Xoşbəxt olmaq üçün 14 səbəb
Ararat rayonunun Ayqavan kəndində hamı 15 yaşlı avtomexanik Danieli tanıyır. Oğlan 11 yaşından kəndin avtomobil servis mərkəzinə gedib-gəlirdi. İndi artıq kəndlilər onu usta adlandırır və hətta onun yanına məktəbə və ya evə gəlirlər ki, dəmir atlarını təmir etsin.
Daniel alim, hüquqşünas və ya aktyor olmağı arzulamır – onu məşğul olduğu iş tam qane edir. Buna görə də öz şəxsi avtomobil servisinin olmasını arzulayır. 9-cu sinfi bitirəndən sonra artıq məktəbə getmək istəmir. İndi yeniyetmə oğlan məşğuldur – atasına evin tikintisində kömək edir, amma sürücüləri uzun müddət özünü gözlətməyə hazırlaşmır.
Daniel Melkonyanlar ailəsinin yeganə övladı deyil. Onunla bir evdə gələcəyin prezidenti, dünya gözəli, həkim, hüquqşünas, müəllim, evdar xanım yaşayır və bu hələ tam siyahı deyil – onun 10 bacısı və 3 qardaşı var.
Melkonyanlar ailəsinin tarixi 22 il əvvəl, Martik Anjelaya rast gəlib, 15 gün sonra da ona elçi göndərən zaman başlayıb. Onlar çox düşünmədən, tez bir zamanda evləndilər. Özünün bioloji olmayan anasına Martik söz verdi: Allah verdiyi qədər övladı olacaq. Allah səxavətini əsirgəmədi, Martik də verdiyi sözə əməl etdi: indi o xanımı və 14 uşaqla birlikdə masa arxasına əyləşir.
Həyat yoldaşı gülümsəyərək, məmnuniyyətlə daha bir uşaq dünyaya gətirə biləcəyini deyir. Hər gün 20 kiloluq qazanda 17 nəfərlik yemək hazırlamaq və bütün uşaqlara eyni qayğı ilə yanaşmaq, problemlərini həll etmək – bütün bunlar əslində ciddi iqtisadi və menecer bacarıqları tələb edir.
Anjela buna hər gün, sutka ərzində mətbəxlə uşaq otağı arasında çəkdiyi növbə zamanı öyrənib. “Hər bir uşaq ailəyə öz uğur və xoşbəxtlik payını gətirir, – Anjela deyir və Bavakana növbəti tapşırığını verir.
Bavakan Melkonyanların böyük qızıdır. O və bacısı Şuşan analarının əsas köməkçiləridir, amma Bavakan son sözün həmişə ona aid olduğunu deyir. Hər ikisi məktəbi bitirəndən sonra hansısa sənətə sahib olmaq fikrindən vaz keçib, ev təsərrüfatı ilə bağlı işləri öz üzərinə götürdülər.
Bavakan (onu adının tərcüməsi “kifayətdir) nənəsinin adını daşıyır, kifayət qədər ciddi qızdır: sosial şəbəkələrdə qeydiyyatdan keçməyib – buna vaxtı yoxdur, İncili oxuyur və hərdən rəfiqələri ilə görüşüb danışır.
O, evdar xanımın bütün bacarıqlarını gözəl bilir: uşaqlara qulluq etmək və çörək bişirməyi eyni dərəcədə yaxşı bacarır və bunu gözü bağlı və təbəssümlə edir. Bu ailənin bütün üzvləri bir nəfər hamı, hamı bir nəfər üçün prinsipi ilə yaşayırlar.
Melkonyan ailəsinin bütün uşaqları söhbət onların yaxşı evə ehtiyacı olmasından söhbət düşən kimi göz qabağında böyüyürlər. Böyüyündən kiçiyinə qədər hamı yaxşı ev arzusu ilə yaşayırlar. Hamı bütün diqqətini bir məsələnin həllinə yönəldəndə isə, həll də özünü çox gözlətmir.
Bu da sübutu – ötən il hökumət Melkonyanlara 7,5 milyon dram (təxminən 15 min dollar) ayırdı və 16 nəfərin arzusu qismən də olsa çin oldu. Hər halda dörd bacı artıq iki çarpayıda yatmır. Və bütün ailə bir nəfər kimi əvvəlki 46 kvadrat metri genişləndirməyə və evlərini bəzəməyə başladılar. Amma bu o demək deyil ki, maliyyə ilə bağlı bütün problemlər həll olunub.
Ailə başçısının (üçüncü qrup əlilinin) müavinəti, nənənin pensiyası və uşaqların müavinəti – hamısı birlikdə 150 min dram (300 dollardan bir az çox) təşkil edir. Martikin hesablamalarına görə isə ailəyə normal yaşayış üçün hər ay azı iki dəfə çox pul lazımdır. Yeri gəlmişkən, hər uşağa görə ailə 7500 dram (təxminən 15 dollar) alır, uşaq bağçasında aylıq ödəniş isə 8000 dramdır.
Martik işləmir. O, ağır fiziki işlə məşğul ola bilmir, konkret ixtisası yoxdur. Həyətyanı sahələri var, amma burada da işləyə bilmir. Anjela da heç vaxt işləməyib. Ailə qurana qədər dərziliyi öyrənirdi, amma həmin vaxtdan çox keçib və artıq bildikləri də yadından çıxıb.
“Hüquqşünas və psixoloqların beynəlxalq assosiasiyası ictimai təşkilatının rəhbəri Xaçatur Marozyan Melkonyanları 2011-ci ildən tanıyır.
O hesab edir ki, köməyin müavinət şəklində təqdim edilməsi mexanizmini yenidən nəzərdən keçirmək, dövlətin dəstəyiylə iş yerləri açmaq, çoxuşaqlı ailələrin kiçik biznesə başlaya bilməsi üçün şərait yaratmaq lazımdır. Bu missiyanı isə öz üzərinə qanunvericilik səviyyəsində dövlət götürməlidir.
Bundan əlavə, Marozyan qanunvericilik səviyyəsində ağır sosial şəraitində yaşayan ailə üzvlərini işlə təmin edən sahibkarlara vergi və digər imtiyazlar verməyi təklif edir. Onun fikrincə, bu işəgötürənləri maraqlandıra bilər.
Amma hətta dövlət bütün bu problemlərin öhdəsindən gələ bilməsə də Melkonyanlar öz kiçik guşələrini sahmana salmağa və bəzəməyə davam edəcəklər. Martikin nikbinliyi və Anjelanın mavi gözlərinin dərinliyində gizlənən qeyri-adi qadın gücü sayəsində.
Ermənistanda əhalinin son siyahıya alınması 2011-ci ildə olub. O vaxt Ermənistanda dörd və daha çox uşağı olan 13658 ailə varıydı. Daha yeni məlumat yoxdur.
Dərc edilib: 18.06.2016