Daş arqument kimi
307-yə qarşı 378 səs. Müxalifətçi “Milli Hərəkat partiyasından olan majoritar namizəd Əhməd İmamquliyev oktyabrın 22-də Marneuli rayonunun Qızılhacılı kəndində keçirilən təkrar seçkiləri hakimiyyətdən olan namizəddən bu nəticə ilə uddu. Elə birinci turdaca qalib gəlmək üçün İmamquliyevin cəmi bir neçə səsi çatmadı. İndi də oktyabrın 30-da baş tutacaq ikinci turu gözləyirlər.
Bu zaman presedent yaranıb: 25 il ərzində seçkilərdə həmişə və ancaq hakimiyyətin və ya iqtidaryönlü namizədin qalib gəldiyi regionda ilk dəfə olaraq müxalifətdən olan deputat gözlənilmədən hakimiyyətdən olan namizəddən daha çox səs yığdı. Nə baş verir? Dəyişikliklər zamanıdır?
Seçki əvəzinə daş atma
Marneuli rayonunun Qızılhacılı kəndi Tbilisidən 45 kilometr aralıda yerləşir. Artıq iki həftədən çoxdur ki, bu kənd Gürcüstan KİV-nin diqqət mərkəzindədir, çünki bura 2016-cı il parlament seçkilərinin ən qaynar nöqtəsinə çevrildi.
Oktyabrın 8-də burada səsvermə daş atmaqla müşayiət olunurdu. Vəziyyət o dərəcədə gərginləşdi ki, kəndə xüsusi təyinatlılar çağırılmalı oldu. Sonradan hüquq-mühafizə orqanlarının işçiləri iğtişaşların 6 iştirakçısını saxladılar. Hamısı da müxalifətçi “Milli Hərəkatın fəalları idi.
Etnik azərbaycanlıların məskunlaşdığı və adətən siyasi fəallıq göstərməyən regionda bu cür müqavimətin olacağını heç kim gözləmirdi.
Əhməd İmamquliyevin özü uğurunu düzgün planlaşdırılmış seçkiqabağı kampaniya ilə izah edir. Amma Marneuli sakinləri ilə söhbətdən sonra bunun səbəblərinin xeyli daha dərin olması ilə bağlı gümanlar yaranır.
Azərbaycanlılar siyasətdə ədalətli nümayəndəliklərinin olmasını istəyirlər
Abbas Abbasov artıq beş ildir ki, Marneulidə taksi sürücüsü işləyir. Hər gün bir neçə dəfə rayonun o baş bu başına maşınını sürərək, 10-15 sərnişin daşıyır. Hər bir taksi sürücüsü kimi Abbasov da həvəslə siyasətdən danışır. Onun sözlərinə görə, regionda son illərdə yığılan məişət problemlərindən başqa, yerli əhalinin narazılığına səbəb həm də o oldu ki, hakimiyyət deputatlığa azərbaycanlı deyil, gürcünün namizədliyini irəli sürdü. Onun sözlərinə görə, məhz bu da İmamquliyevin güclü dəstək almasının əsas səbəblərindən biri oldu.
“Burada 80 faizdən çoxu azərbaycanlıdır. Məgər biz bir namizədimizin olmasına layiq deyilik? Mümkünsüz bir şey tələb edirik? Həm də İmamquliyev yaxşı oğlandır, rayonda hörməti var. Dilimizi bilir. Buna görə də adamların xoşuna gəlir, – Abbas deyir.
Azərbaycanlılar gürcü dilində danışmaq istəyirlər
Ru dilində bir təhər danışır, gürcü dilini bilmədiyinə görə heyfslənir:
“Gürcü dilini bilsəydim. Yüz faiz həyatımı daha yaxşı qura bilərdim. Daha yaxşı iş də tapardım, gürcü telekanallarına da baxardım. Hansısa idarəyə gedəndə rus dilində danışıram. Gürcü gəncləri isə artıq rus dilini bilmir və doğma ölkəmdə hansısa kiçik bir məsələni həll etmək üçün tərcüməçi çağırmalı oluram. Vaxtında dil problemini həll etməsək, tezliklə bir-birimizi ümumiyyətlə anlamayacağıq, – o deyir.
Abbas haqlıdır. Marneulinin Tbilisiyə kifayət qədər yaxın yerləşməsinə baxmayaraq, bura düşəndə ilk dəqiqələrdə özünü turist kimi hiss edirsən – özün də eşitdiyin dili anlamırsan, səni də başa düşmürlər.
