Zaman kapsulu
Çoxdan fikir vermişəm ki, Qala getdiyini deyən kimi, cavabında təəccüb qarışıq təəssüf reaksiyası görürsən. Misal üçün, ucqarda yerləşən Qaqra belə reaksiya oyatmır.
Burada qəribə heç nə yoxdur, çünki Qal uzaq, təhlükəli və az qala yad olan bir yerdir. Hər halda onu demək olar ki, bütün abxazlı gənclər mənzərəni məhz bu cür görürlər.
Ətrafımdakı gənclərdən demək olar ki, heç kim Qalda olmayıb. Orada nə işləri ola bilər ki? Gürcüstana dostlarım getmir, sərhədyanı kəndlərdə heç birinin qohumu yoxdur, Qaldakı görməli yerlər barədə isə heç nə bilmirik (ümid edirəm ki, hələlik belədir). Yəni heç bir azacıq da olsa motivasiya yoxdur.
Bununla belə, Qal rayonunun bir neçə kəndinin əhalisinin sayı bütöv Oçamçirada olandan çoxdur.
Və mənim üçün Qal uzun müddət mövcud olmayıb. Nə mən orada olmuşam, nə də o məndə. Xatırladığım ancaq odur ki, altı il əvvəl Suxum-Moskva qatarında mənimlə bir vaqonda Qaldan olan bir oğlan gedirdi. O, çoxdan idi ki, Moskvada yaşayırdı, paytaxt restoranlarından birində aşpaz işləyirdi, bununla belə niyəsə bütün yol boyu Qal əhalisinin hüquqlarını müdafiə edirdi, baxmayaraq ki, bu hüquqları pozmaq fikrimdə belə yoxuydu.
Onda mən ilk dəfə düşündüm ki, hardasa paralel reallıqda bizim haqqında tam xəbərsiz olduğumuz bir həyat keçir. Həmin o reallıqda bu cür gənc oğlanlar Suxuma gəlməyə qorxaraq, Moskvaya üz tuturlar.
Şərq, qapılarını aç
Son iki il ərzində ölkəmizin ucqar şərqində yerləşən şəhərində beş dəfə olmuşam. Və hər bir növbəti səfərim də ondan əvvəl gələnlərdən daha unikal olurdu. Qal kiminsə yerinə yetirmədiyi böyük bir tapşırıqdır.
Yerli əhali ilə sözün hərfi mənasında ümumi dil tapmaq çox çətindir. Mən çalışdım – həm rus, həm abxaz, hətta erməni dilində belə danışmağa çalışırdım. Amma əbəs yerə. Onlarla insan gülərüzlə və heç nə anlamayan baxışlarla məni qarşılayıb, yola salırdı.
Qalın məktəblərinə baş çəkəndən sonra keçirdiyim şok hissini xatırlayıram: divar qəzetləri gürcü dilində, meqrel danışığı, dərsliklərin üstündə Gürcüstan təhsil qurumlarının möhürləri, akt zalında uşaqlar gürcü xalq mahnılarını oxuyurlar. Sanki paralel dünyaya düşmüsən.
1 sentyabr 2015-ci ildən Qal rayonunun məktəblərinin keçdiyi yeni təhsil proqramına görə, tədris prosesinin böyük hissəsi rus dilində aparılır. Bununla yanaşı əlavə saatlar da daxil edilib, fənin doğma dildə izahı üçün imkan yaradılıb.
Ardzinba nə vaxt doğulub
13 iyun 2016-cı il. Qal, aşağı zona. Taqilon orta məktəbindən 11-ci sinif şagirdləri riyaziyyat fənni üzrə imtahan verirlər.
Bu il 14 məzun var. Hər birinə bir parta ayrılıb. Partalar da, lövhələr də ikinci mərtəbədəki dəhlizə çıxarılıb. Qızlar soldan, oğlanlar isə sağdan əyləşib. Lövhədə gürcü hərfləri ilə tapşırıq yazılıb. Bir qeyri-bərabərliyi, bir funksiya və üç cədvəli bir-birindən ayırmaq üçün dəqiq elmlər sahəsindəki biliklərim kifayət edir.
