Qarabağ: rayonlar Azərbaycana təhvil verilir, Rusiya sülhməramlıları, Ermənistanda etiraz
-
“Atəşkəs ona görə bağlanıb ki, əsgərlər mühasirədə qalmaq təhlükəsində idi” – Qarabağ prezidenti
Arayik Harutyunyan Facebook-da canlı efirdə günahkarlar axtarmamaq çağırışı ilə xalqa müraciət edib. O bildirib ki, dəfələrlə insan resurslarının kəskin çatışmadığı haqda xəbərdarlıq edib. Prezident “xain axtarmamağa” çağırıb:
“Bizim Stepanakerti müdafiəçilərimiz yox idi, çünki hərbçilər ön cəbhədə idi. İndi günahkar axtaran könüllülər, … mənim əziz stepanakertlilərim harada idi? Onlarla, maksimum 100-200 nəfər vardı. Biz 60 minlik qoşunu belə saxlamalı idik? […] 18-20 yaşlı [hərbi xidmət əsgərləri] 6, 7, 8 dövlətə qarşı döyüşı bilməzdi”.
Prezident bütün qarabağlıları evlərinə qayıtmağa çağırıb. Onun sözlərinə görə, yaxın günlərdə burada infrastruktur məsələsi, su, elektrik və qaz problemləri həll ediləcək:
“Biz bugün söz veririk ki, hər hansı sosial problemlər olmayacaq… Bizim nə edəcəyimizə dair qəti qərarımız yoxdur. Amma əmin etmək istəyirik ki, yollar təhlükəsiz olacaq. Siz əmin olun ki, biz Artsaxda yaşayacağıq və hər hansı başqa yerdən daha yaxşı yaşayacağıq, çünki bizi heç yanda gözləmirlər, heç bir ölkədə”.
-
Azərbaycanda internetə qoyulmuş məhdudiyyət aradan qaldırılır
Azərbaycanda internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcək.
Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sosial media hesabında bildirib.
-
Ermənistanda Milli Məclisin həyətində tüstü bombası partlayıb
Tüstü bombasını polislər tərəfə atıblar. Onu məhz kimin atdığı hələlik məlum deyil.
-
Ermənistan parlamentində növbədənkənar iclas baş tutacaq
İclasın çağırılması üçün lazım olan sayda imza toplanıb və parlamentin katibliyinə təqdim olunub. Gündəlik artıq məlumdur: deputatlar Dağlıq Qarabağ üzrə razılaşmanın ləğv edilməsini tələb edirlər.
İclas saat 20:00-da baş tutacaq.
-
Yerevanda etirazçılar baş nazirə könüllü istefa verməsi üçün gecəyarısına qədər vaxt veriblər
Aksiya iştirakçıları hələ də parlament binasının qarşısındadırlar. Mitinqçilərin sayı azalmır.
“Daşnaksütun” nümayəndəsi İşxan Saqatelyan bəyan edib ki, növbəti addım parlamentin növbədənkənar iclasının çağırılmasıdır.
“Bütün “Mənim addımım” deputatlarının 00:00-a qədər vaxtı var. Əgər onlar bu vaxt MM-ə gəlməsələr, biz 00:30-da mətbuat konfransı keçirəcəyik və gələcək addımlarımızı təqdim edəcəyik”, – o deyib.
-
Yerevanda etirazçılar parlament binası qarşısına gəlib
Parlament binasının yerləşdiyi Baqramyan prospekti bağlıdır. Milli Məclisin qarşısında tikanlı məftilli və su şırnaqlı maşınlar dayanıb. Parlamentin bilavasitə qarşısında üç cərgə polis düzülüb.
Müxalif partiyaların deputatları baş nazirin impiçmenti prosesini başlatmaq istəyir.
“Çiçəklənən Ermənistan” partiyasının deputatı Naira Zohrabyan toplaşanlara bildirib ki, MM-ə daxil olur:
“(İqtidarda olan) “Mənim addımım” blokundan olan həmkarlarımız şəxsi söhbətlərimizdə bildiriblər ki, siz Paşinyanın devrilməsi prosesini başladın, son anda biz də sizə qoşulacağıq. Son dəqiqəni gözləmək lazım deyil. Biz sisin hamınızı Milli Məclis binasında gözləyirik”, – Zohrabyan deyib.
FOTO – “vozni” Telegram kanalı
-
“Müharibəni ordu yox, dövlət uduzub” – Ermənistanın keçmiş müdafiə naziri
Qarabağda atəşkəs haqda qərar doğru idi, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib.
Onun sözlərinə görə, “Ermənistan və Artsax ətrafında kifayət qədər mürəkkəb hərbi-siyasi vəziyyət yaranıb”.
Amma Qarabağ üzrə imzalanmış üçtərəfli bəyanatı Ohanyan “əlverişsiz sənəd” hesab edir.
