“Roma tətili” bitdi
Ropa Papasının səfərinin vaxtı Sankt-Peterburqda Qarabağ problemi ilə bağlı keçirilən danışıqların vaxtı ilə üst-üstə düşdü, daha doğrusu, onlardan sonra baş tutdu. Səfərin vaxtı bundan xeyli əvvəl planlaşdırılmış və elan edilmiş olmasaydı, düşünmək olardı ki, Ermənistan hakimiyyəti bu yolla bilərəkdən cəmiyyətin diqqətini vacib, kəskin, köhnə və təzə problemlərdən yayındırmağa çalışır.
Birinci Fransisk öz gəlişi ilə rahatlıq və əmin-amanlıq gətirdi. Bu, heç də kompliment deyil, bu onu görmək və eşitmək imkanı olan insanların üzlərindən oxunurdu.
Məşhur ifadəni bir qədər dəyişsək demək olar ki, Papa gəldi, onu gördülər və o qalib gəldi. Onun heç bir şəxsi məqsədi olmadığı və ancaq sülh, “bəşəriyyətin həmişə xeyiri şərdən ayırması üçün dua etdiyinə görə “uduşun ümumi, hətta ümumbəşəri olduğunu demək mümkündür.
Pontifik Ermənistan sakinlərinin ürəyinə yağ kimi yayılan və Türkiyə hakimiyyətinin narazılığına səbəb olan sözləri bir daha təkrar etdi. O yenə də prezident iqamətgahındakı çıxışı zamanı ilkin mətndə “faciə ifadəsinin işləndiyinə baxmayaraq, Osmanlı Türkiyəsində 1915-ci ildə baş verən hadisələri soyqırım adlandırdı.
“Qoy erməni xalqının faciəsi haqqında xatirə yaddaşlarımıza həkk olunsun. Məhz yaddaş gələcəkdə bu cür cinayətlərin qarşısını alacaq, – Birinci Fransisk ertəsi gün soyqırım qurbanlarının xatirəsinə ucaldılan Memorial Kompleksinin Fəxri qonaqlar kitabında məhz bu sözləri yazdı.
Zirehli olmayan ucuz maşında gəzən və əlini sıxmaq istəyən dindarları yanından qovmağa imkan verməyən Roma Papası ətrafdakıları öz təvazökarlığı ilə təəccübləndirdi.
Buna görə də sülh üçün ümumi ibadət mərasiminin keçirildiyi Respublika Meydanını, tərk edərkən orada olan əlillərə yaxınlaşıb, onları qucaqlayıb öpməklə Roma Papası artıq heç kimi təəccübləndirmədi.
Mətbuata sızan məlumata görə, pontifik həm də gəlişi zamanı onu Ermənistan iş adamları tərəfindən qarşılanmasını istəməyib, onun üçün nəzərdə tutulan appartamentlərdən imtina edib və qocalar evində qalmaq istəyib.
Bu, Papanın verdiyi dərslər idi – qulaqları olan eşitsin. Bu dərsləri sadalamaq o qədər xoşdur ki, onsuz olan reallığa qayıtmaq belə istəmirsən, axı bu reallıqda əksəriyyətinin cavabı olmayan suallar yığılıb.
Ancaq bəzi erməni KİV-ləri Papanın səfərinin əhəmiyyətini azaltmadan və bu hadisəni işqlandırmağı unutmadan, gələcəkdə yaşanmalı olan problemlər haqqqında da danışırdı. Reytinq cədvəlinə görə, problemlərin siyahısının başında Qarabağ münaqişəsinin tənzimlənməsi, yəni Birinci Fransiskin Ermənistanda dua etdiyi sülh idi.
Sankt-Peterburqda baş tutan Putin-Sarqsyan-Əliyev görüşünün nəticələri təhlil olunur, Azərbaycanın Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun Sankt-Peterburqda Qarabağ münaqişəsinin mərhələli nizamlanması haqqında razılşamanın əldə olunması ilə bağlı bəyanatı və onun Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova tərəfindən sərt şəkildə təkzibi verilirdi.
Bundan belə bir nəticə çıxarıldı ki, Ermənistan hakimiyyətinin özü nəyisə gizlədir, cəmiyyətinə danışıqların əsl mənzərəsini göstərmir. Təbii ki, mətbuat əldə olan informasiya və KİV-ə sızan detallara dair öz təhlilini verir.