Məktəbin riyaziyyat müəllimi rus dilində ümumiyyətlə danışmır. Məktəb direktoru yaxınlaşaraq, Abxaziyanın Təhsil Nazirliyindən gələn zərfi göstərir. İmtahan tapşırığı məhz bu zərfin içində gəlib. O, təbii ki, o rus dilindədir. Direktor Timur Coloqua izah edir ki, gürcü dilinə məcburən tərcümə edirlər. Əks halda uşaqlar tapşırığı başa düşməyəcəklər.
Direktor məni axırdan ikinci parta arxasında əyləşən qızın yanına gətirir: “Bu, bizim əlaçımızdır! Düzdür, sonra məlum oldu ki, qız ancaq riyaziyyat üzrə əlaçıdır. Onu söhbətə tutmaq cəhdim alınmadı. Gülümsəyərək və utancaq halda məzun qız hər bir sualıma “Deyə bilmərəm, – cavabını verirdi. Halbuki bu suallara cavab vermək funksiyanı tədqiq edib, onun qrafikini çəkməkdən xeyli daha asan idi.
Bu zaman müəllimlərin otağında Temur Nadarayanın pedaqoqlarla görüşü başladı. İçəri keçib, söhbətə qulaq asıram: pasportlar haqqında danışırlar. Müəllimlər əvvəlki kimi pasportlaşma ilə bağlı heç nəyi anlaya bilmirlər. Nadaraya aramla və inadla başa salır.
“Gürcüstan vətəndaşlığı olmayanlara Abxaziya vətəndaşlığını verəcəyik, amma belələri azdır, – Nadaraya söhbətə başlayır.
Dialoq dalana dirənir
“Yaxşı. Baxın, siz özünüzü Abxaziya vətəndaşı kimi görürsüz. Deyin görüm, Lenin nə vaxt anadan olub?, – Temur Nadaraya müəllimlərə gözlənilməz bir sual verir. Aprel, 22-si, 1870-ci il – müəllimlərdən qırıq-qırıq cavablar gəlir.
“Bəs Vladislav Ardzinba nə vaxt anadan olub?, – administrasiya rəhbəri müəllimlərə müraciətlə xəbər alır. Bu yerdə sakitlik çökür. Müəllimlər bir-bir bütün ayları sadalayır, sonra rəqəmi tapmağa çalışırlar, amma cavabı tapa bilmirlər.
Küncdə sakitcə təxminən əlli yaşlı xoşüzlü bir xanım oturub. Topuğuna qədər olan qəşəng sarafan, iri gözəl gözlər, yorğun bəniz. “14 may, 1945-ci il, Eşera, – o dillənir.
Temur Nadaraya bir az da uzağa gedərək, Abxaziya xalqının Vətən müharibəsinin başlanma tarixi ilə maraqlanır. Daha da müdhiş bir sükut çökür. Hamı nəzərlərini həmin o qadına dikir və artıq mənə də aydındır ki, bu qadın sualın cavabını bilir. Əlbəttə bilirdi. Nadaraya daha bir neçə sual verir, amma biz Qalina İvanovna ilə birlikdə artıq onları eşitmirdik.
Vahid dil olmadan
Qalina İvanovna Ardaşeliya artıq 28 ildir ki, Taqilon kənd orta məktəbində işləyir. Düzdür, 1988-ci ildə o Poltavalı Qalya Yuryevna idi. Taqilona ailə qurandan sonra gəlib.
İxtisasını rus dili müəllimliyinə dəyişib və həmin vaxtdan da həyatında az şey dəyişib. Düzdür, indi Qalina İvanovna gürcü və meqrel dillərində bəzən doğma rus dilindən daha yaxşı danışır.
Poltavada ara-sıra baş çəkdiyi anası yaşayır. Ora Gürcüstandan keçərək gedir. Axı indi Qalina İvanovna Ardaşeliya Gürcüstan vətəndaşıdır. Amma bu haqda çox az danışdıq.
“Abxaziyamız gözəl, zəngin bir diyardır, burada gözəl insanlar yaşayır. Abxaz xalqı çox vəfalıdır. Heç vaxt xəyanət etməzlər, – Qalina İvanovna sözünə başlayır. – Biz müəllimik, siyasət bizdən uzaqdır. Bizim işimiz uşaqlara təhsil verməkdir. Bu gün kiçik qızım riyaziyyatdan imtahan verib. Suxumda jurnalistika fakültəsinə qəbul olunmaq istəyir.
