2008-ci ildən dəhşətli mesaj
Rusiya vətəndaşı Oksana Sevastidi dövlətə xəyanət ittihamı ilə 7 il müddətinə həbs cəzası alıb. 2008-ci ildə, Cənubi Osetiya ətrafında avqust müharibəsindən bir qədər əvvəl o, Gürcüstandakı tanışına bir neçə sms göndərib. Oksana ona yazıb ki, Soçidə hərbi texnika daşıyan qatar görüb və onda olan məlumata görə, qatar Abxaziyaya gedir.
Sevastidiyə qarşı iş 2015-ci ildə açılıb, 2016-cı ilin mart ayında hökm çıxarılıb. Amma bu iş haqda ancaq indi məlum olub. Oksana Sevastidinin yeni vəkili İvan Pavlov Rusiyada siyasi məhbusları müdafiə etməklə məşhurdur. Mediaya məlumatı da o çatdırıb.
Oksana Sevastidinin hökmündə 2008-ci il müharibəsindən əvvəlki hadisələr ətraflı təsvir olunub, o cümlədən hərbi hissələrin nömrələri və dəmir yolu ilə daşınan texnika növləri qeyd olunub.
“İnformasiya əhəmiyyətliliyi və məlumatların həssaslığı nöqteyi-nəzərindən onun sms-ni hökmlə müqayisə etsək bu, dənizdə damla kimidir, – Sevastidinin vəkili İvan Pavlov deyir.
Oksananın 46 yaşı var, Soçi şəhər sakinidir. Anası təqaüdçüdür. O, qızının tutulduğu sms-in mətnindən sitat gətirir. “Oksana tanışının Soçidə tankların olub-olmaması ilə bağlı sualına cavab verib, özü də cavab mənfi olub. “Oksana, sizin platformada doğrudan da tanklar durub?. O da cavabında yazıb ki: “Əvvəl vardı, indi bilmirəm.
Təqaüdçü xanım deyir ki, qızı sms göndərdiyi adamı həyatında cəmi iki dəfə görüb. Təsadüfi uzaq tanışıdır.
Oksananın tutulması haqda xəbərdən sonra nənəsini insult vurub, qadın dünyasını dəyişib.
Koloniyada
Oksana Sevastidini dövlətə xəyanətdə ittiham ediblər və 2016-cı ilin yazından o Kineşmadakı koloniyada cəzasını çəkir.
Anası deyir ki, Oksanadan bu yaxınlarda məktub alıb. O yazır ki, Cəzaların İcrası Federal Xidmətindən evə yaxın, Krasnodar vilayətinə köçürülməsini xahiş edib ki, anası ona baş çəkə bilsin. Amma rədd cavabı alıb: “Köçürmək üçün səbəb yoxdur. Həm də yazır ki, həyatında ilk dəfə qar görüb. Koloniyada onu incitmirlər. Hətta koloniya rəisi onu otağına çağırıb, deyib: “Heç olmasa baxım sənə, bu maddə ilə bizdə hələ heç kim olmayıb. Nə iş görmüsən axı sən?
Sevastidinin başına gələnlər yeganə hal deyil.
2014-cü ilin noyabr ayında Soçi sakini Yekaterina Xarebavaya 2008-ci ildə Abxaziyə tərəfdən hərbi texnikanın hərəkəti barədə analoji mesajlara görə məhkəmə altı il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Bu işə də Sevastidiyə hökm çıxaran hakim baxıb.
Yekaterina Xarebava Abxaziyada doğulub, 1990-cı illərdən Soçidə yaşayıb, bazarda satıcı işləyib. 2016-cı ilin iyun ayında müddətdən əvvəl azadlığa buraxılıb.
Müsahibə
“Meduzanın müxbiri Yelena Şakuto İvanov vilayətinin 3 saylı islah koloniyasında Sevastidi ilə görüşüb.
– Sizi nə vaxt və hansı şəraitdə tutdular?
— 2015-ci il yanvar ayının əvvəlində məni Krasnoyarsk vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətindən zəng edib, söhbət etməyə çağırdılar. Guya söhbət ərimin vətəndaşlığı ilə bağlı olmalıydı. Amma o Gürcüstan vətəndaşlığından imtina edib, Rusiya vətəndaşlığını qəbul etmişdi, nə suallar ola bilərdi ki?
