Abxaziya: inqilab olmayacaq
Abxaziyada müxalifətlə hakimiyyətin bir neçə saat sürən qarşıdurması kompromislə nəticələndi. Bu, müxalifət nümayəndələrinə birinci vitse-premyer, baş prokuror, Konstitusiya Məhkəməsinə iki namizəd, MSK-nın yeni tərkibində dörd üzvü vəzifələrini tutmağı təklif ediləndən sonra baş verdi.
Amma böhranın bu cür sülh şəraitində yekunlaşması son ana qədər inandırıcı görünmürdü.
Yeni il ərəfəsində
Hələ noyabrın 30-da Abxaziya Müxalifət Qüvvələri Blokunun nümayəndələri yeni ilə 16 gün qalmış xalq toplantısı keçirəcəklərini bildirmişdilər. Bu bəyanatda öncədən prezident Raul Xadjimbanın dərhal istefasını da tələb etmişdilər.
Dekabrın 2-də ölkə parlamenti sülhməramlı rolunu öz üzərinə götürmək qərarını verdi.
Dekabrın 13-də Abxaziyanın Dövlət Təhlükəsizlik Xidməti bəyanat yaydı. Bəyanatda deyilirdi ki, “müxalifətin radikal tərəfdarları dekabrın 15-də güc yolu ilə hakimiyyəti ələ keçirmək və qanunla seçilmiş prezidenti fiziki olaraq kənarlaşdırmaq niyyətindədir.
Buna cavab olaraq elə həmin gün Müxalifət Qüvvələri Bloku və “Amtsxara partiyasının siyasi şurası “prezidentin qətlini planlaşdıran şəxslər barədə dərhal məlumat verməyə çağırdı. Müvafiq informasiyanın verildiyi halda müxalifət rəhbərliyi şəxsən həmin adamları hüquq-mühafizə orqanlarına təhvil verəcəyini vəd edirdi.
Dekabrın 14-də günün ikinci yarısı Dövlət Təhlükəsizliyi Xidməti sədri Zurab Marqaniyanın hesabatı parlamentdə, eyni vaxtda iki komitənin – hüquqi siyasət, dövlət quruculuğu, insan haqları, müdafiə və milli təhlükəsizlik komitələrinin təcili iclasında dinlənildi. İclasın əvvəlində DTX sədri prosesin açıqlığı ilə bağlı məsələ qaldırdı. Yekdilliklə informasiyanın doğruluğunu sübut edən materialları kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə dinləmək qərarı verildi. (Yazılar senzuradan kənar ifadələrlə doludur).
Ölkədəki siyasi vəziyyətin müzakirəsinə “Apsnı, “Ainar, “Abxaziya Xalq Cəbhəsi siyasi partiyalarının, “Kyarazaa Respublika İctimai Təşkilatı, DTX və Abxaziya Prokurorluğunun nümayəndələri dəvət edilmişdi. İclası açan DTX sədri Zurab Marqaniya dedi: “Operativ- axtarış tədbirlərinin keçirilməsi zamanı hazırlanan qanunsuz tədbirlər və Abxaziya Respublikasının prezidentinin fiziki kənarlaşdırılması təhdidləri barədə məlumat aldıq. Bu zaman o vurğuladı ki, həyata keçirilən əməliyyatlara məhkəmə sanksiyası alınıb.
Bundan sonra “Amtsxara partiyasının siyasi şurasının üzvü Ramaz Copuanın telefon danışıqlarının iki yazısı dinlənildi. Zurab Marqaniyanın məlumatına görə, məhz o məhkəmə sanksiyasından nəzarət altına götürülüb.
O cümlədən də aşağıdakı sitatlar səsləndirildi: “Hər şey plan üzrə gedir. Prezident layiq olduğunu almalıdır, indi də sürgündə olacaq. Möhkəm olun!, “Yanukoviçdən pis günə düşəcək. Hər şeyi yandıracağıq! Qanları axacaq, “Üçüncü mərtəbədən aşağı düşməyəcək, onu orada yandıracağıq. Cəsədini düşürəcəyik, “Qalda tərəfdarlarımız… tərəfdarlarımız yox, bizi dəstəkləyənlər və döyüşə getməyə hazır olanlar 350 nəfərdir, Suxumda 70 nəfər. Yandırıcı məhlullar hazırdır.
Təxribat, blef, alkoqol?
Bütün materiallar parlament iclası zamanı baş prokurora təqdim olunub. “Bu materiallar dərhal araşdırılmalı və incələnməlidir. Bu, bizim hamımıza aiddir, – Nuriy Taniya deyib.
Təqdim olunan materialların müzakirəsi zamanı deputat Sergey Şamda ağır hadisələrə hazır olmağa, amma həmin telefon danışıqlarının təxribat və ya sadəcə blef olduğunu istisna etməməyə çağırıb.
Deputat Leonid Çamaqua öz çıxışında parlament divarları arasında məhv olmuş islahatçı qanun layihələrini xatırladıb. Onların arasında ictimai televiziya, qarışıq partiya sistemi və s. haqqında layihələr var.
Müzakirə zamanı deputatlar vəziyyətin sabitləşdirilməsi və həm müxalifət, həm də hakimiyyətlə gələcək işlərlə bağlı müxtəlif təkliflər irəli sürüblər. Bəzi tədbirlərin görülməsi – növbəti danışıqların iclasdan dərhal sonra keçirilməsi ilə bağlı qərar verilib.
