Ekstremal tikinti
Azərbaycanda istehsalatda bədbəxt hadisələrin 35%-i tikintinin payına düşür. Bizi insidentlərin sayının azaldığına inandırmaq istəsələr də, istənilən tikintiyə bir baxış kifayətdir ki, hazırda təhlükəsiz tikintinin ancaq xəyallarda olduğunu anlayasan. Fəhlələr elementar təhlükəsizlik normalarına riayət etmir, kaska və qoruyucu paltar geyinmirlər, yüksəklikdə işləyərkən kəmərlərini bağlamırlar.
Bunun nəticəsində də 2016-cı ilin əvvəlindən Azərbaycanda azı iki fəhlə həlak olub. Yanvarın 23-də 63 yaşlı Zakir Sibili Sabunçu rayonunda tikilən binanın 4-cü mərtəbəsindən yıxılıb. Fevralın 8-də Bayıl qəsəbəsində baş verən faciə zamanı 26 yaşlı Nicat Mehdiyev ölüb.
Tikintidə bədbəxt hadisələrə gətirən səbəblər çoxdur. 40 illik stajı olan istehsalat rəhbəri olan Anarın sözlərinə görə, bu səbəblərdən biri qənaətdir. Misal üçün, fasad işlərinin aparılması zamanı təhlükəsizliyin təmin olunması üçün sonra istifadəsiz qalan və atılacaq çoxlu sayda material lazımdır. Onlar inşaatçıların aldığı ümumi məbləğdən alınır, nəticədə də gəlir azalır. Buna görə də pulu itirməmək üçün təşkilatçılar bəxtlərini sınamağı üstün tuturlar. Baxmayaraq ki, travma zamanı xərclər xeyli daha çox olacaq.
İnşaatçıların özləri də, onun sözlərinə görə, təhlükəsizlik iş şəraiti tələb etmirlər. Anar hesab edir ki, “bəlkəyə güvənmək Azərbaycan mentalitetinin səciyyəvi xüsusiyyətidir.
Anarın özü də dəfələrlə zədə alıb. O, sağ əlinin böyük barmağının falanqasını itirib: dəzgahın qoruyucu futlyarı çıxarılmışdır. Onu yenidən yerinə taxmaq üçün axtarsalar da tapmadılar.
Növbəti dəfə üstünə düşən fasad şüşəsi əlinin əzələsini kəsdi. Anar etiraf edir ki, həmin gün zədələnmənin qarşısını ala biləcək xüsusi paltarı geyinməmişdi. Yay fəsli idi, hava isti, inşaatçılara xüsusi paltar verilsə də, onlar onu istiyə görə geyinmirdilər.
O deyir ki, bütün fəhlələr təhlükəsizlik texnikası üzrə təlimat alırlar, amma onun sonradan riayət edilməsi onların öz vicdanına bağlıdır. Bir dəfə onun gözlərinin qarşısında fəhlə elektrik ölüb. O, yükün altında durmuşdu və qışqırdı ki, yükü qaldırsınlar. Amma həmin gün yağış yağırdı, zərər çəkən 12-ci mərtəbədə işləyirdi, aşağıdan onu düz eşitmədilər. Yük aşağı endirildi, fəhlənin başı kəsildi. Bu hadisə çoxdan, 80-ci illərdə olub, həmin vaxtdan vəziyyət düzəlib, komandaları ötürmək üçün rasialardan istifadə edirlər.
Başqa bir inşaatçı Samir isə başqa səbəb göstərir. Onların arasında özünü gözə soxmaq istəyi və rəhbərliyin həddən artıq işlə yükləməsi də var. Hakimiyyət tikintini müəyyən vaxta qədər bitirməklə bağlı göstəriş verirsə, rəhbərlik planı vaxtından əvvəl yerinə yetirmək qərarına gəlir, bunun nəyin bahasına başa gələcəyi isə heç kimi narahat etmir. Samir dəhşətli bir hadisə haqqında danışır – kran işçisi iş meydançasını görmədiyi üçün yükü aşağı salmaq istəmirdi, bu isə birbaşa təhlükəsizlik texnikası pozuntusudur. İstehsalat rəhbəri məsuliyyəti öz üzərinə götürdüyünü dedi, amma onun səhlənkarlığı üzündən, yoxsa küləyə görə, kran işçisi yükü fəhlənin üstünə saldı. Məhkəmə oldu, kran işçisi 3 il şərti həbs cəzası aldı.
Samir deyir ki, adətən insanlar müvafiq olmayan iş şəraiti və rəhbərliyin həddən artıq işlə yükləməsindən şikayət etmirlər, çünki iş yerlərini itirməkdən qorxurlar.
Məsləhətçi psixoloq Azad İsazadə təhlükəsizlik texnikasına riayət olunması üçün bütün şəraitin olduğu vaxt onun pozulmasının psixoloji səbəbləri barədə danışdı. Onun sözlərinə görə, təhlükəli vəziyyətlərdən həzz alan müəyyən insan kateqoriyası var. Bununla da onlar adrenalin dozasını alırlar. Hətta müəyyən təhlükəsizliklə bağlı olan istənilən yeknəsəq iş vərdiş yaradır. Belə ki, təcrübəli hərbiçilər atəş altında yeyə, hətta yata bilirlər. Amma bu, hamıya aid deyil, insan stressə uyğunlaşa bilmədikdə gec-tez bu işdən çıxır. Digər tərəfdən, əsassız riskə depressiyada olan insanlar da meylli olur – onlar özlərini ancaq təhlükəli vəziyyətdə yaxşı hiss edirlər. Onun sözlərinə görə, təhlükəsizlik texnikası ilə bağlı problemlər ancaq bizim ölkəyə aid deyil – Avropa və ABŞ-da da bu cür problemlərlə üzləşiblər və yalnız böyük məbləğdə cərimələr və güclü həmkarlar ittifaqlarının yaradılması bu məsələni həll etməyə kömək etdi.
Əməyin mühafizəsi üzrə mütəxəssis Teymur Quliyev fəhlələr tərəfindən təhlükəsizlik texnikasına riayət olunmamasının səbəbləri barədə danışdı. Onun sözlərinə görə, fərdi mühafizə vasitələri hərəkəti məhdudlaşdırır və işi ləngidir. Misal üçün, tez-tez dəmir burunlu ayaqqabılardan istifadə olunur, onlar ağır yükün düşdüyü vaxt ayaqları zədələnmədən qoruyur, amma çox ağır olur, buna görə də fəhlələr bəzən daha rahat ayaqqabılardan istifadə edirlər.
Zədələrin qarşısını almaq üçün fəhlələrə başa salmaq lazımdır ki, təhlükəsizlik texnikası qaydaların riayət olunmaması onların həyatı bahasına başa gəlir və onları gözləməyə ilk növbədə əməkdaşların özləri maraqlı olmalıdır. İş yerlərində təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edən adamlar, əməyin mühafizəsi əməkdaşları, briqadirlər, istehsalat rəhbərləri və s. olmalıdır. Xarici şirkətlərdə istənilən işçi, o cümlədən də fəhlə təhlükəsizlik texnikası qaydalarının pozulduğunu düşündüyü halda istənilən işi dayandıra bilər. Təəssüf ki, Azərbaycanda bu qayda işləmir, çünki bizdə təhlükəsizlik texnikası mədəniyyəti zəif inkişaf edib, səhvə işarə isə incikliklə qarşılana və hətta xəbərçilik hesab oluna bilər.
Dərc edilib: 07.05.2016