Mən onların Soçidəki şöbəsinə getdim. Sonra da məni maşınla Krasnodara apardılar. Məni müşayiət edən Təhlükəsizlik Xidmətinin əməkdaşları əminiydilər ki, orada mənimlə söhbət edib, buraxacaqlar.
Amma məni Krasnodardakı şöbəyə gətirdilər və bundan sonra azadlığa çıxmadım. Əvvəlcə iki sutkalıq həbs etdilər, yanvarın 16-da iki ay müddətinə həbs olunmağım barədə qərar çıxarıldı. Və başladı: daha bir ay, daha iki ay, istintaq müddəti üçün.
– Yaxınlarınız tutulmağınıza necə reaksiya verdilər?
-Anam bu yaxınlarda insult keçirdi. Nənəm biləndə ürəyi dözmədi. 2015-ci ilin aprel ayında dünyasını dəyişdi. Özümün də səhhətimdə problemlər var – hökmdə diaqnozum göstərilib, hipertoniyanın birinci mərhələsi. Mən həb içməliyəm, iynə vururlar, yoxsa təzyiqim iki yüzə qalxır. Bu hadisədən sonra görmə qabiliyyətim də əməlli-başlı zəiflədi – eynəksiz yazıb-oxuya bilmirəm.
– Məhkəmə necə keçirdi?
– Prokuror mənə özümə bəraət qazandırmaq üçün bir kəlmə belə deməyə imkan vermədi. Hər şey bir gündə oldu: həm son söz, həm tərəflərin çıxışı, həm də hökmün çıxarılması. Hər şey yuxudakı kimi tələsik baş verdi. Birdən elə bil hardansa qeybdən səs eşitdim: “Yeddi il.
Yeri gəlmişkən, bu hadisə tək mənim başıma gəlməyib. Xarebavanın işi də eynən mənimki kimidir. İstintaq təcridxanasında olanda eşitdim ki, Adlerdən olan erməni qadına dövlətə xəyanətə görə altı il iş kəsilib. Hamımızın da – mənim, Xarebavanın və erməni qadının müstəntiqi, prokuroru və hakimi eyni adamlardır.
– Yaxınlarınız sizə baş çəkir?
– Bu yaxınlarda iki rəfiqəm gəlmişdi: biri Moskvadan, biri də Latviyadan. Anamın və yoldaşımın bura gəlməsini istəmirəm. Sonra onlardan ayrılmaq daha ağır olacaq.
– İşin nə ilə bitməsinə ümid edirsiz?
– Bilmirəm. Bütün bunların mənim həyatımda baş verdiyinə inana bilmirəm. Həmişə qanuna riayət edən adam olmuşam, bir dənə də olsun cəriməm olmayıb. İndiyə qədər də inana bilmirəm.
Dekabrın 1-də Oksana Sevastidinin vəkili İvan Pavlov Ali Məhkəməyə ünvanlanan apelyasiya şikayətini və ittihamdan şikayət verilməsi üçün müddətin bərpa edilməsi haqda vəsatəti Krasnoyarsk vilayət məhkəməsinə verib. Onun sözlərinə görə, şikayətin müddətinin bərpası ilə bağlı məsələ artıq bu həftə həll olunmalıdır. Sevastidinin əvvəlki vəkili Ruslan Zurnacyan ittihamdan apelyasiya şikayəti vermədiyi üçün müddət bitmişdi.
- 2008-ci ilin avqust ayında Gürcüstanla Cənubi Osetiya arasında münaqişə beş günlük hərbi qarşıdurmaya çevrildi, bu zaman Cənubi Osetiyanı Rusiya Ordusu dəstəklədi.
- Gürcüstanın versiyasına görə, Rusiya əvvəlcədən muxtar vilayətə qoşun yeritməyə hazırlaşırdı və gürcü tərəfinin addımları bu təhdidə və Cənubi Osetiya hakimiyyəti tərəfindən təxribata cavab idi.
- Moskva bildirir ki, öz ordusunu ancaq gürcü qoşunları Osetiyanın paytaxtını bombalamağa başlayandan sonra, dinc əhalini və hücuma məruz qalan sülhməramlı qüvvələrini qorumaq məqsədilə istifadə edib.
- Müharibədən sonra Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıdı, dünyanın əksər digər ölkələri bu ərazini Gürcüstanın tərkib hissəsi sayır.