“Müharibəni ordu yox, dövlət uduzub… Məsuliyyəti Ermənistanın hazırkı rəhbərliyi daşımalıdır”.
-
Ermənistanın hökumət binası qarşısına əlavə polis qüvvələri cəlb olunub
Minlərlə etirazçı hökumət binası qarşısına toplaşıb. Onlar “Nikol, get” şüarı səsləndirirlər.
Müxalif partiya liderləri növbə ilə çıxış edirlər. Onlardan bəziləri heç nəyi sındırmamağa və dağıtmamağa çağırırlar, çünki “bunlar dövlətə məxsusdur, Paşinyana yox”.
Hökumət evinə basqının qarşısını almaq üçün binanın divarı boyunca bir neçə sıra ilə polislər düzülüb.
-
Mitinqçilər Azadlıq Meydanından Ermənistanın hökumət binasına doğru yönəliblər
Etirazçılar hərbi vəziyyətin ləğv edilməsi və Ermənistanın baş naziri Nikol Paşinyana etimadsızlıq elan olunması üçün Milli Məclisin təcili iclasının çağırılmasını tələb edirlər.
-
Ermənistanda müxtəlif polis şöbələrinə 129 nəfər gətirilib
Bu, saat 14:30-a olan məlumatdır.
Hazırda polis daha heç kimi həbs etmir. Müxalif partiya nümayəndələrinin böyük hissəsini hələ mitinq başlamazdan əvvəl Azadlıq Meydanından aparıblar.
-
Ermənistanın eks-prezidenti Serj Sarqsyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb
Prezidentin ofisindən məlumatı artıq təsdiqləyiblər. Bu gün saat 16:00-da Sarqsyan MTX-a gedəcək.
Daha əvvəl məlum olmuşdu ki, Yerevanda MTX əməkdaşları Qarabağ üzrə birgə bəyanatın fonunda digər müxalif partiyaların liderləri ilə birlikdə Yerevanın mərkəzində mitinq təşkil edən “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyanı saxlayıb.
-
Müxalifətin Ermənistanın baş nazirinin istefası tələbinə Dağlıq Qarabağdan dörd partiya da qoşulub
Bunlar “Artsax Demokratik Partiyası”, “Artsax Ədalət Partiyası”, “Vahid Vətən” və “Daşnaksütun” partiyalarıdır – Yerevanda mitinqdə “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Mikael Melkumyan bildirib.
Onun sözlərinə görə, Qarabağ partiyalarının nümayəndələri Dağlıq Qarabağ prezidenti Arayik Harutunyanın istefasını da tələb ediblər.
-
Müxalif partiyalar atılmalı addımların planını açıqlayıb
Qarabağı xilas etmək üçün üç addım atılmalıdır – “Daşnaksütun” partiyasının Ali Orqanının nümayəndəsi İşxan Saqatelyan bəyan edib.
“Birincisi, Vətəni Xilas Komitəsinin yaradılmasıdir ki, bunu artıq etmişik. İkincisi, Nikol Paşinyanın və hakimiyyətin dərhal istefasının tələbi. Üçüncüsü, xəyanətlə satılan torpaqlarımızın xilası”.
-
Yerevanda polis insanları zorla mitinqdən aparır
Polislər insanları svtomobillərə otuzdurub müxtəlif şöbələrə aparırlar.
Müxalif partiya liderləri çağırışlarla çıxış edir, aksiya iştirakçıları “Nikol get!”, “Nikol xain!” şüarlarını səsləndirirlər.Etirazçıların sayı artır. Polis daxili qoşunları cəlb edib.
-
Yerevanda müxalifət Qarabağ üzrə üçtərəfli sazişə qarşı mitinq keçirir
Yüzlərlə insan Yerevanda Mərkəzi Meydanda müxalifətin mitinqinə toplaşıb, onlar noyabrın 10-da Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandırılması haqda razılaşmaya qarşı etiraz edirlər.
“Öz qanı ilə torpağını, dövlətçiliyini və bizim hamımızı müdafiə edən əsgərlərin arxasında xəyanətkar razılaşma imzalanıb. Biz birləşməliyik və daxili iğtişaşların və təxribatların qarşısını almalıyıq”, – 17 müxalif partiyanın Şurasının bugün yayılan bəyanatında deyilir.
Polis xəbərdarlıq edib ki, Ermənistanda hələ də qüvvədə olan hərbi vəziyyət şəraitində mitinqlərin təşkil edilməsi qadağandır. “Hərbi vəziyyət zamanı tətil və mitinqlərdə iştiraka görə minimum əmək haqqının dörd mislindən yeddi mislinə qədər (yəni 400-700 min dram və ya 800-1500 dollara yaxın) cərimə nəzərdə tutulub”, – prokurorluğun məlumatında deyilir.
-
Yerevanda etirazçılar Soros Fondunun ofisini dağıdıblar
Videoda talançıların “Açıq Cəmiyyət İnstitutu – Dəstək Fondunun” (Soros Fondu) ofisinin qapılarını qırdıqları görünür.
