Kimi və niyə salamlayırıq?
Məncə ilk dəfədir ki, belə olur: desktopda başladığım, sonra da yarımçıq qoyduğum məqalələr bir kənarda qalıb. Bəziləri Qaliyə aiddir. Onları Qiqa Otzoxoriya qətlə yetirilən zaman yazmağa başlamışdım. Bitirsəm də dərc üçün göndərməyi təxirə salmışam. Sonra da bu mövzunu açıq müzakirə etmək istəyim söndü.
Son bir neçə gün maraqlı oldu. Prinsipcə nəticəsiz ötüşən və bu zaman heç kimə maneçilik törətməyən aksiya birdən sosial şəbəkələrdə günün və hətta həftənin mövzusu oldu.
“Mşıbzia ideyasının müəllifi (adı və soyadı niyəsə ağlımdan çıxıb. Yaxşı, həm də sadəlövh insanların xətrinə dəyməyi xoşlamıram – yəqin ondandı), məncə böyük bir iş görə bildi – gürcü və abxaz cəmiyyətlərindən həmrəyliyə nail oldu. Nəhayət ki, hər iki tərəfin eyni cür qiymətləndirdiyi – qəti şəkildə qeyri-adekvatlıq və boşuna itirilən vaxt adlandırdığı bir şey üzə çıxdı.
Bu gənc oğlanın (bunu xatırlayıram) əsəb sisteminə heyfim gəlir. Əminəm ki, bu günlərdə o özünü heç də yaxşı hiss etmirdi. Yəqin ki, belə bir zərərsiz salamlamağa bu cür reaksiyanın olacağını gözləmirdi. Digər tərəfdən də səs-küylü aksiyanın (8 min nəfərin iştirak etdiyi aksiya isə çətin ki, səs-küysüz ötüşə bilsin) təşkilatçısı abxazlarla gürcülərin nə eşitmək istədiklərini, nə ilə maraqlanmadıqlarını və nəyi eşidə bilmədiklərini və eşitmək istəmədiklərini əvvəlcədən bilməlidir.
Buna qədər Abxaziya haqqında növbəti məqaləni yazarkən, yaddaşımda 11 sentyabrın kadrları canlanırdı. Yəqin ki, həyatda nə vaxtsa qarşımıza çıxa biləcək ən tükürpədici səhnə: alovdan xilas olmağa çalışan qız iş otağından çıxıb, divardan çıxan dəmirdən yapışır. O, yavaş-yavaş alovdan qızaraq, nəhayət o dərəcəyə çatdı ki, ondan yapışmaq artıq mümkün deyil. Qız qamətini düzəldir, bir müddət gücünü toplayaraq xaç çevirir və aşağı atılır. Bu cür kadrları yaxşı rejissorlar layiqincə qiymətləndirəcəklər. Az-çox kino sevərlər bunun səbəbini anlayar.
Altşüurumun “pis zövqü var – o, bu cür dəhşətli anları özünə hopdurur və onlardan xilas olmaq mümkün olmur. Bir müddət sonra Nyu-York sakinlərinin əksər hissəsi əkiz qüllələrin yerində hansısa vahid xatirə nişanının tikintisi ideyasını dəstəklədilər. Bu, böyük travma ayları idi, bununla belə Amerikada həmin günlərdə müsəlmanlara qarşı mümkün qədər nəzakətlə davranmağa çalışırdılar ki, günahsız insanların həyatını zəhərləməsinlər. O vaxtlar mən Abxaziya barədə düşünmürdüm və onun haqqında heç nə yazmırdım, baxmayaraq ki, bu cür alicənablıq nümunəsi fikirlərimi regionumuza, münaqişələrimizə qaytarırdı. Kim olduğumuzu və nəyə – qisas almağa, yoxsa alicənablığa meyl etdiyimizi anlamaq istəyirdim. Bir-birimizi dərk etmək və anlamaq, nəticə çıxarmaq, bağışlamaq və yeni müştərək yolların axtarışına başlamaq iqtidarındayıqmı?
Abxaziya haqqında yazmağa da sonradan başladım. Bu mövzu məni maraqlandırırdı, məqalə və ya bloq üzərində işlədiyim bütün bu müddət ərzində nə istədiyimi dəqiq bilirdim. Hər halda desktopumda heç vaxt Abxaziya haqqında bu qədər yarımçıq qalmış məqalə olmamışdı.
İndi isə abxaz münaqişəsinə toxunan əksər insanlar kimi mənim də canımı yorğunluq alır. Gürcülərin sadəlövhlüyü və ya yalançı sadəlövhlüyü bezdirir, axı onun arxasında yeni-yeni qəribə addımlara gətirib çıxaran düşünülmüş niyyətlər durur.
Abxazların necə böyük həvəslə “təşəbbüskar gürcüləri təpikləməsinə baxmaq bezdirir, həmin gürcülər münaqişəmizin ən qaranlıq və qanlı tərəfləri barədə bilə-bilə tam səmimiyyəti ilə hesab edilər ki, özləri abxazları bağışlayıblarsa, abxazlar üçün də bağışlamaq vaxtı çatıb artıq. İkinci tərəfin arqumentlərinə vaxt itirmək istəmirəm, əminəm ki, özləri də cavab verə biləcəklər.
Deyəsən, hətta neçə dəfə hansısa gürcü indiki sadəlövhlüyə bənzər bir addım atdıqda, abxazların ünvanına bir neçə xoş söz yazmaqdan özümü neçə dəfə saxlamağımı hesablamaqdan da bezmişəm, çünki bu zaman misal üçün, ruslar tərəfindən bu cür sevgi izharına gürcülərin necə cavab verəcəyi barədə düşünürdüm. Abxazlara səmimi sevgi bəsləyən çoxlu insan tanıdığıma baxmayaraq, altşüurum bu düşüncələrdən heç cür azad ola bilmir.
Qalan şeyləri isə – xilasımızın (hər iki tərəfin) nə vaxt və hansı şəkildə baş verəcəyini – güclə təsəvvür edirəm, amma ona görə yox ki, burada mümkünsüz nəsə var. Yox, bu çıxılmazlıq bizim “siyasi ənənəmizdir, bu yaxınlarda Anton Krivenyukun yazdığı kimi: eyni dərəcədə səthi mesajlar və eyni dərəcədə aqressiv reaksiya.
Bunun necə baş verməli olduğunu bilmirəm, amma bəlkə bu ənənəni pozmaq üçün azacıq da olsa bir-birimizə kömək edək, əks halda bizim ümumi çıxış yolumuz barədə düşünməyə ancaq infuzoriyanın əsəbləri qalacaq. İnfuzoriyanın isə bildiyiniz kimi, ümumiyyətlə əsəbləri yoxdur.
Keti Kantariya, Tbilisi
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər
23.06.2016