Ermənistanda ən çox Rusiyanın nizamlanma təşəbbüsünü öz əlinə almaq və Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun rolunu zəiflətmək cəhdi müzakirə olunurdu. Özü də bu haqda ancaq politoloqlar və şərhçilər deyil, həm də ziyalı təbəqənin fəal nümayəndələri də danışırdılar.
Ranuş Xataryan, etnoqraf: “Fransa özünün Ermənistandakı səfiri vasitəsilə növbəti görüşü keçirməyə hazır olduğunu deməsinə baxmayaraq, Minsk Qrupu sanki Rusiyanın təşəbbüsünə qarşı çıxmağa tələsmir. Düzdür, bu zaman hansı görüşün keçiriləcəyi də məlum deyil. Üçtərəfli – Fransa-Ermənistan-Azərbaycan, yoxsa Minsk Qrupu çərçivəsində, amma Fransada?
Minsk Qrupunun varlığı üç iştirakçı ölkədən ikisi bir-biri ilə rəqabət aparan zaman qismən də olsa kəskin dönüşlərin qarşısını alır. Düzdür, təmas xəttində insidentlərin beynəlxalq araşdırılması mexanizmləri Rusiyanın fəal dəstəyi sayəsində Azərbaycan tərəfindən rədd edilib. Amma digər tərəfdən də ABŞ nümayəndəsi rayonların [DQ ətrafında] qaytarılmasının vacibliyini qeyd etmək üçün fürsəti əldən vermir, Rusiya isə həmin vaxt qəribə şəkildə susur. Bu qarşılıqlı “nəzarət çox vaxt vəziyyəti balanslaşdırır.
Bu konteksdə həm də Ermənistan-Rusiya arasındakı qarşılıqlı münasibətlər müzakirə olunub. Rusiya artıq Ermənistanda birmənalı şəkildə, yəni ancaq bir dost kimi qəbul edilmir. “İş orasındadır ki, Moskva artıq çoxdandır ki, Ermənistanın de-fakto müttəfiqi deyil, sənədlərdə əks olunan bütün öhdəliklərlə birlikdə sadəcə de-yure müttəfiq münasibətləri qalır. Moskva artıq o həddə çatıb ki, de-fakto müttəfiq olmadığı halda de-yure müttəfiq münasibətlərini saxlaması mümkün deyil, – Lragir.am saytının şərhçisi Akop Badalyan yazır.
Azərbaycan prezidentinin “məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, “Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq, “Dağlıq Qarabağın statusu gələcəyin işidir dediyi son bəyanatına cavab olaraq, yazıçı, publisist Vaqram Martirosyan yazır: “Əliyev ancaq [nizamlamanın] mərhələli variantı məqbul sayırsa, özü də bir neçə mərhələni götürmək, sonra da əvəzində nəsə verib-verməmək barədə düşünmək istəyirsə, onda danışıqlar ümumiyyətlə nə üçün aparılır.
Bu zaman ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik tərəflər arasında fikir ayrılığına səbəb olan məsələlər üzrə kompromisə nail olmağın mümkünlüyünü və münaqişənin yaxın zamanlarda nizamlana biləcəyini bildirib. Bununla belə, öz nikbinliyini diplomat heç cür əsaslandırmayıb.
Sonra media həmsədrlərin Azərbaycan və Ermənistanı “ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsi yolunda qalan bütün maneələri aradan qaldırmağa, “danışıqlarda və təmas xəttində baş verən insidentlərin araşdırılması üzrə ATƏT mexanizmlərinin yaradılması haqda təklif üzrə irəliləyişə nail olmağa çağıran birgə bəyanatını dərc etdi.
Ermənistan mətbuatının icmalını hakimiyyətin hərəkətlərindən şərhçilərin böyük hissəsi tərəfindən ifadə olunan təəccüb və narazılıq tamamlayır. Lragir.am saytının baş redaktoru Aykazn Qaqriyan yazır:
“Vəziyyəti aşağıdakı kimi şərh etmək olar. Azərbaycan üçün hərbi əməliyyatlara başlamaq artıq problem olub, çünki Rusiya müharibə baş verdiyi halda Azərbaycanı fəlakət gözlədiyini başa salıb, ATƏT atəşkəsin pozulması hallarının araşdırılması mexanizmlərinin tətbiq edilməsini, yəni status-kvonun tanınmasını istəyir. Torpaqların qaytarılması məsələsi aradan qaldırılır. Ermənistan hakimiyyətinə həmin vəziyyətə uyğun müstəqil, azad siyasət aparmaq qalır…
Dərc edilib: 27.06.2016