Axalkalakidə yatdı, Borjomidə oyandı
Gürcüstanda payızda keçiriləcək parlament seçkiləri ərəfəsində Cavaxeti sakinləri “Gürcüstanın Seçki Məcəlləsinə ediləcək dəyişikliklərə etiraz edirlər. Onlar yeni qanunu milli azlıqların hüquqlarının pozuntusu kimi qəbul edirlər.
Seçki dairələrinin sərhədlərinə şamil edilən düzəlişlərə əsasən, Axalkalaki və Ninotsminda bələdiyyələri bir seçki majoritar dairədə birləşir, əvvəllər Axalkalaki bələdiyyəsinə aid edilən 17 kənd isə Borjomi seçki dairəsinə birləşdiriləcək. Yəni bu gün Cavaxetini parlamentdə iki deputat təmsil edirsə, gələcəkdə əsasən erməni əhalisinin məskunlaşdığı regiondan ancaq bir deputat olacaq.
Azavret qarşıda gələn parlament seçkilərində Borjomi seçki dairəsi ilə birləşdirilən 17 kənddən biridir.
Bu kəndin əksər kişiləri ailələrini dolandırmaq məqsədi ilə müntəzəm olaraq mövsümi iş dalınca Rusiyaya gedirlər.
Buradakı insanlar Tbilisinin informasiya məkanından demək olar ki, təcrid olunmuş vəziyyətdə yaşayırlar. Gürcü dilini az adam bilir, məlumatı əsasən Rusiya kanallarından alırlar. Bir çoxları isə ümumiyyətlə payızda Gürcüstanda parlament seçkilərinin keçiriləcəyindən xəbərsizdilər, hətta ölkənin indiki baş nazirinin adını belə bilmirlər.
Bununla belə, kəndlərinin Borjomi bələdiyyəsinə birləşdirilməsi ilə bağlı xəbəri ehtiyatla qarşıladılar.
Gənclər kəndin mərkəzinə toplaşdı. Əsas müzakirə mövzusu Azavretin Borjomiyə birləşdirilməsi məsələsidir.
“Biz bu qanuna qarşıyıq, – Yeqişe Ayvazyan deyir, – niyə parlamentdə bizim ancaq bir erməni əsilli deputatımız olmalıdır? – o sual edir və dərhal da əlavə edir – burada ilk və ən başlıca məsələ yenə də dili bilməməkdir. Biz gürcü dilini bilmirik, deputatla ünsiyyətimiz necə olacaq?
“Allah eləməmiş, problemlərimiz çıxanda, heç kimə müraciət edəcəyimizi də bilməyəcəyik. Axalkalakiyə üz tutacağıq, deyəcəklər ki, kimi seçmisiz ona da müraciət edin, Borjomiyə getmək də pul, vaxt istəyir, – Yura Çaxalyan əlavə edir.
Onların nə vaxtsa Gürcüstan parlamentindəki indiki nümayəndələri ilə danışıb-danışmamaqları ilə bağlı suala mənfi cavab verirlər.
“Deputatları biz seçkilərdən seçkilərə görürük. Sonra da onlar yoxa çıxır. Amma məsələ təkcə bunda deyil. Niyə bu qanunu qəbul edərkən, bizim fikrimizi soruşan olmadı? Bu, ilk növbədə, sayğısızlıqdır, bizdən heç kim heç vaxt heç nə soruşmur. Biz “yox deyirik, amma onlar yenə də öz kürsülərində oturub, nə istəyirlər, onu da edirlər, – Yeqişə Ayvazyan deyir.
Dili bilməmək və yolun uzunluğu ilə bağlı narahatçılıq burada yeni qanuna qarşı irəli sürülən əsas arqumentlərdir.
“Biz Axalkalakidən ayrılmaq istəmirik. Birincisi, Borjomi uzaqdır, biz ora qədər 150-200 kilometr getməliyik ki, işlə bağlı rayon mərkəzinə gedib çıxa bilək. Bundan əlavə, özümüzlə erməni dilini bilər gürcünü götürməliyik ki, o bizə tərcümə eləsin, çünki biz gürcü dilini bilmirik. Burada rayon mərkəzində biz erməni dilində fikrimizi bildirə bilirik, Borjomidə isə bizi heç kim anlamayacaq, – hamı kimi Rusiyaya mövsümi işlərlə bağlı gedən və ancaq qışda evinə qayıdan Yura Çaxalyan deyir. Yura vaxtının çox hissəsini Rusiyada yaşasa da, vətənində baş verən hadisələri də izləyir.
