Ginnes üçün referendum
Hansısa dəhşətli səhv üzündən kimsəsiz səhrada açılan və ona aparan yolun belə tikilməyi unudulan supermarketi təsəvvür edin. Və bu, açıldığı bir gündən bəlkə market işçilərindən başqa heç kimin girmədiyi və heç nə almadığı paltar və qastronomiya vahəsinə birdən hardansa müştəri gəlib çıxır.
Yeddi çoxdur
Mənim məntəqəmin hələ bəxti gətirdi. Referendum günü günorta vaxtı seçki məntəqəsinin yerləşdiyi Milli kitabxananın vestibülünə daxil olanda, səs verməyə gələn yeddinci adam olduğumu öyrəndim.
Adətən bu vaxt Mərkəzi Seçki Komissiyası ənənəvi olaraq məlumat verir ki, seçkidə iştirak edənlərin sayı lazımi həddi keçib və seçkiləri baş tutmuş hesab etmək olar – bu zaman fərqi yoxdur biz prezidenti, yoxsa müxtəlif səviyyəli deputatları seçirik. Bu dəfə belə olmadı.
Bu gün Abxaziyanın hər yerində vətəndaşların ölkə prezidentinin vaxtından əvvəl seçilməsi ilə bağlı mövqeyini bildirmək üçün açılan əksər məntəqələrin qapısından qıfıl asmaq olardı. Bütün Oçamçire rayonunda günortaya qədər ancaq bir nəfər səs verdi. Eyni vəziyyət də Qal rayonunda müşahidə olundu. Qalan regionlarda vəziyyət bir az yaxşıydı.
Seçkiləri işıqlandırmaq üçün Rusiyadan gələn bir həmkarım düz bir saat Suxumun mərkəzində yerləşən məntəqələrdən birinin qarşısında növbə çəkib. Ona şəkil üçün bülleteni qutuya atan adam lazımıydı. Adam isə gəlmirdi ki, gəlmirdi. Redaksiya da bir tərəfdən tələsdirirdi. Onda da o, seçki komissiyasının bekarçılıqdan darıxan üzvlərini ona kömək etməyi, yəni çəkilişdə iştirak etməyi üçün dilə tutmağa başladı.
Təbii ki, onlardan qəti rədd cavabı aldı – “biz burada ciddi işlə məşğuluq, sən də oyun oynamağı təklif edirsən. Onu az qala qapıdan qovacaqdılar da. Amma xoşbəxtlikdən elə həmin vaxt qapının ağzında qoca nənə göründü, bu nənələri adətən bu kimi seçkilərdə son nəticə deyil, bu cür tədbirlərdə iştirakın özü maraqlandırır.
Nənə çox xoşbət idi. Düz beş dəqiqə o əlində bülletenlə şəffaf qutunun ətrafında pərvaz edirdi, hələ azı yarım saat da piruet göstərə bilərdi, amma əsəbləri onsuz da səhərdən gərilmiş olan həmkarım buna tab gətirə bilmədi. Mimika və jestləri ilə nənəyə bülleteni qutuya salmaq vaxtı olduğunu başa saldı.
Ginnes, rekordu qəbul et
Axşam saat səkkizdə, seçki məntəqələri bağlanandan sonra Mərkəzi Seçki Komissiyası heç bir çətinlik çəkmədən yekun məlumatları verdi. Bu gün iştirak 1 faizdən bir az çox oldu. Daha dəqiq desək, prezidentin müddətdən əvvəl seçilməsi ilə bağlı referemdumda cəmi 1628 nəfər iştirak edib ki, bu da səsvermə siyahılarına daxil olunan Abxaziya vətəndaşlarının ümumi sayının 1,23 faizini təşkil edir. Belə göstərici ilə referendumu Ginnesin rekordlar kitabına daxil etmək olar. Orada indiyə qədər dünya rekordları kimi Abxaziya adına təbii ki, bizim heç bir qarışacağımız olmayan təbii hadisələr yer alıb. İndi isə dünyada ən dərin Kruber mağarası və ən qısa Reprua çayı ilə birlikdə bizim daha bir nailiyyətimiz – ən lazımsız plebisit də daxil edilə bilər.
Nomenklatura cavab zərbəsi endirir
Referendum keçirmək ideyası abxaz cəmiyyətində hələ ötən il yaranıb. 2014-cü ildə Raul Xadjimba və onun silahdaşları tərəfindən ölkənin idarə olunmasından gözlənilmədən kənarlaşdırılan keçmiş nomenklatura o vaxt hakimiyyət dəyişməsinin dövlət çevrilişi yolu ilə baş verdiyini lap vaxtında xatırlatdı. İndi də həmin aksiyanın ideya sahibi vaxtından əvvəl tutduğu prezident kreslosunu boşaltmalıdır, çünki bütün digər günahlarından başqa, həm də “bir dənə də olsun seçkiqabağı vədinə əməl etmədən vətəndaşları aldadıb.
Müxalifət Xadjimbanın metodlarından istifadə etmək istəmədi və başqa bir yolla – referendum yolu ilə gedəcəyini bəyan etdi.
2016-cı ilin mart ayında dövlət başçısının vaxtından əvvəl seçkiləri ilə bağlı referendumun keçirilməsi üzrə təşəbbüs qrupu qeydiyyatdan keçdi. Sonra da bir ay ərzində imza toplamağa başladılar, təxminən iyirmi min imza toplandı. Daha bir ay ərzində Mərkəzi Seçki Komissiyası onları araşdırdı və bundan sonra da iyunun 1-də prezident ilk növbədə də müxalifətin özü üçün gözlənilmədən referendumun iyulun 10-da keçirilməsi haqqında fərman imzaladı.
Prezidentin referendum vasitəsiylə hakimiyyətdən imtina etməsi əvvəlcədən utopiya kimi görünürdü. Birincisi ona görə ki, mövcud qanunvericiliyə görə, dövlət başçısını ancaq iki halda istefaya göndərmək olar: impiçment prosedurası vasitəsiylə və ya prezidentin şəxsən yazdığı istefa haqqında ərizəsini təmin edərək.
Referendum vasitəsiylə ən çox tövsiyə etmək olardı. Amma belə bir “məsləhətçi olmaq üçün seçicilərin əlli faizinin seçkilərdə iştirakı plyus seçki siyahısından bir səs toplanmalı idi. Elə ən böyük problem də bu həddə idi, onu da cəmiyyətin siyasi proseslərə və siyasətçilərə tam laqeyd münasibəti vəziyyətində keçmək mümkün deyildi.
Taleyin hədiyyəsi
Dövlət başçısını dəstəkləyən siyasi partiyalar bu cür plebisitin zərərliyi barədə danışırdılar. Onlar bildirirdilər ki, birincisi, prezident artıq beş il müddətinə seçilib və deməli bu müddətə etimad votumu var, ikincisi isə bu cür tendensiya abxaz dövlətçiliyi üçün zərərli presedent yaradır və gözlənilməz fəsadlara gətirib çıxara bilər. Nəticədə onlar faktiki olaraq, referendumu boykot etdiklərini bəyan etdilər.
Sonra da daxili işlər naziri Leonid Dzyapşba mövcud təhdidləri təhrik kimi qəbul edib, işçilərinə səsvermədə iştirak etməyi qadağan etdi.
Müxalifət taleyin belə bir hədiyyəsini əldən buraxa bilməzdi. “Hakimiyyət xalqı qorxudur, – deyə o bəyan etdi. Özünün növbədənkənar qurultayında müxalifət Dzyapşbanın istefasını və plebisitin payıza keçirilməsini tələb edərək və prezident Xadjimbanın bununla bağlı nə deyəcəyini gözləmədən, DİN binasına hücum etdi.
Bir az da keçsə, Daxili İşlər Nazirliyi “qorxudulmuş elektoratın basqını altında təslim olacaqdı, amma Dzyapşbanın vəzifədən kənarlaşdırılması haqqında fərman özünü vaxtında çatdırdı və vəziyyəti düzəltmək mümkün oldu. Referendumun təxirə salınması ilə bağlı məsələdə isə prezident qərarında qəti idi: “Referendum qanun çərçivələri ilə müəyyən olunmuş müddətdə keçiriləcək və bu artıq müzakirə obyekti deyil.
Təəssüf ki, Bekket artıq yoxdur
Onda müxalifət də səsverməyə bir gün qalmış referendumu boykot etdi. Nəticədə il ərzində ətrafında abxaz daxili siyasi düşüncəsinin formalaşdığı plebisit bir anın içində zibil qutusuna atıldı.
Onun heç kimə lazım olmadığı məlum oldu. Aksiyaya xərclənmiş doqquz milyon rubl [təxminən $140,000] , Ginnesin rekordlar kitabında bir sətir və mənim absurd teatrının banisi Semuel Bekketin bütün mənalarda, abxazların bir nəfər kimi öz referendumlarını boykot etdikləri həmin bu qəribə günü görməməsi ilə bağlı təəssüflərim qaldı.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər
İlk dəfə dərc olunub: 12.07.2016