Qandzakdan brend kartofu
Kartofla yüklənmiş, sovet dövrlərindən qalma qəhvəyi “YerAZ avtomobili Yerevan rayonlarının sakinlərinə yaxşı tanışdır. Payızın axırlarından başlayaraq yazın ilk günlərinə qədər Vaçik Ohanesyan evdən evə, həyətdən həyətə maşınını sürərək, öz əlləri ilə yetişdirdiyi kartofu bazar qiymətindən daha aşağı qiymətə satmağa çalışır.
“Həyətlərə girib, qışqırıram: “Kartof, kartof… Əsl Qavar kartofu. Bir də eşidirəm ki, kimsə pəncərədən mənə qışqırır: “Kartof satanlar həyətimizdən elə indicə çıxıb, başqa həyətə gedin. Başqa həyətə gedirəm, ərinmirəm, məhsulumun hamısını satmaq üçün əlimdən gələni edirəm, – Qeharnik rayonu Qandzak kəndinin 63 yaşlı sakini gülə-gülə danışır. – Bazarda kartofun qiyməti 200 dram (təxminən 40 sent) olanda, mən 150-yə (təxminən 30 sent) satıram. 150 dramdan aşağı qiymətə satmaq olmaz, çünki onda xərclərimi də ödənməyəcək.
Ohanesyan öz şəxsi hesablamalarını, iqtisadi təhlilini təqdim edir: kartofun da maya dəyəri var; işi yaxşı qursan, yarım hektarlıq sahədən 20 ton almaq olar, özü 10 ton alır.
“Payızda bizə Artaşat və Armavirdən gəlirlər, öz tərəvəzlərini bizim kartofa dəyişdirirlər. Demək olar ki, bütün kəndlilər, o cümlədən mən də bir ton kartofunu dəyişirik. Daha 8 tonu 200 drama qədər qiymətə satıram. Alverçilər sonra onu 250-yə satır. Adamlar bizim kəndimizə gəlsə, onlara 200-ə satarıq, – Ohanesyan deyir.
Əhalisinin əsasən kənd təsərrüfatı ilə məşğul olduğu Qexarkunik rayonunda 42 000 kənd və kollektiv təsərrüfatı hər il 230 000 ton kartof istehsal edir. Qandzak kəndi hər il 5 000 ton kartof istehsal edir, onlardan 3000 ton satışa, 1000 ton əkinə gedir, 1000 tonu da öz istifadələri üçün saxlayırlar.
“Ölkədə artıq sənaye olmadığı üçün kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. O, hərəkətverici qüvvəyə çevrilməlidir. Biz elə bu gün zavod tikib, Mersedeslə rəqabət apara biləcək mal istehsal etməyə çalışsaq, buna 50 ilə də nail ola bilməyəcəyik. Bir kənd təsərrüfatı istehsalatı dövrü ərzində isə biz öz südümüz, ətimiz, balımız, əriklərimizlə – yəni brendimiz sayılan ekoloji təmiz məhsulumuzla beynəlxalq bazara çıxa bilərik. Bu gün kartof gəlir mənbəyimiz, yerli məhsulumuzdur, – Qandzak kəndinin rəhbəri Vanik Harutunyan deyir.
Kənd rəhbəri danışır ki, kənddə yaradılan Kartof İstehsalçıları İttifaqı kartofun ölkə hüdudlarından kənara ixracı üçün əlaqələr qurur. Ötən ildən artıq CavahkCavaxetiya ilə toxum mübadiləsi proqramı həyata keçirilir.
“Günlərin bir günü bizim Qandzak və Qavar kartofunun öz brendi olacaq ki, heç kim öz kartofunu bizim kartofumuzun adı altında satmasın. Kim harda hansı kartofu satırsa, Qavardan gətirdiyini deyir. Biz isə kartofu öz brendimizə çevirəcəyik, – kənd rəhbəri deyir.
Bununla belə kəndin bir çox sakinləri şikayət edirlər ki, bir kartofla ailəni dolandırmaq mümkün deyil. Ən çətini də onu satmaqdır.
“SSRİ vaxtında kim tək kartofa güvənirdi? Onda hamımız işləyirdik, zavodlar varıydı, kondensator, kabel, trikotaj istehsal edirdik. Təkcə 6000 nəfər kondensator zavodunda işləyirdi. 250-300 rubl alırdıq və yaxşı da dolanırdıq. Necə deyərlər, kommunizm qapımızı döydü, biz isə açmadıq. İndi də kənd kartofla dolanır, – ömrünün 41 ilini kənd kitabxanasında işləyən Anuş Ohanesyan deyir.
