Qarabağ–2015
2015-ci il Qarabağ münaqişəsi tərəflərini sülh sazişini yenidən iri hərbi toqquşmalar başlatmadan imzalamaq imkanından uzaqlaşdırdı. Azərbaycanla Ermənistan arasında, ABŞ, Rusiya və Fransanın təmsil olunduğu, ATƏT-in Minsk qrupu simasında çıxış edən vasitəçilər digər problemlərin həlli ilə məşğul olmaqdadılar. Ukraynadakı krizis, eləcə də Yaxın Şərqdəki beynəlxalq terrorizm və Avropaya miqrant axını Vaşinqton, Moskva və Parisin “donmuş adlandırmağı tərcih etdiyi Cənubi Qafqaz konfliktini kölgədə qoydu.
Cəbhə xətti atəş içində
Azərbaycan və Ermənistan 1994-cü ildə atəşkəs razılığı imzaladılar. Ona qədər iki ölkə arasında minlərlə insan həyatını aparmış və yüz minlərlə insanı qaçqın və köçkün salmış iri miqyaslı müharibə gedirdi.
Uzun illər atəşkəs rejimi münaqişə tərəfləri tərəfindən kifayət qədər atəşkəs sazişinə uyğun şəkildə yerinə yetirilirdi. Lakin son illər Azərbaycan və Ermənistan “donmuş münaqişə tərifinə skeptik yanaşırlar. Hər iki tərəfdən hər il onlarla hərbçi həlak olur; dinc əhali arasında da münaqişə qurbanları var.
Artıq neçə ildir ki, iri miqyaslı hərbi toqquşmalar yay-payız dövrünə təsadüf edir. Son iki ildə tərəflər xüsusi aktivlik göstərirlər. 2014-cü ilin Avqustunda Azərbaycan və Ermənistan müharibəni yenidən başlatmaq astanasında idilər. Lakin Bakı və Yerevan təmkin nümayiş etdirdilər.
Münaqişənin hərbi və ya sülh yolu ilə həlli yalnız münaqişə tərəflərinin özündən asılı deyil. Cənubi Qafqaz, onlarla razılıq əldə edilmədən hər hansı bir həlledici addımın atılmasına imkan verməyərək Bakı və Yerevanın əlini bağlayan, dünyanın və regionun güclü dövlətlərinin maraqlarının toqquşduğu məkandır.
İldən ilə Azərbaycan ordunun saxlanması üçün vəsaiti artırır. Qaz və neftlə zəngin olan Azərbaycanın hərbi büdcəsi artıq uzun illərdir ki, Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Bakı, Ermənistandan Dağlıq Qarabağ və ətrafyani ərazilərdən ordunun çıxarılmasını tələb edərək, münaqişəni hərbi yolla həll etmək hüququnu bəyan edir.
Ermənistan bir sıra keçmiş SSSİ-i dövlətləri tərəfindən yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. KTMT tamamilə Rusiya tərəfindən idarə olunur. Məhz buna görə də həm Yerevanda, həm Moskvada atmacalar atılır ki, əgər Bakı öz hərbi potensialını istifadə etməyi qərara alarsa, KTMT faktorunu mütləq nəzərə almalıdır. Bundan əlavə, Ermənistanda, nəinki Azərbaycanın, eləcə də regionun digər ölkələrinin nəzər yetirmələri gərəkən amil, Rusiyanın hərbi bazası yerləşdirilib.
Cəbhə xəttində atəşkəs haqqında sazişin imzalanmasından etibarən, tərəflər ilk dəfə olaraq 2015-ci ildə iri kalibrli silahın istifadəsinə başlamışlar. Buna görə də hər iki tərəfdən qurbanların sayı artmışdı. Məsələ gerçək müharibəyə gətirib çıxartmasa da, tərəflər sülh danışıqları masası arxasına daha az keçməyə başladı.
Cəbhə xəttində aktivliyin artmasında müəyyən rolu şəxsi amil də oynadı. 2013-cü ilin Oktyabrında təyin olunmuş Azərbaycanın yeni Müdafiə Naziri Zakir Həsənov “kabinet generalı olmadı.
Ondan öncə olan nazirdən fərqli olaraq, o, cəbhə xəttində fəaliyyət göstərməyi və ya hərbi təlimlər keçirməyi tərcih etdiyi üçün, Bakıda nadir hallarda olur. Zakir Həsənovun ritorikası kifayət qədər sərtdir, və onun rəhbərliyi altında Azərbaycan ordusu daha aqressivdir.
Əbədi Minsk Qrupu
Beynəlxalq vasitəçilər Qarabağ münaqişəsilə 1992-ci ildə, tərəflər arasında iri miqyaslı müharibə gedərkən, yaxından məşğul olmağa başladı. 90-cı illərin ortalarında, ABŞ-ın, Rusiyanın və Fransanın həmsədri olduğu, ATƏT-in Misnk qrupu yaradıldı.