“Amtsxaranın Siyasi Şurası parlamentdəki görüşdən dərhal sonra DTX tərəfindən təqdim olunan materiallarla bağlı bəyanatını yayıb. Partiya Dövlət Təhlükəsizliyi Xidmətindən “R. Copua ilə içkili vəziyyətdə olan A. Mikvabiya arasında telefon danışığı ətrafında siyasi manipulyasiyaları dayandırmağı, cəmiyyətə doğru informasiyanın çatdırılması məqsədilə bu danışığı tam şəkildə dərc etməyi tələb edib.
Qonşu mitinqlər
Parlament əvvəlcədən keçiriləcəyi elan edilən yığıncaq günü, gecə yarısı brifinq çağırıb. Spiker Valeri Bqanba deyib ki, danışıqların növbəti mərhələsi baş tutub, amma “uğur qazanıldığını demək olmaz.
Parlament spikeri vurğulayıb ki, yığıncağın qarşısını almaq mümkün olmayıb, bununla belə növbəti dəfə “siyasət səhnəsində fiqurların yerini dəyişməklə böhranı aradan qaldırmağın mümkün olmadığını izah etməyə cəhd ediblər.
Deputat Axra Bjaniya isə deyib: “Parlament işini davam etdirəcək, proses davam edir. Biz belə bir razılığa gəldik ki, bütün siyasi qüvvələrin nümayəndələrinin imzalayacağı ümumi kommünike hazırlaya biləcəyik. Sənəddə hamının hüquqi normalara riayət etməli olduğu bir daha təsdiq edildi.
Dekabrın 15-də parlament Anlaşma Memorandumu və Razılaşma Protokolunun imzalandığını bildirdi.
Bu gecə ölkə parlamentində işlənib hazırlanan və bütün siyasi partiya və ictimai təşkilatlara imzalanmaq üçün təklif olunan sənəddə demokratiya prinsiplərinə riayət etmək və siyasi həyatı Konstitusiya çərçivələrində inkişaf etdirmək çağırışı əks olunub. Memorandumun altına ümumilikdə on iki imza atıldı – dövlət başçısı, parlament spikeri, İctimai Palatanın katibi, bir sıra siyasi partiyaların sədrləri və Müxalifət Qüvvələri Blokunun həmsədri Aslan Bjaniyanın imzaları.
Səhər tezdən isə Dram Teatrının qarşısındakı meydan və prezident administrasiyası qarşısındakı meydança növbəti mitinqlərə hazırlaşırdı.
Prezident administrasiyası qarşısındakı mitinqin təşəbbüskarı “Aruaa ictimai veteranlar təşkilatı oldu, dram teatrının yanına isə xalqı Müxalifət Qüvvələri Blokunun nümayəndələri dəvət edirdi. Çıxışlardan əvvəl hər iki təşkilat tədbirlərin sırf dinc niyyətini təsdiqlədilər, “Aruaa “dövlətçilik və konstitusiya quruluşunu dəstəklədiyini elan etsə də “Amtsxara nümayəndələri “15 dekabrı Abxaziyanın parçalanmasının son gününə çevirmək istəyindən danışırdılar.
Hər iki meydanda gah təşkilatçılar, gah da sıravi vətəndaşlar çıxış edirdi. Dram Teatrının qarşısında müxalifətin bir neçə ay sürən əməyinin məntiqi sonluğu kimi, prezidentin dərhal istefa verməsini tələb edirdilər.
Müxalifət Qüvvələri Blokunun tədbirində qəbul edilən qətnamə ilə mitinq nümayəndələri prezident administrasiyasına yollandılar.
Müxalifətlə danışıqların birinci mərhələsinin sonunda, etiraz günündə dövlət başçısı özü çıxış etdi.
“Onlar prezidentin istefası tələbi ilə gəliblər. İstəyirəm hamı anlasın ki, Prezidentin istefası baş tutmayacaq! Biz dialoqu davam etdirəcəyik, danışıqlara hazırıq. Amma müxalifət nümayəndələri bildirib ki, prezidentin istefasından başqa heç bir başqa məsələ ilə bağlı danışmayacaqlar, – Raul Xadjimba deyib.
Bu zaman Suxum qışı üçün aşağı temperatur müxalifət mitinqinin iştirakçılarını ocaq yandırmağa məcbur edib. Müxalifət və hakimiyyət tərəfdarlarının dinc qarşıdurması artıq altı saat idi ki, sürürdü. Bu iki tədbir bir-birindən 50 metr məsafədə keçirilirdi. Bir mitinqdə deyilənlər o biri mitinqdə eşidilirdi.
Danışıq prosesinə vasitəçi qismində müdafiə naziri Mirab Kişmariya qoşulub.
Eyni zamanda Raul Xadjimba sakitliyə riayət etmək çağırışı ilə çıxış edib: “Vaxt verin, ümid edirik ki, ümumi bir qərara gələcəyik. Əks halda ölkəni əldən vermiş oluruq.
Danışıqlar bitəndən sonra müxalifətçilər öz tərəfdarlarının yanına gediblər. Aslan Bjaniya deyib ki, dövlət başçısı müxalifət nümayəndələrinə birinci vitse-premyer, baş prokuror, Konstitusiya Məhkəməsinə iki namizəd, MSK-nın yeni tərkibində dörd üzvü vəzifələrini tutmağı təklif edir.
Gecə saat üç radələrində kompromisə gələn və hakimiyyətin təklifi ilə razılaşan adamlar Dram Teatrının qarşısındakı meydanı boşaltmağa başlayıblar.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər