Kremlə nəzarət
Kreml kimi dostu, kimi opponenti sayır? Kimə daha çox, kimə daha az diqqət yetirir?
Bu mövzuda tədqiqatı bu yaxınlarda “Avropa dəyərləri Çexiya Analitik Mərkəzi dərc edib. Bu tədqiqat mərkəzin 2014-cü ildən 2016-cı ilə qədər özünün “Kremlə nəzarət (KremlinWatch) proqramı çərçivəsində keçirdiyi Rusiya KİV-nin monitorinqinin nəticəsi oldu.
Tədqiqatın nəticələri barədə Qromadskiyə mərkəzin direktor müavini Yakub Yanda danışıb.
– Yakub, tədqiqatınızın əsas nəticələri nədən ibarətdir?
Əsas nəticələr ondan ibarətdir ki, Rusiya təbliğatı bəzi Avropa liderlərini Kremlin xoşuna gəldiyi kimi göstərmək üçün onlar haqqında məlumatla manipulyasiya edir. Biz məhz təbliğat barədə danışırıq, axı Rusiyada əsl media o qədər də çox deyil, çünki əksəriyyəti bilavasitə Kreml tərəfindən idarə olunur.
Almaniya Kansleri Anqela Merkeli Rusiya təbliğatı Vladimir Putinin opponenti kimi təsvir edir. Amma başqa siyasətçilər də var ki, məsələn Mərkəzi Avropa ölkələri liderləri, deyək ki, Çexiya prezidenti Miloş Zeman, Macarıstanın baş naziri Viktor Orban, Slovakiyanın baş naziri Robert Fiso və ya İtaliyanın baş naziri Matteo Rensi, onları Kremlə daha yaxın təsvir edirlər.
Burada da Rusiya təbliğatı onların təsir imkanlarını şişirdir. Çünki onların ölkələrinin ölçüləri ilə müqayisədə onlara göstərilən diqqət xeyli daha böyükdür: onlar Rusiya təbliğatında Kremlə o qədər də yaxın olmayan digər Avropa ölkələri liderlərindən daha çox yer tutur.
– Bəzi Avropa liderlərinin Rusiya təbliğatının daha az, digərləri isə daha çox diqqətini cəlb etdiyini dedikdə, bu cür disbalansın səbəblərini nədə görürsüz?
Biz bilirik ki, Rusiyada müstəqil mediaların olması müşkül məsələdir. Buna görə də əksər media-materiallar bu və ya digər şəkildə Kreml tərəfindən təyin olunur, yönləndirilir və ya “ilhamlandırılır.
Ola bilsin, bununla da Kreml opponenti olan Avropa liderləri ilə özünə daha yaxın olan, Putinin Avropadakı potensial müttəfiqləri kimi təsvir olunan liderlər arasındakı bölgünü göstərmək istəyir.
Bununla da Kreml Rusiya auditoriyası üçün elə bir mənzərə yaratmaq istəyir ki, guya bütün dünya və ya ən azı Qərb Rusiyanı məhv etməyə çalışır, Rusiyanın lideri isə o qədər güclüdür ki, hətta belə bir vəziyyətdə də dostları var.
Məhz buna görə də Rusiya mediası Çexiya prezidenti Miloş Zemana bu qədər diqqət yetirir. Hər dəfə o, Çexiyanın qərbdəki müttəfiqləri, misal üçün, ABŞ, Almaniya və ya ümumiyyətlə Avropa İttifaqına qarşı yönələn hər hansı bir hərəkət etdikdə və ya söz dedikdə, Rusiya mediası və ya Rusiya təbliğatı gözlənilməz fəallıqla onun sözlərini işıqlandırmağa başlayır. Başqa sözlə desək, Kreml bu insanlardan dəqiq məqsədləri, o cümlədən də Rusiyanın özünün təbliğatı üçün istifadə edir.
– Bu, o deməkdirmi ki, Rusiya təbliğatı bəzi Avropa liderlərini Kremlin dostları adlandırmaqla, digərlərini isə düşmən kimi qələmə verməklə bir-birindən ayırır? Belədirsə, onda o hansı siyasətiçiləri özünə düşmən sayır?
Adətən Rusiya KİV-i “düşmən ifadəsini işlətmir. Amma siz Rusiya mediasının onlara münasibətini açıq şəkildə görə bilərsiz, çünki bu siyasətçilər çox neqativ bir tonda işıqlandırılır.