Vaxtaşırı vasitəçilər birlikdə və ya ayrı-ayrılıqda münaqişənin sülh yolu ilə həlli təklifləri ilə çıxış edirlər. Onlar tərəflərin sülh bağlamasına məcbur edilməsini istisna edirlər. Vaşinqton, Moskva və Paris bəyan edirlər ki, münaqişənin həlli tərəflərin iradəsindən asılıdır. Həm Bakıda, həm Yerevanda bir çoxları vasitəçilərin bu mövqeyini ikiüzlü adlandırır.
Ermənistan Rusiyanın yaratdığı və idarə etdiyi bütün siyasi-iqtisadi qurumlara üzvdür. Erməni hakimiyyətinin Moskva yönümlü xarici siyasət vektoru şübhə doğurmur. Rusiya kapitalı Ermənistanda əksər sahələrə möhkəm nəzarət edir. Buna görə də Bakıda hesab edirlər ki, qərarların qəbulunda Ermənistan müstəqil deyil.
Müstəqillik əldə etdiyi gündən Azərbaycan Qərb yönümlü inkişafı tərcih edib. Ölkə Avropaya inteqrasiyanı özü üçün prioritet müəyyən etmişdir. Rusiyanın təzyiqinə baxmayaraq, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında əsas oyunçularından birinə çevrilmişdir. Xəzər neftinin iri həcmini dünya bazarına çıxardan Bakı-Tiflis-Ceyhan boru kəməri inşa edilmişdir. Hal-hazırda Cənubi Avropaya açılan, bununla da Moskvanın böyük qısqanclığını doğuran, qaz kəmərinin tikinti işləri gedir.
Lakin son illər Azərbaycan, iqtisadi məsələlərdə Qərblə əməkdaşlığını davam etdirərək, siyasətdə Rusiya ilə daha çox yaxınlaşmağa başlayıb. Rusiya ilə Gürcüstan arasındakı 2008-ci ilin Avqust ayında baş verən müharibədən, eləcə də Ukrayna krizisindən sonra, Bakıda prioritetlərə yenidən baxılmağa başlandı. Qərb Rusiyanın Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstandan qoparmasına mane ola bilmədi. Bundan əlavə Krım və Şərqi Ukraynanın bir sıra regionlarının da problemini hələ ki həll etmək mümkün deyil. Moskva keçmiş SSSR-i məkanında son dərəcə aqressivdir, və bütün keçmiş sovet ölkələri bu amili nəzərə almaq məcburiyyətindədir.
Azərbaycan hakimiyyəti “Qərbin Böyük Yaxın Şərqin bir sıra ölkələrində baş vermiş inqilablara oxşar feysbuk inqilabları təşkil etmək planlarını aşkar etdikdən sonra, Bakı beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı bitirməyə başladı. Qərb tərəfdarları hökümət Media strukturları və siyasi xadimləri tərəfindən “beşinci kolon adlandırılmağa başladı; Qərb institutları ilə əməkdaşlıq edən bir sıra ictimai xadimlər təqibə məruz qaldı.
Xarici siyasətdəki bu dəyişikliklər Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda da öz əksini tapdı. Əvvəl Ermənistan Moskvanın qərarına arxalanırdısa, indi artıq Bakıda da Kremlin siyasətçilərinə daha diqqətlə qulaq asmağa başlayıblar.
ATƏT-in Misnk qrupuyla bağlı tənqidlər həm Bakı, həm Yerevanda artmaqdadır. Onun fəaliyyəti qeyri-effektiv hesab edilir. Eləcə də digər vasitəçilik formatı axtarışının zəruriliyi haqda bəyanatlar səslənir. Lakin hamı başa düşür ki, hətta yeni format ABŞ, Fransa və Rusiyanın iştirakı olmadan mümkün olmayacaq, buna görə də Minsk qrupuna qaçılmaz bir şey kimi dözürlər.
Ümid yoxluğu
2016-cı il Cənubi Qafqaza sülh gətirəcəkmi? Bakıda ekspertlərin əksəriyyəti buna böyük şübhə ilə yanaşır.
Ukrayna və Yaxın Şərqdəki problemlərə başı qarışan əsas dünya oyunçuları, tərəflərin vəziyyətdən istifadə edib, münaqişənin müharibə yoluyla həll edilməsi ehtimalı olmayan, Cənubi Qafqazdakı “donmuş konfliktə diqqət ayırmırlar. Qarabağ münaqişəsi çoxdandır ikinci, bəlkə də elə sonuncu, plana çəkilib.
Dünya bu dəqiqə kiçik ərazisi olan Azərbaycan və Ermənistanla bağlı olan problemlərin hayında deyil. Hələ ki, Rusiya və Qərb Bakı və Yerevanla, bu ölkələrin öz münaqişəsini deyil, dünya güclərinin toqquşduğu Ukrayna, Suriya və digər ölkə və regionlarla bağlı yanaşmada, Azərbaycan və Ermənistanın kimin tərəfində olmasını müzakirə etməyə daha çox üstünlük verirlər.