Fevralda Borjomiyə birləşdiriləcək kəndlərin cavanları yeni qanuna qarşı öz etirazlarını bildirmək üçün Axalkalaki bələdiyyəsinin inzibati binasının qarşısında toplaşdılar.
Aksiyada bildirildi ki, tələbləri nəzərə alınmasa, onlar qarşıda gələn parlament seçkilərində iştirakdan imtina edəcəklər.
Aksiya iştirakçıları ilə Axalkalaki bələdiyyəsinin majoritar deputatı, müxalif “Milli Hərəkat partiyasının nümayəndəsi Samvel Petrosyan görüşdü. O hesab edir ki, edilən dəyişikliklər demokratikdir, amma bu zaman milli azlıqların hüquqları nəzərə alınmayıb.
“Demokratik prinsiplərdən çıxış etsək, yeni dəyişikliklər ədalətlidir, amma bəzi şeylər nəzərə alınmayıb və ya iqnor edilib. Venesiya komissiyasının tövsiyələrinə əsasən, milli azlıqların məskunlaşdığı ərazilərdə seçki dairələri olduğu sərhədlərdə qalmalıdır ki, milli azlıqların hüquqları pozulmasın, – Petrosyan deyir.
Seçki Məcəlləsinə edilən dəyişikliklər ancaq Cavaxetiyaya şamil edilmədi. Yeni qanuna əsasən, seçki dairələrinin sərhədləri bütün Gürcüstan boyu dəyişir.
Hakimiyyətin bildirdiyinə görə, dəyişikliklər müxtəlif dairələrdə seçicilərin bərabər olmayan sayı ilə şərtlənir – misal üçün, əgər bir dairədə bir deputatı 50 min nəfər seçirsə, o birisində 5 min seçir.
Yeni kvotaya əsasən, hər bir dairədə ən azı 47 500 seçici olmalıdır. Məhz bu səbəbdən də seçki dairələrinin sərhədləri dəyişdirildi.
Amma bu arqument Cavaxetidə keçərli deyil. Onlar bildirir ki, hər şeydən başqa, yeni qayda onlara xeyli məişət problemləri də yaradacaq.
Yerli hakimiyyət nümayəndələri də öz narazılıqlarını bildirir. Axalkalakı rayon məclisinin deputatları ancaq yeni qanun qüvvəyə minəndən sonra, ondan xəbər tutdular.
Axalkalakı rayon məclisinin (Sakrebulo) deputatı Merujan Marabyanın fikrincə, “Seçki Məcəlləsi nə edilən dəyişikliklər “Cavaxeti üçün böyük təhdiddir. “Bu yaxınlarda mən bir çox kənddə oldum. İnsanlar narahatlıqla – doğrudanmı bizi başqalarına birləşdirirlər – deyə xəbər alırlar, – Marabyan bildirir.
“Soruşmadan və əvvəlcədən xəbərdarlıq etmədən 17 kəndi götürüb, başqa bələdiyyəyə birləşdirmək və iki böyük rayonu bir deputatın çiyinlərinə yükləmək nəyə lazımdır? Xalq majoritar dairə anlayışını bilmir, o sadəcə onu bilir ki, kəndi ayırıb, aparırlar, – Kulikami kəndindən olan deputat Sarqis Uzunyan deyir.
Axalkalaki bələdiyyəsinin yerli hakimiyyət orqanlarının nümayəndələri artıq mərkəzi hakimiyyətə qanunun yenidən baxılması ilə bağlı xüsusi bəyanatla müraciət ediblər.
Gürcüstan parlamenti, baş nazir və prezidentə ünvanlanan məktubda deyilir ki, milli azlıqların məskunlaşdığı ərazidə seçkilər köhnə ölçülərlə aparılmalıdır ki, hər bir bələdiyyənin ayrıca majoritar deputat seçmək imkanı olsun.
Parlamentdəki çoxluğun nümayəndəsi, hakim “Gürcü arzusu koalisiyasından olan deputat Giorgi Volski hesab edir ki, Cavaxeti əhalisinin narahatlığı üçün heç bir əsas yoxdur.
“Gürcüstanın heç bir regionu parlamentdə nümayəndəsiz qalmayacaq, – o əmin edir, – Bu, Axalkalaki və Ninotsmindaya da aiddir. Onların ümumi majoritaisi Axalkalakidən olsa, Ninotsmindanın nümayəndəsini biz mütləq proporsional siyahıya daxil edəcəyik ki, o da parlamentdə olsun, – deyə Volski bildirir.