Bizdə, yəni “Kremlə nəzarət (Kremlin Watch) proqramı və “Semantic Visions şirkətinin əlində son üç ilin məlumatları var. Burada da tendensiya ondan ibarətdir ki, Rusiya mətbuatı Almaniya kansleri Anqela Merkeli Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyasətini müəyyən edən siyasətçi kimi qəbul edir. Və təbii ki, bir çox rus dilli media Avropanı dünyanın axırındakı kimi qaçqınlarla dolu təsvir edir. Bunda da Anqela Merkeli günahlandırırlar.
Başqa liderlər isə başqa kontekstdə təsvir olunur.
Misal üçün, İtaliyanın baş naziri Matteo Rensi və ya Çexiyanın prezidenti Zeman öz suveren millətlərini, onların müstəqilliyini Aİ və ABŞ-ın təzyiqindən qorumağa çalışan insanlar kimi qələmə verilir. Bu liderlərdən bəziləri, misal üçün elə həmin Çexiya prezidenti Zemanın özü də bu haqda danışır.
Başqa sözlə desək, Rusiya təbliğatının “ABŞ-ın qulları kimi təsvir etdiyi liderlər də var, guya onlar Amerikanın əmrlərini yerinə yetirirlər. Almaniya kansleri Anqela Merkeli də Rusiya təbliğatı bu liderlərə aid edir. Amma Vladimir Putinə daha yaxın olanlar da göstərilir. Onları müstəqil və suveren liderlər kimi qələmə verirlər.
– Bu və ya digər Aİ ölkələri ətrafında hər hansı xüsusi miflərə rast gəldiz? Rast gəlmisizdə, bu miflərdən hansını Rusiya təbliğatı ictimaiyyət qarşısına çıxararaq, yayır?
Onlarla belə mif var. Rusiya televiziyasının Birinci kanalına və ya RT kanalına baxsaz, Avropa liderlərinin necə məxfi planlar hazırladığı və bu planların Aropa xalqlarına qarşı yönəldiyi barədə çoxlu hekayələr eşidərsiz. Beləliklə də bu Rusiya kanalları Anqela Merkel kimi Avropa liderlərinin arasını vurmağa çalışır.
Rusiya təbliğatı elə bir hiss yaratmağa çalışır ki, düşmən və rəqib Amerika Birləşmiş Ştatlarıdır. Amma bəzi Avropa liderləri Rusiyaya daha yaxındırlar və sadəcə Amerika siyasətinin girovlarına çevriliblər. Bəzi Avropa millətləri də Rusiyaya daha yaxındırlar, buna görə də onlar Amerika liderliyi və Amerika diktaturasının qurbanlarına çevrilməməlidirlər.
– Rusiya KİV-ləri Avropa İttifaqı institutunun liderlərinə çox diqqət yetirir? Onlar Rusiya təbliğatında böyük rol oynayırlar?
Biz tədqiqatımızda Rusiya təbliğatının tədqiq etdiyimiz Avropa liderlərindən hər birini necə təsvir etdiyini göstərməyə çalışdıq.
Misal üçün, siz NATO-nun keçmiş və indiki rəhbərləri Rasmussen və ya Stoltenberq haqqında məlumatı oxuya bilərsiz, onlar ilk növbədə NATO məsələsi ilə bağlı təsvir olunur.
Avropa Komissiyasının prezidenti Yunkeri isə ilk növbədə Ukrayna böhranı və miqrasiya ilə bağlı təsvir edirlər. .
Amma misal üçün, Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbəri xanım Moqerinini heç də miqrasiya mövzusu ilə deyil, sanksiyalar və Ukrayna böhranı kimi mövzularla bağlı təsvir edirlər.
Əlbəttə ki, bunun bir mənası var, çünki bu insanlar məhz bu məsələlərlə məşğul olurlar. Amma başqa bir tərəfdən, hiss olunur ki, sanksiya məsələsində məhz Almaniya kansleri Anqela Merkelə xüsusi diqqət verilir. Rusiya mediasında Rusiyaya qarşı tətbiq olunan sanksiyaların arxasında məhz Merkelin durduğu xüsusiylə vurğulanır. Onun adının hallandığı neqativ tonallıq məhz bununla bağlıdır. Başqa, Yunker və ya Moqerini kimi liderlərə sanksiya məsələsində Anqela Merkel qədər diqqət verilmir.
Dərc edilib: 11.08.2016