Ermənistandan rəy: niyə Azərbaycan mediası Qarabağla bağlı “sensasiyalar” dərc edir?
Azərbaycan mediasında İran vasitəsilə İraq Kürdistanından Ermənistana və Qarabağa “minlərlə kürd silahlılarının” gətirildiyi haqda bir-birinin ardınca “sensasiyalı” materiallar dərc olunur.
Daha əvvəl bildirilmişdi ki, Beyrutda baş verən partlayışdan sonra Livandan Qarabağa “regionun demoqrafik xəritəsini dəyişmək məqsədilə minlərlə erməni köçürülür”.
Bunu dəstəkləyən faktlar yoxdur. Beynəlxalq vasitəçilərin və regionun digər ölkələrinin reaksiyası da həmçinin. Bu da ondan xəbər verir ki, Azərbaycan sırf informasiya kampaniyasına başlayıb.
Qarabağa köçürülən Livan erməniləri haqda sual bu yaxınlarda Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarovaya da verilib.
“Biz Dağlıq Qarabağın de-fakto hakimiyyətinin Livan ermənilərini nəzarətləri altında olan ərazilərdə məskunlaşdırmaq niyyəti haqda eşitmişik. İki livanlı ailənin Qarabağda məskunlaşmaq arzusunu bildirdiyi haqda məlumatlar var. Livan qaçqınlarının Dağlıq Qarabağa və ətraf ərazilərə axını barədə təsdiqlənmiş məlumatlarımız yoxdur”, – Zaxarova brifinq zamanı deyib.
Ümumilikdə 2020-ci ilin avqustu ərzində Qarabağa 11 livanlı ailə köçürülüb və Azərbaycandakı ajiotajı anlamaq mümkün deyil.
Ermənilərin Qarabağda yaşaması heç kim üçün sirr deyil və livanlı ermənilərin köçməsi demoqrafik vəziyyəti dəyişə bilməz.
Niyə Azərbaycanda İran və İraq Kürdüstanı haqda danışırlar?
Bakıda həm də Qarabağa köç adı altında silahlıların yerləşdirilməsi haqda da danışırlar. Amma bu sözdə yerləşdirmənin detalları Azərbaycanın əsl məqsədi haqda informasiya verə bilər.
1. Kürdlər
Söhbət ümumiyyətlə silahlılardan yox, Türkiyənin sevmədiyi konkret kürdlərdən gedir.
Bu yaxınlarda Türkiyə və Azərbaycan mediası üçün Ankarada Azərbaycanın prezident administrasiyasıının xarici əlaqələrə məsul olan Hikmət Hacıyevin rəhbərliyi altında forum keçirilib.
Və görünür ki, ilk kampaniya kürdlərə qarşı başladılıb.
Türkiyə hazırda kürdlərlə yalnız Suriyanın İdlib vilayətində yox, həm də İraqda toqquşur. Kürdlər isə artıq BMT tribunasından Türkiyənin İraqda yayılmasının qarşısını almağa çağırırlar.
Ola bilər ki, Ankara Azərbaycanın informasiya platformasından istifadə edərək kürdlərin guya ermənilərin tərəfində azərbaycanlılara qarşı döyüşməyə hazır olduqlarını iddia edir.
Kürd silahlılarının Artsaxda (ermənilər Qarabağı belə adlandırır) dislokasiyası haqda informasiya “tamam yalandır” – Artsax prezidentinin mətbuat katibi Vahram Poqosyan deyib.
“Bu cür informasiyanı yayarkən, Azərbaycan bunu onların ordusunun Suriyadan gələn radikallarla dolduğunu haqda təsdiqlənmiş informasiyaya qaşı qoymağa çalışır, bu haqda xarici media da yazır”, – Poqosyan hesab edir.
