Azərbaycanda jurnalistlərə əslində niyə ev paylandığı haqda
İyulun 22-də Azərbaycanda Milli Mətbuatın yaradılmasının 145 illiyidir. Prezident İlham Əliyev 145 ilik yubileyin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sənəddə həm də qeyd olunur ki,
“Jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.
Hər il bir qrup media işçisi “əməkdar jurnalist” fəxri adı ilə, başqa bir qrup isə “Tərəqqi” medalı ilə təltif olunur.
Bu il həm də 255 jurnalistə mənzillər hədiyyə olunacaq. İlk dəfə 2013-cü ildə 156 jurnalistə ev hədiyyə olundu, ikinc dəfə 2017-ci ildə mənzil sayı 255 nəfəri əhatə etdi.
Mənzil məsələsi gündəmə gələndə, Azərbaycan mətbuatı iki hissəyə ayrılır- bir tərəf dövlətin jurnalistə mənzil hədiyyə etməsini qəbul etmir, digər tərəf isə bunu normal proses kimi qiymətləndirir və pulsuz mənzillərə iddialarını açıq şəkildə biruzə verir.
Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ayna-Zerkalo internet saytlarının baş redaktoru Elçin Şıxlı ilə bu barədə danışdıq.
Üçüncü dəfədir ki, Cənubi Qafqazda bir ilk yaşanacaq, jurnalistlərə pulsuz mənzillər veriləcək. İlk iki hədiyyə prosesindən sonra Azərbaycan mediasının durumu necədir ki, üçüncü dəfə biz bu hala şahidlik edəcəyik?
– Keyfiyyət baxımından heç nə baş vermədi, heç nə düzəlmədi, necə var idi, elə də qaldı. Mən əvvəldən jurnalistlərə mənzillərin verilməsinin əleyhinə olmuşam. Prezident sərəncamında jurnalistlərə mənzil bağışlanması ilə bağlı bir kəlmə də yoxdur. O vaxt bu işlə məşğul olan adamlar bunu ev tikilməsi kimi dəyərləndirilər. (Əli Həsənov, Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi, 2019-cu ildə vəzifəsindən azad olunub və rəhbərlik etdiyi şöbə ləğv edilib və Kütləri İnformasiya Vasitələrinə Dövlət dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlini nəzərdə tutur. O, 2020-ci ildə vəzifəsindən azad olunub-JamNews). Üçüncü bina artıq tikilib. Bu prosesi bitirmək lazımdır, mənzilləri paylamaq lazımdır.
İlk iki binada mənzillərin paylanması müsbət tendensiya ilə müşayiət olunmadı. Üçüncüdə niyə israr etdilər?
Şıxlinski hesab edir ki, bina tikintisi konkret olaraq Əli Həsənov və Vüqar Səfərli üçün büdcə pullarının yeyilməsi üçün bəhanə idi.
Peşəkarlıq olmasa da, məqsəd doğrudanmı jurnalistlərin həyat və şəraitini yaxşılaşdırmaqdır?
– Məndən o kəlməni almaq istəyirsinizsə, birbaşa soruşun. Məqsəd jurnalistləri ələ almaqdır. Sonradan deyirdilər ki, biz sizin üçün bu işləri görmüşük (mənzillərin paylanmasını nəzərdə tutur-red.), səsiniz niyə çıxmır. Bilirik ki, bizim jurnalistlərin əksəriyyətinin mənzil şəraitləri yaxşı deyil. Bu məsələni başqa yollarla həll etmək olar. Mən dəfələrlə təklif etmişəm ki, jurnalistlər üçün şərait yaradılmalıdır ki, o, özünə mənzil ala bilsin. İpoteka kreditləri aşağı fazilə olsun, şərtlər çətin olmasın.
AJB sədri xatırladır ki, 10-15 il əvvəl bir qrup jurnalist kooperativ yaradıb, Bakı şəhər İcra Hakimiyyətindən tikinti üçün torpaq sahəsi istədilər. Amma bu aksiyanın nəticəsi müsbət olmadı.
KİV DF-nin rəhbərliyində dəyişiklik oldu, bundan sonra fondun fəaliyyətini necə proqnozlaşdırırsınız?
– Təyin olunmuş yeni adam və onun komandası baş redaktor və jurnalistlərlə toplantı keçirə bilərdi, təkliflərimizi dinləyə bilərdi və yaxud öz təkliflərini səsləndirə bilərdi. Mənim nəzərimdə belə olmalı idi.
Baş redaktorlar özləri təkliflər paketi ilə çıxış edə bilərmi?
– Mən təklif vermək fikirində deyiləm. Vaxtilə Mehman Əliyevlə (Turan İA-nın rəhbəri) KİV-ə dəstək Fondu ideyasını verdik və nəticədə nə oldu özümüş şahidiyik. Mən peşiman olmuşam.
Elçin Şıxlı deyir ki, mənzil hədiyyəsini qəbul etsə, “korlanar”.
“Bir addımı atmazdan əvvəl deyərdim ki, ayıbdır, mənə yaxşılıq ediblər”.
Perspektivdə dördüncü binanı görürsünüzmü?
– Yox. Dördüncü bina olmayacaq. Qəti əminəm ki, bu, “son şans”dır. Hazırda mənzillərin paylanması ilə məşğul olacaq adamlar çox çətin vəziyyətdədir.
Jurnalistlər Birliyinin sədri hesab edir ki, yeni komandanın bu işdə hansısa marağı yoxdur, çünki mənzil hədiyyəsi məsələsi əvvəlki rəhbərliyin ideyası idi.
“Nə maraq var idi həll olundu, nə oğurlanmışdı, oğurlandı”.