Ötən gecə Paşinyan hökumətinin “siyasi məğlubiyyətinə” qarşı çıxanlar Yerevanda “Azadlıq Radiosunun” redaksiyasının ofisinə də hücum edib.
-
Qarabağda müharibənin bitməsi Ermənistan və Azərbaycan xalqlarının qələbəsidir – RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib
“Müharibənin dayanması üçün və bunun nəzarətdə saxlanılması sığortalanması üçün Rusiya sülhməramlıları ora girir, onlar hərbi əməliyyatların davam etməməsini təmin edəcəklər”, – prezidentin mətbuat katibi bəyan edib.
-
“Qarabağ üzrə razılaşma ordunun tövsiyəsilə imzalanıb” – Ermənistan baş naziri
Nikol Paşinyanın sözlərinə görə, hərbçilər dayanmağı təklif ediblər, çünki “bizim suallarımız var, onların həlli perspektivləri yoxdur”.
O, Facebook-da canlı yayım zamanı ön cəbhədə döyüşənləri əvəz edənlərin olmadığı, onların bütün ay boyu dincəlmək imkanının olmadığı haqda danışıb. Nəticəədə Ermənistan və Qarabağ rəhbərliyi müharibəni mümkün qədər tez bitirmək haqda qərar qəbul ediblər, əks halda nəticələr daha ağır olacaqdı.
“Mən özüm və bütün erməni xalqı üçün çətin, həddən artıq çətin qərar qəbul etdim”, – Paşinyan bildirib. O, izah edib ki, hərbi əməliyyatların əvvəlində ona görə atəşkəs razılaşması bağlanmayıb ki, “Dağlıq Qarabağ ətrafında yeddi rayonun təhvil verilməsi nəzərdə tutulmuşdu”:
“Biz isə bu addımı ata bilməzdik, çünki inanırdıq, elə eləyə bilərik ki, atəşin dayandırılmasında maraqlı olan tərəf biz olmayaq, bunu düşmənin boynuna qoya bilək. Təəssüf ki, bu baş tutmadı”.
-
Əliyevin xalqa gecə müraciəti
Qarabağda atəşkəs haqda üçtərəfli razılaşma imzalanandan dərhal sonra gec saata baxmayaraq Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciətlə çıxış edib.
“Bu bəyanatın tarixi əhəmiyyəti var. Bildirməliyəm ki, bu bəyanat videokonfrans şəklində imzalanmışdır və ilk mərhələdə 3 ölkənin başçısı bu videokonfrans vasitəsilə bəyanatı imzalamalı idilər. Ancaq son anda Ermənistan baş naziri bundan imtina edib. Bu, müəyyən dərəcədə başadüşüləndir. Çünki faktiki olaraq bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir”, – Əliyev bəyan edib.
“Bu bəyanat imkan verir ki, hələ də işğal altında olan digər rayonlarımızı – Ağdam, Laçın, Kəlbəcər rayonlarını qan tökülmədən qaytaraq. Qısa bir müddət qoyulur, bu ayın sonuna qədər bu rayonlar bizə qaytarılır”, – Azərbaycan prezidenti əlavə edib.
“Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar… Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq”, – o vurğulayıb.
-
“Döyüşlər Stepanakertin yaxınlığında gedirdi” – Dağlıq Qarabağ prezidenti
Araik Harutunyan xalqa müraciət edib və bildirib ki, müharibənin 43 günü müddətində Ermənistan tərəfi Füzulini, Cəbrayılı, Qudablını, Zəngilanı, Hadrut rayonunun böyük hissəsini, Martuni və Əsgəran rayonlarının bir hissəsini və ən əsası Şuşa şəhərini itirib. Döyüşlər Stepanakertin yaxınlığında davam edirdi, şəhərdən iki-üç kilometrlik məsafədə – prezident deyib:
“Dronlar Qarabağ ordusunu böyük itkilərə uğradırdı. Məsələ ondadır ki, niyə Ermənistan ordusu analoji silahlanma yaratmayıb”.
Buna görə, son onilliklərdə vəzifə tutan hər kəs cavab verəcək – Harutyunyan qeyd edib.
-
Rusiya sülhməramlılarından ibarət avtomobil kolonu artıq Ermənistanın Qoris şəhərindən Qarabağa doğru yola düşüb.
Rusiyanın Russia Today telekanalı Rusiya sülhməramlılarından ibarət avtomobil kolonunun Ermənistanın Qoris şəhərindən Qarabağa doğru yola düşdüyünü əks etdirəm video yayıb. Rusiya sülhməramlılarının münaqişə zonasına yeridilməsi Azərbaycan, Ermənistan və Rusiya arasında gecə imzalanan razılaşmanın şərtlərindən biridir. Şərtlər arasında Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana təhvil verilməsi və azərbaycanlı köçkünlərin evlərinə qaytarılması da var.