Ünsiyyətin yeni formatı: Azərbaycan prezidenti və Ermənistan baş naziri qarşılıqlı bəyanat səsləndiriblər
BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edərkən Azərbaycan prezidenti Ermənistan rəhbərliyinin ünvanına ittihamlar səsləndirib. O bildirib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqları pozub. Bundan başqa, İlham Əliyev bəyan edib ki, Ermənistanın yeni müharibəyə hazırlaşdığından şübhələnir.
Ermənistanın baş naziri Əliyevin ittihamlarına cavab verib. Nikol Paşinyanın cavabının əsas məğzi ondan ibarətdir ki, “Ermənistanın və Qarabağın mövqeyi çox konstruktivdir”, Qarabağ məsələsinin isə hərbi yolla həlli yoxdur. Ermənistanın baş naziri Azərbaycan prezidentinə “konstruktiv müstəviyə qayıtmağı” məsləhət görüb və qeyd edib ki, münaqişə həqiqətən nizamlana bilər:
“Qarşımızda danışıqlar prosesini səmərəli etmək vəzifəsi dayanır”.
•Ermənistandan şərh: Azərbaycan mediası niyə Qarabağ haqda “sensasiyalar” dərc edir?
Əliyev nə deyib?
Azərbaycan prezidenti bildirib ki, 30 ildən çoxdur, Azərbaycan ərazisinin təxminən 20 faizi Ermənistanın işğalı altındadır.
“Ermənistan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həyata keçirilən sülh prosesini pozmağa çalışır. Ermənistanın məqsədi işğalla əlaqədar hazırkı status-kvonu saxlamaq və işğal olunmuş ərazilərin ilhaqına nail olmaqdır. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq Ermənistanın baş naziri məqsədyönlü şəkildə formatı və danışıqlar prosesinin mahiyyətini pozur”, – Azərbaycanın dövlət başçısı qeyd edib.
Əliyevin sözlərinə görə, Paşinyanın “Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir:
“Onun qəbulolunmaz “yeddi şərti” bizim tərəfimizdən rədd edilib. Bizim sülhə nail olmaq üçün tək şərtimiz: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır”.
Prezident onu da deyib ki, Ermənistan Azərbaycanın iri şəhərlərinə və mühüm mülki infrastrukturlarına: Mingəçevir Su Anbarına və dünyada ən böyüklərdən biri olan Sanqaçal neft-qaz terminalına zərbə endirməklə hədələyir.
“Ermənistan Azərbaycana qarşı istifadə etmək üçün müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir. Ermənistan rəhbərliyinin düşməncə Azərbaycanfob bəyanatları və törədilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə çağırırıq”, – Əliyev deyib.
Paşinyan nə cavab verib?
Nikol Paşinyan növbəti dəfə qeyd edib ki, baş nazir vəzifəsinə qədəm qoyandan sonra problemin həllinin “Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqları” üçün məqbul olmalıdır məzmununda “misilsiz bəyanat səsləndirib”. Baş nazirin sözlərinə görə, o, bu bəyanatın Bakıda layiqli əks-səda ilə qarşılanacağına ümid edirdi, çünki bu, “danışıqlarda irəliləmək üçün böyük imkanlar yarada bilərdi”.
“Amma cavab belə oldu ki, məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Mahiyyət etibarilə bu bəyanat Bakının münaqişənin nizamlanmasına ön şərt kimi məğzi 1988-ci il status-kvosuna qayıdış olan formul irəli sürməsi deməkdir”, – Paşinyan hesab edir.
Baş nazirin sözlərinə görə, “Azərbaycan hakimiyyətinin xoşuna gəlməyən bütün bəyanatlar onların destruktiv bəyanatlarına bərabər reaksiyadır”.
Bakı məsələni güc yolu ilə həll edəcəyi ilə təhdid edərək birtərəfli güzəştlərə nail olmaq istəyir – baş nazir hesab edir.
“Biz ən başından bəyan etmişik ki, Ermənistanla güc və təhdid dili ilə danışmaq lazım deyil. Bu mənasızdır. Mən açıq şəkildə mövqeyimizi bəyan etmişəm: Qarabağ məsələsinin güc yolu ilə həlli yoxdur. Əgər Qarabağ məsələsinin güc yolu ilə həlli varsa, o zaman Artsax xalqı deyəcək ki, çoxdan məsələni həll edib”.
Konfidensial informasiyanın açıqlanması haqda
Paşinyan həmçinin vurğulayıb ki, son zamanlar Bakı təbliğat kampaniyasına yeni komponent qatmaq qərarına gəlib – “bir növ konfidensial informasiyanın açıqlanması”:
“Azərbaycanlı həmkarlarıma məsləhət görürəm ki, bu yolla getməsinlər, çünki əgər biz konfidensial informasiyanı yaymağa başlasaq, bu, Azərbaycanda daxili siyasi vəziyyətdə stabilliyi pozacaq”.
Konfidensial informasiyanın yayılması dedikdə Nikol Paşinyan böyük ehtimalla az əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrovun sitatı ilə bağlı yaşanan qalmaqalı nəzərdə tutub. Azərbaycan parlamentinin mətbuat xidməti Lavrovun Azərbaycan parlamentinin spikeri ilə görüşdə Qarabağ nizamlanması və bu prosesdə Ermənistan baş nazirinin rolu ilə bağlı guya səsləndirdiyi fikirlərin də yer aldığı press-reliz yayıb. Press-reliz nəticədə redaktə olunub və bu fikirlər oradan çıxarılıb, amma bu, yalnız Rusiya tərəfinin təkzibindən sonra baş verib.
Bundan başqa, son zamanlar Azərbaycan tərəfindən xaker hücumları da fəallaşıb. Məsələn, bu günlərdə sosial şəbəkələrin Ermənistan seqmentində feyk məlumat – Qarabağ Milli Təhlükəsizlik Xidməti və Müdafiə Ordusu tərəfindən əhalinin təcili evakuasiyaya hazır olmağa çağırılması haqda saxta sənədlərin fotosu yayılıb.