Döyüşmək və bağışlamaq vaxtı
Abxaziya ərazisində bir neçə gün bundan əvvəl baş verən Cənubi Osetiya və gürcü əsirlərinin dəyişdirilməsinin nəticələri və fəsadlarını qiymətləndirmək zamanı gəlib çatıb.
Abxaziya Cənubi Osetiya tərəfinin xahişi ilə cəza çəkən 8 Gürcüstan vətəndaşını azad edib. Azadlığa həm də Gürcüstanda on bir il həbsdə olan dörd Cənubi Osetiya sakini də çıxdı. Onlardan üçü terrorizmdə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilmişdi, dördüncü isə başqa bir maddə ilə iyirmi səkkiz il həbs cəzası almışdı.
Qeyd etmək lazımdır ki, Tbilisi ilə Sxinval arasında münasibətlərin normallaşdırılması prosesində irəliyə doğru kiçik də olsa, addım atılıb.
Onu da qeyd etmək lazımdır ki, Gürcüstan məhkəməsi hökm çıxararkən Cənubi Osetiya ilə Gürcüstan arasında artıq 1989-cu ildən başlayaraq permanent müharibənin aparıldığını nəzərə almadı. Müharibədə əsgərlər və təxribatçılar olur, terrorçular isə ola bilməz. Hərbi əsirin hüquqi statusu terrorçunun statusundan köklü surətdə fərqlənir.
Cənubi Osetiya sakinlərinin Qoridə 2005-ci ildə törədilən terror aktı ilə heç bir əlaqəsi olmadığını iddia edən osetin tərəfi ittihamları tamamilə saxta adlandırırdı. Gürcü tərəfi əks fikirdə idi.
İstənilən halda “terrorçu sözü birmənalı olaraq düzgün deyil, çünki münaqişə (müharibə) faktını hər iki tərəf etiraf edirdi. Deməli, məhbuslar hərbi əsir statusunu almalı idilər.
2008-ci il avqust hadisələri baş verən zaman bu insanlar artıq üç il idi ki, həbsxanadaydılar. Rusiyanın məhz Gürcüstan ərazisinin böyük bir hissəsini nəzarət altında saxladığı beş günlük müharibədən sonra onları çoxsaylı gürcü hərbi əsirləri ilə dəyişmək heç bir çətinlik törətməməliydi, amma bu baş vermədi. Görünür, Cənubi Osetiyanın o vaxtkı prezidenti Kokoytanın məhbuslarla bağlı başqa planları vardı.
Ancaq Cənubi Osetiyada və Gürcüstanda hökumət dəyişəndən sonra bu insanların azadlıq haqqı bərpa olundu. Bu işdə Gürcüstan və Cənubi Osetiyanın qeyri-hökumət təşkilatları, bundan başqa, şəxsən Cənubi Osetiyanın “Demokratiya və insan haqlarının qorunması naminə qadın assosiasiyasının sədri Lira Tsxovrebova və Gürcüstanın barış və vətəndaş bərabərliyi naziri Paata Zakareişvili böyük rol oynadılar.
Maraqlıdır ki, azadlığa çıxanların sözlərinə görə, kriminal cəmiyyət milli mənsubiyyətə görə heç bir ayrı-seçkiliyə imkan vermirdi. Bundan əlavə, elə hallar da olub ki, osetinlər gürcülərlə birlikdə həbsxanada aclıq aksiyası keçirərək, onlarla həmrəy olduqlarını nümayiş etdiriblər. Hətta 2008-ci ilin avqustunda Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıyanda və osetinlər bununla bağlı açıq şəkildə sevinclərini bildirəndə, təbii olaraq onların bu hisslərini bölüşməyən gürcülər osetinlərə qarşı aqressiya göstərməyə çalışmayıblar.
Bu o deməkdir ki, biz kriminal qanunları ilə yaşamalıyıq? Ölkəmizi həbsxanaya çevirməliyik? Yoxsa yenə də insan olduğumuzu xatırlayıb, qonşuların maraqlarına dözümlülük və hörmətlə yanaşmalı olduğumuzu anlamalıyıq.
Bu dəfə Cənubi Osetiya cəmiyyətinə keçmiş parlament deputatı hazırda məhbus olan Batr Puxayev vacib bir dərs verdi. Qanunun qalib gəlməsi naminə, öz sağlamlığı və azadlığını qurban verərək, o dəyişdirilənlərdən biri olmaqdan imtina etdi və ədalətli məhkəmənin keçirilməsini tələb etdi. Onun hekayəsi faciəlidir – vətənində Puxayevi xəyanətdə ittiham edirlər.
Qəddarlıq və amansızlıq müharibənin ən dəhşətli fəsadlarından biridir. Gürcüstanda ölkəyə böyük fəlakətlər və vətəndaş müharibəsi gətirən keçmiş prezident Qamsaxurdiyanı şərəflə dəfn edirlər. Rusiyada kütləvi şəkildə çeçen silahlılarını əfv edirlər. Cənubi Osetiyada hərbi cinayətlərdə günahlandırılan bir nəfər belə amnistiyaya düşməyib.
Gürcüstanla qarşılıqlı münasibətlərdə növbəti addımlar axtarmaq və atmaq lazımdır, təbii ki, bu zaman aramızda iki əsrin kəsişməsində baş verənləri də unutmaq olmaz.
“JAMnewsun dosyesi
• 11mart 2016-cı ildə Gürcüstan hakimiyyəti 4 Cənubi Osetiya məhbusunu azad etdi, əvəzində Abxaziya və Cənubi Osetiya tərəfi 13 gürcü məhbusunu Tbilisiyə təhvil verdi. Gürcüstan, Abxaziya və Cənubi Osetiya tərəfləri arasında mübadilə İnquri çayının üstündəki körpüdə baş tutdu və bu, tərəflərin “vacib humanist akt və “praqmatik əməkdaşlığın’ nəticəsi adlandırdıqları üçtərəfli razılaşmalar çərçivəsində mümkün oldu.
• Dörd dəyişdirilən Cənubi Osetiya məhbusu Gürcüstanda 1 fevral 2005-ci ildə Qori şəhərində törədilən terror aktında iştirakda ittiham olunaraq, ömürlük həbs cəzasına məhkum edildi, həmin terror aktının nəticəsində üç gürcü polisi ölüb və iyirmidən çox adam yaralanıb. 13 dəyişdirilən gürcü Abxaziya və Cənubi Osetiyada sərhədi qanunsuz keçdiklərinə görə həbs edildi.
• “Qarşılıqlı anlaşma və məhbusların azad edilməsi gələcək iş üçün yaxşı perspektivlər açır, – Aİ, ATƏT və BMT elçilərinin birgə bəyanatında deyilir. http://www.osce.org/cio/226871
Məqalədə qeyd olunan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə də bilər.
Dərc edilib: 22.03.2016