Kəndin mərkəzində yaşlı kəndlilər yığışır, cavanlar – təxminən 800 nəfər – qazanc dalınca gediblər. Yaşlılar ölkədəki iqtisadi vəziyyəti, qarşılaşdıqları sosial problemləri müzakirə edirlər.
Qandzakın keçmiş aqronomu Lavrenti Sirakyan danışır ki, təkcə onun ailəsindən yeddi kişi Rusiyaya qazanc dalınca gedib. Özü də xanımı və iki gəlini ilə birlikdə kənddə qalıb:
“Rayonumuzda ancaq bizim kəndin sakinləri əsasən əkinçiliklə məşğul olur. Amma təkcə kənd təsərrüfatı ilə ailəni dolandırmaq mümkün deyil. Əvvəllər regionumuzda 14 zavod işləyirdi, bu gün isə camaat işsiz qalıb. Yerlilərin heç olmasa o yerdə bəxti gətirib ki, qışa kartofu var, həm də onu kələm, kök və çuğundura dəyişmək olar.
25 il kəndin uşaq bağçasında işləmiş Nazik Antonyan deyir ki, iki il əri ilə Çelyabinskə gedib, burada onlar restoranda işləyir, əsasən kabab hazırlayırdılar.
“Sərf etdiyimiz əmək və əziyyətin qarşılılığında təbii ki, az pul alırdıq, amma heç olmasa nəsə qazanmaq üçün gedirdik. İndi də deyirlər, kartof brendimizdir. Amma kim bilmir ki, kartofla dolanmaq olmur? Birdən uşaq dondurma istədi. Neynəyim, əlinə kartof verib, dükana göndərim?
Elə ailələr var ki, mağazaya 400 minə qədər (təxminən 850 dollar) borcu var. Bəs niyə onlar kartofun köməyiylə borclarını ödəyə bilmirlər? Biz 100 və ya 120 drama satırıq, şəhərdə isə kartofumuzu 250-yə verirlər. Tutaq ki, maşın tutub, kartofumuzu bazara apardıq. Kim imkan verəcək axı bizə onu satmağa? Bütün yerlər artıq tutulub, – Nazik şikayət edir.
Qandzak kənd rəhbəri Vanik Harutunyan da hesab edir ki, kartofun satışı ən böyük problemdir, buna görə də kənd sakinlərinə onun həllində kömək etmək üçün hər şey edilir:
“Biz gürcülərlə də işləyirik. Özləri gəlib, kənddən aparırlar, qiymət qane edəndə, kəndimizdən kartofu İrana. İraqa da aparırlar. İndi də xarici bazarlara çıxmağa çalışırıq. Asan olmasa da bu istiqamətdə işləmək lazımdır, əminəm ki, alternativimiz yoxdur: gələcəyimiz kənd təsərrüfatına bağlıdır.
Qandzakın yaxınlığında 9270 nəfər əhalisi olan Saruxan kəndi yerləşir. Buradan hər il qazanc dalınca 2000 nəfər gedir. Saruxan kənd rəhbəri Vahan Qevorkyan qarabaşaq sahələrini göstərərək, deyir ki, ola bilsin tezliklə kənd sakinləri kartofu qarabaşaqla əvəz etdilər.
Quqarkunik rayonunun yeddi kəndi “Kənd və Kənd Təsərrüfatının İnkişafı üzrə Şərq tərəfdaşlığı proqramına (ENPARD) daxildir, bu proqramın sayəsində də bu il beş icmada ilk dəfə qarabaşaq yetişdirməyə başlayıblar. Proqram çərçivəsində Tsovaqyux icmasında fabrik tikilir, burada qarabaşağı emal edəcək və bazara göndərmək üçün hazırlayacaqlar. Həmin proqramın vəsaiti ilə Qeqarkunikdə pendir və ot çaylarının istehsalı üzrə sexlər tikiləcək.
“Satış məsələsi həll olunmaqdadır, bu da kənd sakinləri üçün əsas məsələdir. Biz artıq iqtisadi hesablamalarımızı aparırıq. Gəlir əmsalı yüksək olsa, ola bilsin Saruxan kartofu qarabaşaqla əvəz etdi. Amma kartofun satış məsələsini də həll etsəydilər, əla olardı, axı kənd 5000 tona yaxın kartof istehsal edir, onu da hazırda Gürcüstanda və daxili bazarımızda satırlar, – Saruxan kənd rəhbəri deyir.
Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2016-cı ildə respublikada kartof əkini sahəsi 34077 hektar təşkil etdi ki, bu da ötən ilki göstəricidən 771 hektar çoxdur. 5 sentyabra olan məlumata görə, ölkədə 210 000 ton kartof yetişdirilib, bu da ötən ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə 40 000 ton çoxdur.
Dərc olunub: 12.09.2016