Ermənistanın XİN rəhbəri: “Azərbaycan yenə də Dağlıq Qarabağ məsələsində Ermənistana birtərəfli güzəşt sırımaq istəyib”
Ermənistanın xarici işlər naziri “Sky News Arabia” telekanalına müsahibəsində Ermənistan və Azərbaycan sərhədində yaşanan sonuncu hərbi gərginliyin səbəbləri haqda danışıb. Zohrab Mnakatsanyanın fikrincə, Azərbaycan Ermənistanla sərhəddə hərbi əməliyyatlara başlayıb ki, Dağlıq Qarabağ məsələsində birtərəfli güzəştləri sırıya bilsin.
İyulun 12-dən Ermənistan-Azərbaycan sərhədində artilleriya və pilotsuz uçuş aparatlarından istifadə etməklə fəal döyüş əməliyyatları başlayıb. İki ölkə arasındakı sərhəddə baş verən bu eskalasiya 1990-cı illərdə, Qarabağ müharibəsi baylayandan bəri ən ciddi hesab edilir. Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində ən son gərginləşmə 2016-cı ildə Qarabağda yaşanıb. Bu eskalasiya “dördgünlük müharibə” adını alıb.
Ermənistan və Azərbaycan sərhədində iyulun 12-dən 16-a qədər davam edən hərbi əməliyyatlar zamanı azı 17 nəfər həlak olub. Azərbaycan tərəfdən 13 nəfərin, Ermənistan tərəfdən isə dörd nəfərin öldüyü haqda məlumat verilib.
Yanız iyulun 17-də nisbi sakitlik bərpa olunub və hələ də qorunur.
MİD rəhbəri həmçinin Rusiyanın kompromis yolların axtarışındakı rolu və Türkiyənin stabilliyi pozan mövqeyi haqda da fikirlərini ifadə edib.
● Şərh: Ermənistan və Azərbaycan sərhədində gərginliyi kim təhrik edib? Bu, Rusiya ola bilərmi?
● Azərbaycan və Ermənistan sərhədində qarşılıqlı atışmanın dördüncü günü vəziyyət sakitləşib
Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatların səbəbləri haqda
“Səbəblər çoxdur, amma düşünürəm ki, əsas səbəb iyulun 12-də Ermənistana qarşı hücum həyata keçirməklə Azərbaycan yenidən Dağlıq Qarabağ məsələsində Ermənistana birtərəfli güzəşt sırımaq istəyib. Mən düşünürəm ki, biz artıq neçənci dəfədir Dağlıq Qarabağ münaqişəsinin yalnız bir həll yolunun olduğunu nümayiş etdirdik, bu yol bütün cəlb olunmuş tərəflər – Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan arasında möhkəm kompromisə əsaslanmalıdır”, – Zohrab Mnakatsanyan bildirib.
Onun sözlərinə görə, danışıqlarda irəliləyişə nail olmaq yolunda yeganə maneə Azərbaycanın nizamlama məsələsinə yanaşdığı maksimalizm, üstünlük əldə etmək cəhdidir:
“Düşünürəm ki, növbəti dəfə ən aydın şəkildə nümayiş olundu ki, bu münaqişənin hərbi həlli yoxdur, münaqişəni yalnız sülh yolu ilə həll etmək mümkündür. Mən düşünürəm ki, Ermənistanın müdafiəyə qadir olması yenə də əyani şəkildə nümayiş olundu. Biz yenə də yalnız sülh yolu ilə nizamlama tərəfdarıyıq və hərbi həll yolunu qəti və güzəştsiz formada rədd edəcəyik”.
Nazirin fikrincə, Ermənistanın Tavuş vilayətindəki mövqelərinə zərbə endirməklə Azərbaycan istəyinə nail olmadı:
“Bəlkə onlar düşünürdülər ki, Ermənistanın bu rayondakı müdafiə imkanları zəifdir və onlar həmin hissədən Ermənistan ərazisinə daxil ola biləcəklər. Amma onlar Ermənistan SQ-nin gücünün şahidi oldular, vəzillətin stabilliyini pozmaq, bu münaqişənin coğrafiyasını Dağlıq Qarabağ hüdudlarından kənara doğru genişləndirmək, Ermənistanla genişmiqyaslı müharibə aparmaq cəhdi baş tutmadı”.
Türkiyənin mövqeyi haqda
Zohrab Mnakatsanyan hərbi toqquşmalar baş verən günlərdə Ermənistanın münaqişəni qızışdırmaqda günahlandıran və Azərbaycanı hər cür dəstəkləyəcəyini bəyan edən Türkiyənin mövqeyini şərh edib:
“Deyə bilmərəm ki, yalnız bizin regionda yox, bütün digər qonşu regionlarda da stabilliyi pozan amil olan Türkiyənin mövqeyi bizi təəccübləndirdi. Biz Türkiyə qüvvələrinin Şərqi Aralıq dənizi, Şimali Afrika və Yaxın Şərq də daxil olmaqla digər regionlarda müdaxiləsinin şahidi olmuşuq. Türkiyənin neoosmanlı siyasətini bizim regionda da davam etdirmək cəhdləri həyata keçirilir. Bu, özündə ötən əsrin əvvəlində yaşanan erməni soyqırımının acı xatirəsini özündə daşıyan cinayətkar missiyadır”.
Bununla belə, nazirin elan etdiyi kimi Azərbaycanın Ermənistanla dostluğu Ermənistanı narahat etmir, çünki onun öz müdafiə imkanları var. Mnakatsanyan Rusiyanın liderliyi altında fəaliyyət göstərən hərbi blok, yəni Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını və NATO ilə tərəfdaş münasibətləri haqda danışıb:
“Ermənistan stabilliyə can atan və istənilən hərbi həlli, regionda siyasət aparmanın istənilən hərbi üsulunu inkar edən ölkədir. Biz bu cür siyasəti diplomatik cəbhədə də, siyasi münasibətlərdə də qətiyyyətlə rədd edəcəyik. Amma biz eyni zamanda əlbəttə ki, müdafiəyə hazır olacağıq. Hərçənd hərbi yolla qeyri-stabilliyin genişlənməsi və hərbi həll yollarının axtarışı bütün region üçün fəlakətli nəticələr verəcək. Bu, bir daha Türkiyənin həddən artıq qeyri-konstruktiv və təhlükəli siyasətini nümayiş etdirəcək”.
Rusiyanın yolu haqda
Müsahibəsi zamanı xarici siyasət qurumunun rəhbəri bir neçə dəfə vurğulayıb ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması ən ali prioritetdir:
“Proses beynəlxalq səviyyədə qəbul olunmuş Fransa, ABŞ və Rusiyanın daxil olduğu ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində gedir”.
Rusiyanın roluna gəlincə, XİN rəhbəri vurğulayıb ki, Rusiya kifayət qədər ehtiyatla və çox konstruktiv işləyir ki, bütün maraqlı tərəflər üçün məqbul olan, kompromisə əsaslanan həll yolu tapılsın:
“Biz bu siyasəti alqışlayırıq və sırf sülh yolu ilə həll yolunun tapılması üçün ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri – Fransa və ABŞ kimi Rusiya ilə də işləməyə davamm edəcəyik. Müharibə alternativ deyil. Bu, bütün region üçün fəlakətdir. Biz bütünlüklə və qəti şəkildə istənilən hərbi həll yolunu, regionumuzda istənilən hərbi əməliyyatları rədd edirik. Bizim siyasətimiz belədir”.