“Kənd administrasiyasına necə gedə bilərəm? – bir nəfərdən xəbər alıram, o da tanış “administrasiya sözünü eşidən kimi, sualımı anlayır və həvəslə izah etməyə başlayır. Mənsə heç nə başa düşə bilmirəm.
2014-cü ildə əhalinin siyahıya alınmasına görə, Gürcüstanda 233 min azərbaycanlı yaşayır, onların əksəriyyəti də mərkəzinin Marneuli olduğu Kvemo Kartli regionunda məskunlaşıb.
Gürcü dilini bilmədiklərindən, informasiyanı Azərbaycan və Rusiya telekanallarından alırlar. Burada deyəsən, hər kəsin peyk boşqabları və fərdi antenaları var. Dil problemi region əhalisinin ölkənin ictimai həyatında daha fəal iştirak etməsinə mane olan əsas maneələrdən biridir.
Tbilisidə regionun real həyatı haqqında heç nə bilmirlər
18 yaşlı Elene Abesadze Marneulidə yaşayır. O, Gürcüstan Texniki Universitetinin birinci kurs tələbəsidir və hər gün Tbilisiyə getməli olur. Elene deyir ki, doğma şəhəri kurs yoldaşları üçün kartof, pomidor və soğanla assosiasiya olunur.
“Marneulinin Tbilisiyə kifayət qədər yaxın yerləşməsinə baxmayaraq, bir-birimiz haqqında heç nə bilmirik. Marneulidən olduğumu deyən kimi, hamıda bircə fikir yaranır ki, bu tərəvəz diyarıdır. Heç kimin bir dəfə də olsun gəlib, bura baxmaq ağlına gəlməyib. Əslində isə regionda çoxlu sayda mədəniyyət abidələri var.
Hakimiyyət regionun problemlərinə məhəl qoymur
Dil maneəsi tərəfindən yaradılan bu soyuqluqdan başqa, yerlilər həm də “Gürcü arzusunun 4 illik hakimiyyətindən narazıdırlar. Onların sözlərinə görə, regionda zaman sanki dayanıb, irəliyə doğru heç bir hərəkət yoxdur. Yerlilər şikayət edir ki, çoxlu sayda problem həll olunmamış qalır, hakimiyyət kənd sakinlərinə kifayət qədər diqqət yetirmir, o cümlədən də nə kinoteatrı, nə də başqa əyləncələri olmayan gənclərə də.
Valeh Mustafayev Marneuli bələdiyyəsinin Bəylər kəndində yaşayır. Onun sözlərinə görə, uzun illər boyu kənd su təchizatı ilə bağlı ağır problemlər yaşayır, heç kim də kömək etməyə cəhd belə göstərmir.
“Nə içməli, nə də suvarma suyu çatmır. Əziyyətlərimizi görmək lazımdır – haradan su daşımırıq, – Mustafayev danışır. – Susuz məhsul batır və əksər vaxtlarda ailələr pulsuz qalır. Buna zibil konteynerlərinin olmaması da əlavə olunur – onları qoymaq üçün nə qədər xahiş etmək olar? Buna görə də zibil Marneulidə axan çaya atılır. Orada da o qədər zibil yığılıb ki, su görünmür.
Nəqliyyat böyük problemdir
Axşam düşür. Marneulinin mərkəzində ağzına qədər dolu olan marşrut avtobusu hələ də sərnişin yığır. Gecikənlər taksi götürməli olacaq – Marneulidə axşam saat altıdan sonra ictimai nəqliyyat işləmir. Bu vaxta qədər isə nəqliyyat Marneulinin mərkəzindən müxtəlif kəndlərə gedir.
18 yaşlı Vladimir Çxitunidze İliya Universitetinin hüquq fakültəsinin birinci kurs tələbəsidir. O, Marneulidən 6 kilometr aralıda yerləşən Saimerlo kəndində yaşayır. Vladın demək olar ki, hər gün mühazirələri olur. Dərdlər axşam saat 7-8-də qurtarır. Onun əsas problemi evə gəlib çıxmaqdır. Tez-tez evə taksi ilə qayıtmalı olur. Nəqliyyatın bu cür cədvəli təhsilə mane olur. “Hansı inteqrasiyadan söhbət gedə bilər?! Regionda elementar nəqliyyat və kommunikasiya problemləri həll olunmayıb. Saat 6-dan sonra kəndimə nəqliyyat getmir, mühazirələri buraxmalı oluram. Bu problemə görə də bir çoxları təəssüf ki, təhsilini dayandırmalı olub. Sizcə, bu normaldır?
Gündüzlər Marneulinin mərkəzində əməlli-başlı qələbəlikdir:
Dərc olunub 24.10.2016