“Dağlıq Qarabağ münaqişəsinin yeni nizamlama prinsipləri hazırlanmalıdır” – Tofiq Zülfüqarov
Ermənistan hakiyyətinin Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı çağırışı, regionda sülhməramlıların yerləşdirilməsinin mümkünlüyü və cəbhədə yaranan şərtlərə əsaslanan danışıq prinsipləri – Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bütün bunlarla bağlı JAMnews-a müsahibəsində danışıb.
Tofiq Zülfüqarov 5 mart 1998-ci ildən 26 oktyabr 1999-cu ilə qədər Azərbaycanın xarici işlər naziri, daha sonra isə Azərbaycanın Latviyada (2005-2010) və Estoniyada (2007-2015) fövqəladə və səlahiyyətli səfiri olub.
Zülfüqarovun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın digər ölkələrə Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı çağırışı “daxili siyasətə hesablanmış populizmdən başqa bir şey deyil”.
“Bütün sivil dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağ ölkənin ayrılmaz hissəsidir. Ölkənin bir hissəsinin müstəqilliyinin digər dövlət tərəfindən tanınması beynəlxalq normaların pozulması deməkdir. Bunu Ermənistanda çox yaxşı başa düşürlər, buna görə də Ermənistanın özü Dağlıq Qarabağı tanımaq riskini gözə almayıb, çünki bu, danışıqlar prosesində onun özünün vəziyyətini çətinləşdirər”, – keçmiş nazir deyib.
Ermənistanın Qarabağın müstəqilliyini tanıması halında Azərbaycanın atacağı addımlara gəlincə, Azərbaycan XİN-in keçmiş rəhbəri əmindir ki, qətiyyən heç nə dəyişməyəcək: “Azərbaycan Dağlıq Qarabağı öz ərazisi hesab edib və edir və hazırda Azərbaycan ordusu bu əraziləri işğaldan azad edir. Bu ərazilərin müstəqilliyinin kimsə tərəfindən tanınması və ya tanınmaması bu halda heç nə dəyişməyəcək. Təkrar edirəm, bu tezis hər şeydən əvvəl Ermənistanda daxili istehlakçı üçün nəzərdə tutulub və bu haqda ciddi danışmağa dəyməz”.
Sülhməramlı qüvvələrin regionda yerləşdirilməsi perspektivi haqda danışarkən Tofiq Zülfüqarov qeyd edib ki, BMT-nin nizamnaməsi münaqişə zonasına sülhməramlı qüvvələrin yerləşdirilməsinin beş vasitəsini nəzərdə tutur. “Bunların dördündə sülhməramlı qüvvələrin yerləşdirilməsinin mütləq şərti kimi vəzifəsi bilavasitə hərbi əməliyyatların dayandırılması və atəşkəsə nəzarətdən ibarət olan kontingentin ərazisində yerləşdiriləcəyi ölkənin razılığı göstərilib. Yalnız bir halda sülhməramlılar tərəflərdən hər hansı birinin razılığı olmadan yerləşdirilə bilər. Bunun üçün BMT-nin Təhlükəsizlik Şurası tərəflərin sülhə məcbur edilməsi haqda qətnamə qəbul etməlidir”, — o bildirib.
“Hazırda hərbi əməliyyatlar Azərbaycan ərazisində aparılır və sülhməramləların münaqişə zonasında yerləşdirilməsi üçün əsas şərt Azərbaycan rəhbərliyinin buna razı olmasıdır. Bu haqda son çıxışlarında Azərbaycan prezidenti İlham Əliyev də bildirib. Amma bu gün bu, praktiki olaraq mümkün deyil, döyüşlər gedir və hər hansı atəşkəs haqda hələlik danışmaq mümkün deyil”, – Zülfüqarov əlavə edib.
Azərbaycanın keçmiş xarici işlər naziri münaqişənin nizamlanması prinsiplərinin yenidən nəzərdən keçirilməli olduğuna əmindir.
“Madrid prinsipləri” və bir zamanlar danışıqlar masasında əldə edilmiş digər razılaşmalar mənasını itirib. Münaqişə zonasında yaranmış vəziyyətdən çıxış edərək onların yenidən hazırlanması hazımdır”, – Zülfüqarov deyir.
“Danışıqların bütün prinsiplərinin öz müddəti var. Hazırda Azərbaycanın işğal olunmuş ərazilərini şərti olaraq “beş rayon” və “digər iki qarayona” ayırmağın və sairə mənası yoxdur. Mənim üçün yalnız Azərbaycanın işğal olunmuş əraziləri anlayışı var, onlar qaytarılmalıdır və bütün beynəlxalq ictimaiyyət oranı Azərbaycan ərazisi hesab edir”, – JAMnews-un həmsöhbəti deyib.
Tofiq Zülfüqarov əlavə edib ki, “Bu gün BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycan işğal altında olan ərazilərini azad edir. Prezident İlham Əliyev bildirib ki, artıq keçmiş status-kvo mövcud deyil, əvvəlki təmas xətti yoxdur. Başqa sözlə, əgər danışıqlar başlasa, yeni nizamlama prinsipləri hazırlanmalıdır, real vəziyyətdən çıxış edərək yeni yanaşmaya ehtiyac var”.
BMT-nin 51-ci maddəsi:
Bu Nizamnamə Təhlükəsizlik Şurası beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün lazımi tədbirlər görənə qədər Təşkilat Üzvünün silahlı hücuma məruz qalması halında fərdi və ya kollektiv özünümüdafiə hüququna heç bir şəkildə təsir etmir. Təşkilat Üzvləri bu özünümüdafiə hüququndan istifadə edərkən gördükləri tədbirlər haqda dərhal Təhlükəsizlik Şurasına bildirməli və beynəlxalq sülh və təhlükəsizliyin qorunması və ya bərpa edilməsi üçün lazım bildiyi hərəkətlərin istənilən vaxt görülməsinə münasibətdə Nizamnaməyə uyğun olaraq Təhlükəsizlik Şurasının səlahiyyət və vəzifələrinə toxunulmamalıdır.