Diana Petriaşvili, Tbilisi
Belə bir təəssürat yaranır ki, müəyyən bir yaş dövrü var ki, insanlar ona yaxınşalanda “qızıl dövrün nisgilini yaşamağa başlayır.
Başqa yerlərdə necədir bilmirəm, amma biz tərəflərdə “qızıl dövr Sovet İttifaqı illəri hesab edilir. Nostalji hissləri yaşayanların orta yaşı adətən 40-dan bir az artıq olur.
Əvvəllər, valideynlərimizin 40 yaşı olanda burada qəribə heç nə yoxuydu – onlar da bu dövrün xiffətini çəkməsin, kim çəksin?
Amma indiki 40 yaşlılar Moskvaya biletin 37 rubl olduğu dövrü o qədər də xatırlaymayan yenidənqurma dövrünün uşaqlarıdır, buna görə də onların Sovet İttifaqına olan simpatıyası bir qədər təəccüb doğurur.
İndiki 40 yaşlılar sovetlər ölkəsində hər şeyi tərifləmirlər – yəni “QULAQları inkar etmədən və onlara bəraət qazandırmağa çalışmadan, “obyektiv müsbət tərəflər axtarıb tapırlar.
Onların fikrincə, sovetlərin müsbət cəhətləri arasında ən “obyektivi və gözə çarpanı təhsil sistemidir.
Yəni hələ də sovet məktəbləri və uşaq bağçalarınının dünyada ən yaxşı olduğunu düşünən insanlar var. Hər dəfə bunu eşidəndə təəccüblənirəm.
Bu sistemin vətəndaşlara verdiyi təhsil əslində əlavə məhsul idi. Etinasızlıqla ayaqlarınızın altına atılan şlak, tullantı: götür, bəlkə lazımın oldu.
Sistemin əsas məqsədi isə balaca vətəndaş üzərində iş, onun kondisiyaya çatdırılması idi. Sistemə onların hamısını, o cümlədən ən balaca vətəndaşları, eyni ideallara sadiq olan və başqalarını qəbul etməyən, sözə baxan əsgərlər düzəltmək tapşırığı verilmişdi.
Lap körpə yaşından sizin vəzifəniz Lenin babanı sevmək, amerikalılara nifrət etmək idi, bu qiymətli vərdişlərlə yanaşı siz iyirmiyə qədər sərbəst sayır və doğma əlifbanın hərflərini öyrənirdiz.
Sistemi qurşaqdan aşağı zərbə endirməsi, zədə vurması, şikəst etməsi və öldürməsi əsla narahat etmirdi – vətəndaşların sayı çoxuydu və heç kim itkiləri hesablamırdı.
Psixoloq olan tanışım bir dəfə pasientlərindən birinin uşaq bağçasına gedərkən məruz qaldığı onun fikrincə, ən yolverilməz sınaqdan danışdı.
Bu bağçadakı tərbiyəçilər “sükut oyunu oynayırdılar: uşaqları saatlarla səslərini çıxarmadan oturmağa məcbur edirdilər.
Onda mən özümün getdiyim uşaq bağçasındakı təcrübəmi danışdım: bizə ayaqyoluna getməyi qadağa edirdilər. Günün hansısa hissəsində onu bağlayırdılar, onda da ya dözməli, ya da yaş paltarla gəzməli olurdun.
Sonra mən məktəbə qara kapron reytuzda gəlməyə cürət etdiyi üçün hamının gözü qabağında soyundurulan qızı xatırladım. Onu məktəbin həyətində hamının qarşısında reytuzu soyunmağa məcbur etdilər…
Yəqin ki, solaxayların məcburən sağ əllə yazmağa öyrənməsi hamının yadındadır? Sinif yoldaşımın təbii ki, ancaq xoş niyyətlə sol əlini bağlayırdılar, axı onun da bütün sovet uşaqları kimi sağ əli ilə yazması mütləqiydi.
Sinfin məşhur “güclülərə və “zəiflərə bölgüsünü də hamı xatırlayır. Bizdə bu, birinci sinfin ilk həftəsindəcə baş verdi və sovet pedaqoqu tərəfindən bir dəfə “zəif adlandıranlar bu yarlığı məktəbi bitirənə qədər daşıyırdılar. Amma əməkdar sovet müəlliməsi bununla kifayətlənmədi və loqopedə ehtiyacı olan şagirdlərindən birini “geri zəkalı adlandırdı. Məncə demək artıqdır ki, bu ləqəbi o uzun illər boyu daşımalı oldu.
Mən hələ norma sayılan fiziki gücün tətbiq edilməsindən danışmıram: uşaqları çubuq, xətkeş və ya yumruqla döyür, saçlarını yolur, qulaqlarını dartırdılar və bütün bunlar tərbiyə prosesinin legitim hissəsi hesab olunurdu.
Birinci sinif şagirdləri üçün məktəbin bomba sığnağına ekskursiyalar təşkil edir və nüvə hücumu zamanı onların harada və necə yerləşəcəklərini göstərirdilər. Altı yaşlı uşaqlara Pentaqon bir oyun çıxarsa, baş verə biləcək bütün mümkün faciələrdən bütün təfərrüatı ilə danışırdılar.
Bu günkü, hələ də idealdan uzaq olan cəmiyyətdə bütün bu sınaqlar, cəzalar və pedaqoji yanaşmalar tam haqqına işgəncə sayıla bilər.
Onu da əlavə etmək istəyirəm ki, sadalanan misallarda heç bir uydurma-filan yoxdur – onların hamısı real həyatdan götürülüb və böyük məmnuniyyətlə bağça və məktəblərin sayını, həm də direktor, müəllim və tərbiyəçilərin adlarını deyərdim.
Bu şanlı sovet humanistlərini bütün yaş paltara, yolunmuş saçlara və şikəst edilmiş həyatlara görə məsuliyyətə cəlb etsəydilər, əla olardı.
Axı hərbi cinayətlərə görə mühakimə edirlər.
Dərc edilib: 16.05.2016