Gürcüstanda 11 yaşlı oğlanın ölümü müzakirə olunur – zorakılığa görə intihar edib, yoxsa öldürülüb?
Avqustun 23-də Gürcüstanın qərbində Terjola bələdiyyəsinin kəndlərindən birində 11 yaşlı oğlanın meyiti tapılıb. DİN intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açıb. Uşağın atası saxlanılıb – ailə üzvləri və qonşular deyirlər ki, atası azyaşlı oğlunu tez-tez döyürmüş və uşaq güman ki, zorakılığa tab gətirməyib.
Qohumları atasının oğlanı ölüncəyə qədər döydüyündən və intihar kimi təqdim etdiyindən şübhələnirlər. Oğlan öldürülüb, yoxsa intihar edib – bunu ekspertiza müəyyən edəcək.
Nə baş verib?
Mərhum 11 yaşlı oğlan ailədə atası ilə yaşayırmış. Onun hələ bir yaşı olanda anası onu atasi ilə qoyub və Yunanıstana pul qazanmağa gedib. Bundan sonra anası bir daha Gürcüstana qayıtmayıb, amma hər ay ailəsinə pul göndərib.
Qohumları və qonşular deyirdilər ki, uşağın atası mütəmadi içir və arvadını, o çıxıb gedəndən sonra isə oğlunu döyürmüş.
Faciə günü onlar uşağın ağladığını eşidiblər, bundan sonra 112 nömrəsinə zəng vurublar, polis hadisə yerinə gəlib və uşağı artıq ölmüş vəziyyətdə tapıb.
Oğlanın oxuduğu məktəbin müəllimləri bildirirlər ki, o, çox səliqəli, mehriban və şən uşaq olub və heç vaxt intihar etməzdi.
Ölən uşağın nənəsi də atasının içdiyi zaman oğlunu mütəmadi olaraq döydüyünü və onunla qeyri-insani davrandığını təsdiqləyir.
Nənəsinin sözlərinə görə, hadisə günü oğlan nənəsindən və xalasından xahiş edib ki, evə yaxınlaşsınlar, amma atası əsəbiləşməsin deyə içəri girməsinlər, çünki atasından qorxur.
Nənəsi onu da deyib ki, uşağın atası faciədən bir gün öncə Yunanıstana arvadına zəng edib və pul göndərməsə, “heç vaxt oğlunun səsini eşitməyəcəyi” ilə hədələyib.
Oğlanın qohumları tələb edirlər ki, cinayət işinin maddəsi dəyişdirilsin və istintaq qəsdən adamöldürmə ittihamı ilə aparılsın. Uşağın qohumları və qonşular daha bir vacib məqamı da qeyd edirlər. Onlar deyirlər ki, uşağın atası tərəfindən döyüldüyü üçün tez-tez patrul çağırıblar, polis ailədə baş verən zorakılıqla bağlı məlumatlı olub, amma bu haqda sosial müdafi xidmətinə bildirməyib.
Kim günahkardır?
Gürcüstanın xalq müdafiəçisi Nino Lomcariya deyir ki, uşağın ölümündə “uşağa qarşı zorakılığın olduğunu bilən və onu müdafiə etməyən, onu cinayətkarın əlində qoyan” hər kəs məsuliyyət daşıyır.
Lomcariyanın sözlərinə görə, Gürcüstanda uşaqlar ailədə və ya cəmiyyətdə zorakılıq qarşısında tənhadırlar:
“Onların kimə müraciət edəcəkləri və nə xahiş edəcəkləri ilə bağlı məlumatları yoxdur, çünki məktəbdə onlara bunu heç kim öyrətmir. Onların ətrafdakılara ümidləri yoxdur, çünki uşağı heç kim dinləmir və ona daha az inanırlar. Sosial xidmət kifayət qədər resursa sahib deyil, hüquq-mühafizə orqanlarının isə uşaqlara qarşı zorakılığın qarşısını almaq üçün sərtiştəsi və həssaslığı yoxdur”.
Ombudsmenin sözlərinə görə, uşaqlara qayğı və onların müdafiəsi sistemi böyük problemlərlə üzləşir: ailə zorakılığından əziyyət çəkən uşaqlara effektiv dəstək xidməti yoxdur, psixoloqlar onlarla az işləyir. Uşaq hüquqları və ya onların ailə zorakılığından müdafi mexanizmləri üzrə maarifləndirməyə isə dini və ya psevdo-vətənpərvərlik təfəkkürü ilə mane olurlar.
• Gürcüstanda 30 minə yaxın uşaq evdə sabundan istifadə və yuyunmaq imkanından məhrumdur – UNISEF
“Bizdə uşaq qəddar münasibətə və döyülməyə məruz qaldığı zaman kömək üçün hara müraciət edəcəyini bilmir. Ölkədə uşaqlar üçün xüsusi qaynar xətt yoxdur, bu qismdə 1505-ə zəng vurmaq təklif olunur. Amma bu nömrəyə hamı zəng edir, çox gözləmək lazım olur və operatorların uşaqlarla danışmaq üçün xüsusi səriştələri yoxdur.
Bu uşaq kömək üçün kimə müraciət edəcəyini bilməli idi.
Onu müdafiə edəcək vəkili olmalı idi”, – hüquq müdafiəçisi Anna Arqanaşvili yazıb.
11 yaşlı uşağın ölümü sosial şəbəkələrdə əsas müzakirə mövzusudur.
“Atası ilə birlikdə bilən və susan qohumları da həbs edilməlidir!”
“Zorakılıq bir neçə ay davam edib və qonşular polisə ancaq intihar günü xəbər veriblər? Bu belədir?”
“Bu təəccüblü deyil. Biz bilirik, UNISEF-in tədqiqatı da göstərdi ki, ölkəmizdə avtoritar üslub norma hesab edilir. “Nə olsun ki, arada döyür”; “Uşağı ciddi tərbiyə etmək lazımdır” və s.”
“Uşaq zəng edib, kömək istəyib, polis də, məktən də vəziyyəti bilib. Biz qatillər cəmiyyətiyir. Biz necə bu həddə gəlib çatmışıq?”
“İnsanları ittiham etməzdən əvvəl polisin günahı ilə maraqlanın, bir də zorakılıq qurbanları üçün qaynar xəttin saat altıya qədər işləməsi ilə, üstəlik də zənglər pulludur”, – Facebook-da yazırlar.
İstintaq nə deyir?
11 yaşlı uşağın ölümü ilə əlaqədar məişət zəminində intihar həddinə çatdırma maddəsilə istintaq başladilib.
Əgər uşağın özünü öldürdüyü müəyyən edilsə, zorakılıqda ittiham olunan ata 2 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.
Eyni zamanda hüquq-mühafizə orqanları qətl versiyasında israr edən şəxsləri dindirib.
Xalq müdafiəçisi də işlə yaxından məşğuldur.
“İstər intihar, istərsə də qətl ehtimalı olsun, bu hadisə istənilən halda sistemli problemlərin nəticəsidir.
Gördüyümüz kimi uşaq üzərində ehtimal olunan fiziki və psixoloji zorakılıq mütəmadi xarakter daşıyıb. Bu haqda ətrafdakılar, güman ki, polis də məlumatlı olub. Biz polisə hansı məlumatların daxil olduğunu və polisin bu haqda sosial xidmətlərə məlumat verib-vermədiyini araşdırırıq”, – Nino Lomcariya deyib.