Kimə və hansı hallarda psixoloq lazım ola bilər
Gürcüstanda psixoloqa müraciət mədəniyyəti hələ indi yayılmağa başlayır. Bu peşə ətrafında real informasiyadan daha çox əfsənələr gəzir. Ətrafdakılardan daha tez-tez eşitdiyim mifləri xatırlamağa çalışacam.
1-ci mif: Psixoloq mənə ağıl öyrətməyə başlayacaq
Tanışım olan bir qadın evli kişi ilə ayrılıqdan sonra ağır depressiyaya düşdü. Mən ona psixoloq köməyinə müraciət etməyi məsləhət görəndə o bu təklifi sərt şəkildə rədd etdi – psixoloq ağıl öyrətməyə başlayacaq, həm də “başıma gələnləri yad adama danışmağa utanıram.
Əgər psixoloq əsl peşəkardırsa, siz heç vaxt ondan “Oy, siz bunu necə etdiniz! kimi sözlər eşitməyəcəksiz. Sizə heç kim ağıl da öyrətməyəcək. Psixoterapiyanın başqa məqsədləri var: bu və ya digər vəziyyətə necə düşdüyünüzü müəyyən etmək və sizə bundan çıxış yolu tapmağa kömək etmək.
2-ci mif: Seanslar vərdişə çevriləcək
“Psixoterapiyaya narkotikə öyrəşən kimi öyrəşirsən, sonra da müstəqil qərarlar qəbul etmək bacarığını itirirsən, – belə bir arqumentlə də rastlaşmışam.
Əslində isə hər şey tamamilə fərqlidir. Effektiv psixoterapiyanın əsas məqsədlərindən biri də məhz insana onun sərbəst və müstəqil şəkildə problemi həll etmək bacarığını göstərməkdir.
3-cü mif: Mən insanlarla ünsiyyəti yadırğayacam
“Psixoterapevtin qəbulundan sonra insanlar onları əhatə edən adamlarla mübahisə etməyə başlayır və tamamilə dözülməz olurlar, – bu daha bir mifdir.
Əslində, psixoterapiyanın əsas məqsədlərindən biri insana öz istəklərini müəyyən etmək və anlamağı və onları ətrafdakılara münaqişəyə gətirib çıxarmayacaq formada çatdırmağı öyrətməkdir.
Ola bilsin ki, psixoterapevtin yanında olarkən siz xoşagəlməz bir kəşf edəcəksiz – siz anlayacaqsız ki, sizin heç vaxt razılığa gələ, ümumi dil tapa və özünüzü onlarla rahat hiss edə bilməyəcəyiniz adamlar var. Amma belə adamlar sizin psixoloqa müraciət edib-etməyəcəyinizdən asılı olmayaraq da mövcud olacaq.
4-cü mif: Həyat kəskin şəkildə dəyişəcək
“Psixoloqla qarşılıqlı münasibətdən sonra insanlar həyatında köklü dəyişikliklər edir – işdən çıxır, başqa ölkəyə köçür, boşanır, – bunu mənə elə hey həyatındakı yeknəsəqlikdən şikayət edən, amma onu dəyişmək üçün heç nə etməyən tanışım söyləyir.
Bəli, bütün bunlar həqiqətən də baş verir, amma elə də tez-tez yox. Psixoloqun işinin nəticəsində çoxlu sayda istəklər və hisslər alt şüurdan üzə çıxır. Onların təsiri altında insanlarda xüsusən də özlərini daha rahatsız hiss etdiyi sahələrdə nəyisə köklü surətdə dəyişmək istəyi yaranır.
Amma psixoloqa müraciət heç də sizin baş götürüb qaçmağınız və ya hansısa digər böyük addımlarınız üçün təkan deyil. Ola bilsin, hər şey tamamilə əksinə olacaq – sizə elə gələ bilər ki, sizin yeriniz bu evdə, bu ölkədə deyil və özünüzü yaxşı hiss etməniz üçün harasa çıxıb getməlisiz – psixoloqa müraciətdən sonra isə siz əmin olacaqsız ki, bu, çıxış yolu deyil, xoşbəxtliyiniz burada, yaxındadır və siz onu müxtəlif səbəblər üzündən görə bilmirsiz.
5-ci mif: Psixoloqa müraciət zəifilik əlamətidir
“Mən o qədər də zəif deyiləm ki, psixoloqun köməyinə ehtiyacım olsun. Mənim həyatımda özümün baş çıxara bilməyəcəyim elə bir şey baş vermir, – yəqin ki, siz də belə bir arqument eşitmiş olarsız.
Bu, mifdir. Həqiqət isə ondadır ki, psixoloqlara məhz cəsarətli, problemin olduğunu etiraf etməyə cürəti çatan insanlar müraciət edir. Bu addımı atmaq o qədər də asan deyil. Xüsusən də bizim cəmiyyətdə, harda kı hamı özünün uğurunu və xoşbəxtliyini nümayiş etdirməyə çalışır və bəzən öz-özlərinə belə problemlərinin olduğunu etiraf etmirlər. Buna görə də psixoloqa müraciət edən adamlar heç də zəif deyillər.
6-ci mif: “Mən dəli deyiləm
Psixi problemləri olan adamlar psixiatrın köməyinə müraciət edirlər. Psixoloq və psixoterapevtlər həyatında bu və ya digər çətinlik və problemlərlə üzləşən sağlam adamlarla işləyirlər.
7-ci mif: Psixoloqlara dostları olmayan adamlar müraciət edir
Öz problemlərini dostlarınla bölüşmək olar – niyə də ki, yox, amma dost peşəkar deyil. Əgər məqsədiniz ancaq “ürəyinizi açmaq deyil, problemi rəal həll etməkdirsə, belə olan halda dostlar arasında edilən heç bir səmimi söhbət mütəxəssisin köməyini əvəz edə bilməz.
Bundan əlavə, dostlar sizi incitməmək üçün sizdən acı həqiqəti gizlədə bilərlər. Psixoterapiya isə heç də həmişə rahat olmur. Tez-tez psixoloqlar sizə xoş olmayan şeyləri söyləməli olurlar.
8-ci mif: “Mən başqa adam olacam
“Psixoloqun təsiri nəticəsində mən özüm olmayacam.
Xəbəriniz olsun ki, yaxşı mütəxəssislər heç vaxt manipulyasiya texnikasından istifadə etmirlər, buna görə də sizi iradəsiz marionetə çevrilmək kimi bir təhlükə gözləmir.
16.05.2016