Hələ də evsiz-eşiksiz qalanlar
Aprel ayında cəbhəyanı kəndlərin atışmadan zərər çəkən sakinləri diqqət mərkəzində idilər. Onlar bu gün, mövzu yavaş-yavaş gündəmdən düşən vaxtlarda necə yaşayırlar?
Sarıcalı
Ağdam rayonu Sarıcalı kəndinin yaşıllıqlar arasında gizlənmiş bu həyətində bir ailənin 3 yaşayış məskəni var. İki ev və bir çadır – hazırda bunların heç biri Lələyev ailəsinin rahatlığını təmin edə bilmir.
Lələyevlərin evinə 1993-cü ildə, Qarabağ münaqişəsinin hərbi fazasının sonunda mərmi düşüb və evi tam yararsız hala salıb. Onu bərpa etməkdənsə, yenisini tikmək daha asanıydı. Lələyevlər elə belə də etdilər.
Bu ikinci evi də 2 aprel 2016-cı ildə mərmi zərbəsi dağıdıb. Ailə hazırda 5 kvm-lik bir çadıra sığınıb – bu da onların üçüncü yaşayış yeridir. Bura gündəlik və əsas ehtiyaclarını ödəyəcək əşyalarını yığıblar. Çadır birbaşa torpağın üzərində qurulub. Rütubət, soyuq və şəraitsizlik də bu sığınacaq sakinlərinin işini çətinə salıb.
Raisə Lələyeva həyat yoldaşı İlqar Lələyevlə birlikdə əkin sahəsindən yenicə qayıdıb. Onların sahələri sərhədin 10 metrliyindədir. “Bu dəqiqə erməni postu ilə üzbəüz sahəmizdə pomidor şitilinin alaqlarını təmizləməkdən gəlirik. Heç bir qorxumuz da yoxdur, atəş səslərinə öyrəşmişik, – deyir Raisə xanım.
Xoşbəxtlikdən uşaqları evdən çıxarıb bir qədər uzaqlaşandan sonra bu evə mərmi düşüb. Raisə Lələyevə deyir ki, uşaqları hələ də geri gətirməyiblər. “İstəyirəm balalarım yanımda olsun, bitsin bütün bunlar, torpaqlar qaytarılsın və rahat yaşayaq, – deyə Raisə xanım əlavə edir.
Sarıcalı və Şükralı kənd bələdiyyə nümayəndəsi Habil Abışov bildirir ki, mərmi atəşləri bütün cəbhəboyu kəndlərdə sahələrdəki işləri bir ay ləngidib.
Azad Qaraqoyunlu
Azad Qaraqoyunlu kəndində iki qonşunun evinə eyni gündə – aprelin 3-də mərmi düşdü. İki evə də ciddi ziyan dəydi.
Ağdam köçkünü Kifayət Məmmədova ikinci dəfədir ki bu cür çətinliklə üz-üzə qaldı. O, evini iki dəfə itirib – bir Ağdamdan köçkün düşəndə, bir də indi, 23 il sonra. Eləcə də qonşusu Mirzə Rəhimovun da evi yararsız hala düşüb.
Sakinlər deyir ki, artıq dağılmış evlər bərpa olunur. Azad Qaraqoyunlu sakini Mirzə Rəhimovun sözlərinə görə, artıq evin üstü hazırdır, içində təmir işləri gedir.
Cəbhəboyu kəndlərin əksəriyyətində bərpa işlərinə başlanıb. Bu, Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan ayrılmış maliyyə hesabına həyata keçirilir. Belə ki, aprelin əvvəlindəki mərmi savaşının törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı prezident İlham Əliyev Tərtər və Ağdam rayonlarının hərəsinə 3 mln AZN olmaqla, 6 milyon AZN ayrılması haqqında sərəncam imzayıb.
• Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında hərbi münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs elan olunandan sonra Dağlıq Qarabağ Respublikası dünyanın heç bir dövləti, o cümlədən də Ermənistan tərəfindən tanınmayan de-fakto müstəqil dövlət kimi mövcuddur. Azərbaycan Qarabağ və onun müharibə vaxtı alınmış ətraf ərazilərini işğal edilmiş sayır və qaytarılmasını tələb edir.
• 2016-cı ildə münaqişə zonasında gərginlik aprelin 2-dən 5-nə qədər sürüb. Aprelin 5-də tərəflər atəşi dayandırmaqla bağlı razılığa gəliblər, amma atışma daha kiçik miqyasda davam edir. Azərbaycan və Ermənistan bir-birini razılaşmanı pozmaqda ittiham edir.
• Münaqişə tərəflərinin rəsmi mənbələrinin verdiyi informasiya ziddiyyətlidir və kimin hərbi əməliyyatlara başlaması, kimin buna reaksiya verməsi ilə bağlı suala cavab almağa imkan vermir. Beynəlxalq mənbələr də hələ ki, bu sualın cavabını tapa bilmir.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 27.05.2016