“İraq Kürdistanı neft qiymətləri ətrafındakı proseslər kontekstində geosiyasi çəkisini daha da artırır. Türkiyə və Azərbaycanda Ermənistanın Kürdistanla iqtisadi müstəvidə yaxınlaşmasından çəkinirlər”, – Qarabağ prezidentinin müşaviri David Babayan hesab edir.
2. İran
Azərbaycan mediasında aparılan kampaniya həm də “köçürülmə marşrutunun” guya keçdiyi İrana qarşı da yönəlib. Rəsmi Tehran hələlik bu materiallara reaksiya verməyib, amma bu, heç rəsmi səviyyədə bəyan da edilməyib.
İraq Kürdistanına gəlincə, orada çətin ki, bu iftiralara ümumiyyətlə fikir veriblər.
•Azərbaycandan rəy: “Hər iki tərəfdə müharibə haqda düşünürlər”
Azərbaycan yeni təxribatlara hazırlaşır?
2020-ci il sentyabrın əvvəlində Ermənistanda xalq könüllülər dəstəsinin yaradılması haqda elan olunub – bildirildiyinə görə, “potensial rəqibi dəf etmək və sərhədlərin toxunulmazlığını qorumaq” üçün. Azərbaycan Müdafiə Nazirliyinin rəhbəri Zakir Həsənov cavabında bəyan edib ki, Ermənistan müharibəyə hazırlaşır.
Ermənistanda və Qarabağda ekspertlər istisna etmirlər ki, bu cür bəyanatlarla Azərbaycan müəyyən təxribatçı addımlar üçün fon hazırlayır.
Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə danışıqlar prosesinin faktiki dayandırılması haqda bəyan edib. Görünür ki, bu bəyanatlar onun torpaqların azad edilmədiyinə, danışıqların isə pozulduğuna görə özünə haqq qazandırmaq cəhdi ilə bağlıdır.
Ermənistanlı ekspertlər Azərbaycanın Qarabağa hücum üçün zəmin hazırladığını istisna etmirlər.
Qarabağ prezidentinin keçmiş müşaviri, hərbi ekspert Tiqran Abramyan xatırladıb ki, azərbaycanlı nazir Həsənov döyüş hesablamalarını dəqiqləşdirmək təlimatı verib və ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplantılarını elan edib.
“İnformasiya hazırlığı gedir və bir şey olsa, “günahkarlar” və “müharibənin yenidən başlanması üçün əsaslar” artıq müəyyən edilib. Azərbaycandan gələn bəyanatlar yaxın vaxtlarda sərhəddə təxribatların olacağı ilə bağlı böyük riskdən xəbər verir”, – Abramyan hesab edir.
Türkiyə Azərbaycanda hərbi bazalar yaradır?
Ermənistanın “Lragir” portalı Azərbaycan mətbuatında gedən kampaniyanın Türkiyənin Azərbaycanda hərbi bazalar yaratması və Naxçıvana Suriyadan gələn silahlıların yerləşdirilməsi haqda məlumatlarla bağlı olduğunu istisna etmir.
Bu məlumatların yoxlanılması haqda Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Misirə səfəri zamanı bildirib.
2020-ci il 12-16 iyulda Ermənistan və Azərbaycan sərhədində yaşanan gərginləşmədən sonra Türkiyə yalnız Qarabağ nizamlamasında yox, həm də ümumilikdə regionda fəal mövqe tutmağa çalışır.
İndiyə qədər kürdləri və digər “üçüncü tərəfləri” Qarabağ münaqişəsinə “qarışdırmırdılar”. Amma indi Bakı Türkiyənin iştirakı ilə münaqişəyə geniş regional kontekst qazandırmağa çalışır.
Amma yenə də ciddi beynəlxalq reaksiyanın olmamasi bu cəhdlərin uğursuz olduğunu göstərir. Kənardan belə təəssürat yaranır ki, Azərbaycan mediasının analitik cızma-qarasına Azərbaycanın özündə də şübhə ilə yanaşırlar.