“Bilirsiz, niyə onlar Ardzinba ilə bağlı suala cavab verə bilmədilər? – həmsöhbətim birdən xəbər alır. – Onlar indi Nadarayanın dediyi sözlərin heç 50 faizini də başa düşmürlər. Bəlkə nə soruşduğunu başa düşsəydilər, cavab verərdilər. Axı ötən il biz Ardzinbanın yetmiş illiyini qeyd edirdik, – Qalina İvanovna məni sakitləşdirdiyini düşünür.
“Biz heç vaxt buranı tərk edib, heç bir başqa yerə getməyəcəyik. Bizim evimiz buradır və o Abxaziyada yerləşir. İki böyük qızım ailə qurub, Gürcüstanda yaşayır, amma bura gələndə, Abxaziyaya getdiklərini deyirlər. Hətta balaca nəvəm də nənəsinin Abxaziyada yaşadığını deyir, Gürcüstanda yox, – müəllimə deyir.
“İnsanlar Gürcüstan vətəndaşlığından imtina etməyə razılıq verə bilərlər. baxın, bizim üçün necə gözəl yol düzəldiblər. İşıqda bağlı da artıq problem yoxdur. Məncə, bir az qalıb.
Növbəti sualımı gözləmədən Qalina İvanovna Qalda rus dilinin tədrisinin nə demək olduğunu izah etməyə başlayır. “Çox çətindir. Abxaziyada baş verən hadisələr əksər uşaqların valideynlərinə təhsil almaq imkanı vermədi. Bəziləri ümumiyyətlə məktəbə getməyiblər. Onlar nəinki rus, ümumiyyətlə heç bir dili bilmirlər. Bizim mühitdə uşaqlara 45 dəqiqə ərzində hər şey vermək mümkün deyil, – müəllimə deyir.
Bu zaman Qalina İvanovna şagirdlərini tərifləyir. Deyir ki, uşaqlar çalışır, artıq çox yaxşı oxuyur, imla yazırlar. Əsas problem olduqca kiçik söz lüğətidir, yəni yazılı ifadə barədə söhbət belə gedə bilməz.
Bu il məzun sinfi rus dilindən imla şəklində imtahan verirdi. Nəticə heç də pis olmadı. Rus dili dərsliklərini Qal məktəblərinə Abxaziyanın Təhsil Nazirliyi gətirir.
“Bu, bizim uşaqlar üçün çox çətin proqramdır. Axı əslində onlar heç bir dili bilmirlər. Uşaq ancaq meqrel dilini bilərək məktəbə gəlir. Onun üçün gürcü və rus dili xarici dillərdir. Düşünürəm ki, rus dili ilə bağlı vəziyyət yavaş-yavaş düzələcək. Valideynlər bunda maraqlıdır, – Qalina İvanovna yekun vurur.
Mənim əsas rus dili və ədəbiyyat müəlliməmin adı da Qalina idi. Qalina Alekseyevna Suxumda, Mayakda yaşayırdı. Görəsən Taqilondakı şagirdlər rus ədəbiyyatını sevirlər? Bəlkə onlarla söhbət etməyə cəhd göstərim?
Məktəbin birinci mərtəbəsindəki açıq qapılardan birindən içəri keçirəm. 14 yaşlarında olan qızlar arasında qızğın müzakirə gedir. Məni görən kimi susurlar. Onlara onsuz da heç nəyi başa düşmədiyimi başa salmağa çalışıram – ona görə də söhbətinizi davam etdirə bilərsiz. Qızlar ucadan qəhqəhə çəkib, sonrakı addımlarımı gözləyirlər.
“Yayı çoxdandır ki, gözləyirsiz, – məktəbli qızlardan xəbər alıram. “Ura, tətil, – qızlardan biri pozuq rus dilində qışqırır və hamı gülməyə başlayır. Mən də dünyada ən səbirsizliklə gözlənilən məktəb tətilinə həsr olunan bu ümumi sevincə qoşuluram.
Otağın bir küncündə divar qəzetləri qalaqla yığılıb. Hamısı da gürcü dilindədir, amma illüstrasiyalar biologiya otağı təəssüratı yaradır. “Zaman kapsulu – vatmanlardan birinin üzərində tanış olan hərflər tapıram.
Həqiqətən də Qal zaman kapsuludur. Deyəsən, vaxtaşırı bu kapsula girmək də atıq xoşuma gəlməyə başlayır.
Məqalədəki fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər