Mixail Şevelev, Moskva
Fazil İsgəndər – gözəl yazıçı və işıqlı insan dünyasını dəyişib.
Bəlkə səhv edirəm, amma deyəsən Fazil İsgəndərin son yazdığı Dmitri İvanovun “Allahlar harada gecələyir romanına qısa rəy olub. O, bizə bu romanı məsləhət görüb. Və bu məsləhətə qulaq asmağa dəyər, məsləhətçi də adi adamlardan deyil, mövzu da vacib mövzudur.
Rusiya indi Qafqazla maraqlanmır. Bu, qurğulardakı xəbərlərdən, sosial şəbəkələrdəki statuslardan, KİV-dəki yazılardan görünür. Şimali Qafqaz onları ancaq Ramzan Kadırov nəsə fövqəladə bir bəyanatla çıxış edəndə, ya da qəribə hərəkət edəndə və ya Dağıstanda güclü partlayış törədiləndə, ya da Moskvada Boris Nemtsov qətlə yetiriləndə maraqlandırır. Bakı, Yerevan və Tbilisidə baş verənlər rusiyalıların ümumiyyətlə vecinə deyil. Brexit – bəli, bunu müzakirə etməyə dəyər. Qarabağdakı hərbi əməliyyatlar isə yox, maraqlı deyil.
Və bu hisslər qarşılıqlıdır. Eynən Gürcüstanda, Azərbaycanda və Ermənistanda da Rusiyada baş verənlər az adamı maraqlandırır. Orada yaşayan əksər sakinlər üçün bu başqa, yad və hətta düşmən bir dünyadır. Hətta Cənubi Osetiya və Abxaziyada belə Moskvanın həyatında baş verənləri maraqla izləyənlərin sayı get-gedə azalır. Onlara da bu yaddır.
Burada heç bir sirr və ya qeyri-adi heç nə yoxdur: sovetlərdə olan Cənubi Qafqazla indikinin arasında iyirmi beş illik məsafə var. Nə qədər yanaqlarını şişirdib, imperiyanın intibahını sübut etməyə çalışsan da, “imtiyazlı maraqlar zonası barədə danışsan da, aydın olan budur ki, Rusiya öz Qafqazdakı davranışı ilə daha çox başlamaqda olan impotensiyasını gizlətməyə çalışan yaşlı “arvadbazı xatırladır.
Bu, qarşılıqlı maraqsızlıq imitasiyanın mümkün olmadığı yerlərdə daha aydın görünür. Son zamanlar rus dilində Qafqaz haqqında nə qədər bədii əsər yazılıb? Yəni istedadlı, böyük olmasa da olar, ümumiyyətlə nə qədər? Ola bilsin, nəyisə qaçırmışam, ona görə də “heç neçə dənə deməyəcəm. Çox az – deyəcəm. Çünki oxucu tələbatı olmayan yerdə yazıçı təklifi də yoxdur.
Amma!
2015-ci il başladı. Və Dmitri Romanovun “Allahlar harada gecələyir romanı işıq üzü gördü.
Əsər yaxşı yazılıb. Maraqlı süjet xətti var. Həm gülməli, həm də təsirlidir. Bunu mən demədim – mən sadəcə Fazil İsgəndər, Lyudmila Ulitskaya, Yuri Arabov, Andrey Makareviç kimi adamların fikrinə şərik oldum.
Öz tərəfimdən əlavə edim: bunun necə yazılması vacibdir, amma toxunulan mövzu məncə daha vacibdir. Bu roman Qafqazda yaşayan insanların Rusiya dövləti ilə növbəti görüşündən bəhs edir. Bu dəfə nə müharibə, nə deportasiya, nə də adi qətl hadisəsi deyil, bu dəfə sadəcə Soçi Olimpiadası baş verir. Amma yenə də fəlakət olur.
Və birdən məlum olur ki, məsələ fəlakətli olsa da, həll olunandır. Çünki romanın baş qəhrəmanı olan imkanlı, bu ana qədər Qafqaz haqqında dumanlı təsəvvürə malik olan moskvalı təsadüfən Olimpiyadada qarət və bölgünün episetrinə düşür və birdən düşünməyə başlayır. Sonra hiss edir. Daha sonra da hərəkətə keçir.
Əlbəttə, bu kitabın əsas oxucusu Moskvada, Permdə, Çelyabinsk və ya Orenburqda yaşayır. Çünki bu kitab onun haqqındadır. Amma ola bilsin onu Bakıda, Tbilisidə, Yerevanda və bir çox başqa yerlərdə də oxuyacaqlar. Rusiya dövləti ilə Rusiyada yaşayan insanların əslində fərqli olduqlarının sübutunu axtaranlar (və son zamanlar çox nadir hallarda tapanlar) tərəfindən oxunacaq.
Mənə elə gəlir ki, Fazil İsgəndər bu kitabın oxunmasını istərdi.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc olunub 02.08.2016