, amma biz xərcləri mümkün qədər azaltmağa çalışırıq, özümüzə hər şeyi qıymırıq”, – Djaşrenin 52 yaşlı sakini Melanya Arosyan deyir.
Bütün kənd sakinləri ili məhsuldar sayır. Ötən il isə yazda başlayan 10 dərəcəlik şaxtalar üzündən onların heç məhsulun yarısını da toplayacaqlarına ümidləri yox idi.
“Şaxta düşdü, əriyi don vurdu, amma möcüzə baş verdi. Bağ sahiblərindən biri, bu yaxınlarda buradan torpaq sahəsi alan fransalı erməni şaxta vaxtı səhər və axşam bir neçə saatlıq ağaclar üçün dini musiqi və dualar qurur, eyni zamanda da ocaq qalayırdı.
Kolonkalar hələ də ağacların arasında durur. Dini musiqinin sədaları bağın içinə yayılırdı, bu çox gözəl idi. Həyatımda belə bir şey görməmişəm. Nə qədər yaşayırsan, o qədər də öyrənirsən. Bəlkə doğrudan da xeyri dəydi”, – Vardanyan deyir.