Ermənistan necə parlament respublikası oldu
Ermənistan MSK-nın məlumatına görə, dekabrın 6-da keçirilən konstitusiya referendumunda ölkə seçicilərinin yarıdan çoxu iştirak edib (50,51%), əsas qanuna dəyişikliklərin edilməsinin “lehinə 63,35% səs verib. Bu o deməkdir ki, Ermənistan yarı-prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçdi.
JAMnews artıq xəbər verib ki, jurnalistlər referendum zamanı bir çox pozuntular qeydə alıblar və Ermənistan KİV-i səsvermənin gedişatı zamanı bu haqda xəbər verib. Sonradan səsvermənin gedişatı haqqında həm yerli, həm də dəvət olunmuş müşahidəçilər fikir bildirdilər.
Əvvəl yaxşı tərəfi haqqında
“Parlament üsul-idarəsinə keçidi nəzərdə tutan konstitusion dəyişikliklərlə bağlı referendum azad və
açıq formada keçib, missiya nümayəndələri heç bir pozuntu qeydə almayıblar. Bu, MDB Missiyasının başçısı Yevgeni Slobodanın bəyanatıdır.
Onun sözlərinə görə, “səsvermə Ermənistan Seçki Məcəlləsinə uyğun aparılıb. Hər şey qanun çərçivəsində, sakit keçib. Missiyanın fikrincə, referendum azad və açıq mühitdə keçib, dövlət hakimiyyəti orqanları vətəndaşlara öz istəklərini açıq bildirmək imkanı veriblər.
MDB Missiyasının fikri digər müşahidə missiyalarının fikirləri ilə qəti şəkildə üst-üstə düşmür.
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi hesab edir ki, MSK-nin məlumatlarının reallıqla heç bir əlaqəsi yoxdur. Onun rəhbəri Artur Sakuns bildirib ki, dekabrın 6-da Ermənistanda bütün pozuntu növləri qeydə alınıb, o cümlədən, bülletenlərin atılması, müşahidəçi və jurnalistlərə misli görünməmiş təzyiq, başqa seçicilərin əvəzinə səs vermə, vətəndaşların bir məntəqədən o birisinə səs vermək üçün aparılması, seçki məntəqələri üzvlərinin pulla alınması.
“Məlumatlı Vətəndaş İttifaqı səsvermənin gedişatında qeyd alınan pozuntularla bağlı öz siyahısını təqdim etdi: seçici rüşvətlərinin paylanması, səsvermə sirrinin pozulması, müşahidəçinin işinə maneə törədilməsi, başqa vətəndaşların əvəzinə səsvermə və hətta əl qaldırmaq. “Məlumatlı Vətəndaşlar İttifaqının proqram əlaqələndiricisi Daniel İonnisyanın fikrincə, pozuntular kütləvi şəkildə olub və referendumun nəticələrinə təsir edə bilərdi.
Demokratik Seçkilər üzrə Avropa Platformasının (EPDE) nümayəndələri bildiriblər ki, müşahidəçilərə qarşı referendum zamanı bütün gün ərzində fiziki zorakılıq tətbiq olunub, bundan başqa bülletenlərin atılması və jurnalistlərə təzyiq qeydə alınıb.
Demokratik Seçkilər üzrə Avropa Platformasının nümayəndəsi Lene Veteland bildirir: “Referendumun saxtalaşdırılmış nəticələri erməni xalqının azad iradəsini əks etdirmir və legitim sayıla bilməz.
Mətbuatda şərhlər
“168 jam (168 saat) qəzeti: “Bazar günü keçirilən referendumun nəticələrinə görə, konstitusiyaya dəyişikliklər edilməsi layihəsi “sarsıdıcı şəkildə qələbə çaldı və 63 faizdən çox “lehinə səs aldı. Əleyhinə ancaq 32,3 faiz səs verdi. Qələbə həm hərfi, həm də məcazi mənada “sarsıdıcı oldu, çünki bazar günü hakimiyyət ədalətli seçkilərin aparılmasıyla bağlı vədlərini və sadəlövh gözləntiləri dağıtdı və bütün əvvəlki seçkilərdən daha təkmilləşmiş seçki pozuntuları metodlarından istifadə etdi.
“Aravot qəzeti (Aram Abramyan): “Və insanlar 1995-ci ildən başlayaraq, növbəti referendum və seçkilərdən sonra özlərini təhqir olunmuş hiss edirlər. Təxmin edirəm ki, tək maddi problemlər deyil, həm də bu, insanların ölkəni tərk etməsinə səbəb olur. Düzdür, Rusiya və başqa ölkələrdə də onları təhqir edə bilərlər, amma aydındır ki, öz ölkəndə bu daha ağrılıdır. İnsanlar ilk növbədə öz hökumətlərindən inciyirlər və bu təbiidir. İnsanların hansısa mənada proqramları əksər vaxtlarda dumanlı olan müxalifətdən də inciməsi anlaşılandır.