Yerevanda etiraz: müxalifət baş nazirin istefasını və Qarabağda atəşkəs razılaşmasının ləğvini tələb edir
Yerevanda noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiyanın imzaladığı Qarabağda hərbi əməliyyatların dayandırılması haqda bəyanata qarşı müxalifətin mitinqi keçirilib. Amma real olaraq aksiyanın mahiyyəti bu sənədi imzalayan baş nazir Nikol Paşinyanın istefası tələbindən ibarətdir.
Razılaşmaya əsasən, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana təhvil verilməsi və azərbaycanlı köçkünlərin həmin ərazilərə qayıtması şərti etirazlara səbəb olub. noyabrın 11-dən münaqişə zonasına artıq Rusiya sülhməramlı qüvvələri yeridilib.
Yerevanda Azadlıq Meydanında əvvəlcə az adam toplaşıb – bir neçə yüz nəfər. Amma polis aksiya iştirakçılarını saxlayandan sonra daha çox insan buraya axışmağa başlayıb, hazırda onların sayı artıq minlərlədir. Müvafiq olaraq, hüquq mühafizəçilərinin də sayı artıb – polis daxili qqoşunları da cəlb edib.
Mitinqi təşkil edən müxalif partiya liderləri “Nikol, get!”, “Nikol – xain!” şüarları ilə çıxış ediblər, toplaşanlar da bu şüarları səsləndiriblər.
Ölkədə hələ də kütləvi aksiyaları qadağan edən hərbi vəziyyət hökm sürsə də, mitinq baş tutub.
Aksiya başlayana qədər Baş Prokurorluq və polis “hərbi vəziyyət zamanı tətildə və mitinqdə iştiraka görə minimum əməkhaqqının dörd mislindən yeddi mislinə qədər (yəni 400-700 min dram və ya 800-1500 dillara yaxın) cərimə nəzərdə tutulduğu” haqda xəbərdarlıq edib.
Azadlıq Meydanından nümayişçilər hökumət binasına doğru yollanıblar. Onlar hərbi vəziyyətin ləğv edilməsi və Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq elan edilməsi məsələlərinin müzakirəsi üçün parlamentin təcili iclasının çağırılmasını tələb edirlər.
Azadlıq Meydanında nə baş verir?
Polis əməkdaşları mitinq iştirakçıları və təşkilatçıları arasında düzülüblər ki, etiraz aksiyası liderlərini meydandan çıxara bilsinlər.
Bu, vəziyyəti daha da gərginləşdirib. Etirazçılar polis əməkdaşını döyüblər. Qana bulaşmış hüquq-mühafizə orqanı əməkdaşını həmkarları aparıb.
17 müxalif siyasi qüvvənin birgə mitinqi saat 13:00-da başlamalı idi, amma polis aksiya başlamamış iştirakçıları və təşkilatçıları saxlamamağa başlayıb. Saxlanılanlar arasında Respublika Partiyasının və Vətən Partiyasının nümayəndələri var. “Şişəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.
“Qorxunu, yarımçıqlıq kompleksini yenmək əvəzinə hakimiyyət növbəti dəfə Sarukyanı saxlayırlar. Onlar dərk edə bilmədilər ki, üç milyon insanı saxlaya və ya həb s edə bilməzlər. Hamı yaxşı anlayır ki, bu sənəd imzalanandan sonra o, [baş nazir Paşinyan] məsuliyyəti başqalarının üzərinə qoymağa çalışacaqdı”, – “Çiçəklənən Ermənistan” partiyasından İvetta Tonoyan qeyd edib.
Müxalifət hesab edir ki, qüüvvədə olan hakimiyyət siyasi repressiya yolu ilə gedir.
Saat 14:30-a qədər polis artıq 129 nəfəri saxlayıb.
Təşkilatçılar haqda
Aksiya hələ atəşkəs razılaşması imzalanmamışdan əvvəl baş nazir və hökumətin istefasını tələb edən 17 müxalif partiya Şurası tərəfindən təşkil edilib. Daha sonra isə onlar könüllü istefanın Nikol Paşinyanın edə biləcəyi ən az şey olduğu haqda bəyanatla çıxış etdilər.
“Cəbhədə qanları ilə torpağı və dövlətçiliyi, elə bizim hamımızı müdafiə edən əsgərlərin arxasında xəyanətkar saziş imzalanıb. Biz birləşməli və daxili iğtişaşları və təxribatları istisna etməliyik”, – Şuranın bəyanatında deyilir.
Dövlət başçısının istefası və onun imzaladığı razılaşmanın ləğvi uğrunda mübarizədə birləşən müxalif partiyaların əksəriyyəti ölkə sakinlərinə məlum deyillər.
Koaliaiyanın əsasını üç partiya təşkil edir. Onlardan biri 2018-ci il “məxməri” inqilab zamanı əhalinin əksəriyyətinin getməsi üçün mübarizə apardığı keçmiş iqtidar partiyası – Ermənistan Respublika Partiyasıdır. O zaman insanlar məhz həmin partiyanın lideri və dövlət başçısı Serj Sarqsyanın istefasını tələb edən inqilab liderini – Nikol Paşinyanı dəstəkləmişdi.
İkinci tanınmış siyasi qüvvə inqilabdan sonra parlamentə daxil olan və müxalif qüvvələrdən biri kimi çıxış edən “Çiçəklənən Ermənistan” partiyasıdır.
Üçüncü tanınmış qüvvə son zamanlar çox da populyar olmayan, amma hazırkı hakimiyyətə qarşı ən kəskin müxalifət mövqeyini tutan “Daşnaksütun” partiyasıdır.
Müxalifət koalisiyasına Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, bu vəzifəyə baş nazir Paşinyan tərəfindən təyin edilən və daha sonra istefaya göndərilən Artur Vanetsyanın yaratdığı partiya da daxildir. Bu partiya məhz MTX rəhbəri olduğu zaman populyarlaşan Vanetsyan sayəsində tanınır.
Ermənistanın keçmiş rəhbərinin kürəkəninin rolu
Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan Ermənistan sakinlərinə müraciət edərək, onları müxalifətin aksiyasına qoşulmağa çağırıb. Sosial şəbəkələrdəki səhifələrində o, ötən gün yazıb ki, imzalanmış razılaşma ilə bağlı vəziyyəti hələ dəyişmək mümkündür. Onun sözlərinə görə, bunun üçün sadəcə cəmiyyətin baş nazirin istefası uğrunda mübarizədə birləşməsi lazımdır:
“Ölkənin dörd günü və ya 96 saatı var ki, vəziyyəti dəyişsin və yeganə problem Ermənistanın qüvvədə olan baş naziri Nikol Paşinyandır. Əziz həmvətənlər, ölkəmizin siyasəti ilə yaxşı tanış olan, regional qüvvələri tanıyan, bəyanatların necə razılaşdırıldığını, ən son məqamda belə onları necə dəyişmək mümkün olduğunu bilən insan kimi yazıram. Bütün məsuliyyətilə bildirirəm ki, hələ hər şey geriyə dönüşü olmadan itirilməyib”.
Bununla yanaşı bu bəyanatın hakimiyyət uğrunda mübarizə cəhdi olmadığını, bunun “torpaq, ləyaqət və təhlükəsizlik mübarizəsi” olduğunu qeyd etməyi də unutmayıb.